ABB-İnvest İnvestisiya Şirkəti QSC (ABB-İnvest) Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası QSC və digər investisiya şirkətlərinin nümayəndələri ilə birlikdə “İnvestisiya Səyahəti” Layihəsi çərçivəsində Şəki şəhərində biznes subyektləri və investorlar ilə keçirilən görüşdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 14 iyun 2024-cü il tarixində keçirilmiş görüşdə ABB-İnvestin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədov çıxış edərək yığımların səmərəli şəkildə real sektorun inkişafına yönəldilməsi üçün kapital bazarının təqdim etdiyi imkanlardan, bu bazarın əsas iştirakçılarının fəaliyyətindən və qiymətli kağızların ənənəvi investisiya aləti olan bank depozitlərindən fərqi və üstünlükləri barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Elçin Məmmədov ölkənin kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində ABB-İnvest tərəfindən pərakəndə investorlar üçün yaradılan yeni imkanlardan bəhs etmiş və ABB mobile tətbiqi üzərindən abunə yazılışı vasitəsi ilə kütləvi təklif edilən ABB səhmlərinin alınması üçün sifarişin yerləşdirilməsi prosesini nümayiş etdirmişdir. Yerli və xarici qiymətli kağızlar bazarına asan çıxışı təmin edən ABB mobile tətbiqi regional investorların bötük marağına səbəb olmuş və bu istiqamətdə aparılan işlərin Azərbaycanda pərakəndə investorların sayının artmasına müsbət tövhə verəcəyi bildirilmişdir.
Daha sonra görüş iştirakçıları Şəki rayonunda yerləşən istehsal müəssisəsinə səfər etmiş, burada istehsal olunan məhsullarla tanış olmuş, müəssisə rəhbərliyinə kapital bazarından səhm və istiqraz buraxılışı vasitəsi ilə maliyyələşmə imkanları barədə məlumat vermişdir.