Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tamanlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır.
Marja ticarəti üzrə xidmət göstərmək istəyən investisiya şirkətləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3.7-ci maddəsinə əsasən müvafiq nəzarət orqanının verdiyi lisenziya əsasında fəaliyyət göstərə bilərlər. Marja ticarəti üzrə xidmət göstərmək üçün lisenziyaya malik investisiya şirkətlərinin siyahısı ilə müvafiq nəzarət orqanının rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.
Məlumatlandırma
Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:
1. İnvestisiya şirkəti tərəfindən açılacaq real hesablar və bu hesablarla aparılan bütün marja əməliyyatları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, müvafiq nəzarət orqanının müəyyən etdiyi normativ xarakterli aktlara və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
3. Real hesablarla əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
4. Alqı-satqı əməliyyatlarında sizə təqdim edilən qiymətlər və spredlər ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədə uyğundur.
5. Ticarət əməliyyatlarına başlamadan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya, svop və spred əlavələri) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın qeyd edilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən formada və yazılı məlumatlandırma tələb etmək hüququna maliksiniz.
6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.
7. Marja çağırışının hansı formada (platforma, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.
Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir