Kapital, Valyuta Və Əmtəə Bazarlarının Həftəlik İcmalı 4 mart – 8 mart 2024-cü il

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları. 5 mart 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 25 investor iştirak etmiş və tələb təklifi 2,56 dəfə üstələmişdir. İlkin təklif 150 milyon manat olsa da, Maliyyə Nazirliyinin qərarı ilə təklif olunan istiqrazlarının həcmi artırılaraq 225 milyon manata çatdırılmış və kəsmə gəlirlilik 8,00% olaraq müəyyən edilmişdir. Nəticədə 2 illik dövlət istiqrazlarının ortaölçülmüş gəlirliliyi əvvəlki müvafiq hərracın göstəricisi ilə müqayisədə 0,75 faiz bəndi (f.b.) artaraq 7,86% təşkil etmişdir.    Qeyd edək ki, 12 mart 2024-cü il tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərracda investorlara ümumi həcmi 150 milyon manat, faiz (kupon) dərəcəsi 6,5%, tədavül müddəti isə 3 il olan dövlət istqrazları təklif olunacaqdır.




Korporativ qiymətli kağızlar
. 5 mart 2024-cü il tarixində BFB-də “Kredit Evi” ASC-nin nominal dəyəri 20 manat, ümumi  həcmi isə 400 min manat olan adi, adlı səhmləri yerləşdirilmişdir. Abunə yazılışı vasitəsi ilə təşkil olunmuş kütləvi yerləşdirmədə 2 investor iştirak etmiş və səhmlər nominal dəyər ilə satılmışdır. Qeyd edək ki, 11 mart 2024-cü il tarixində “GL” ASC-nin tədavül müddəti 5 il, nominal dəyəri 1 000 manat, illik faiz (kupon) dərəcəsi 12% və ümumi həcmi 500 min manat olan korporativ istiqrazlarının yerləşdirilməsi üzrə bir qiymətli hərrac təşkil olunacaqdır.


ABŞ kapital bazarı


Həftə ərzində 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi əvvəlki həftənin göstəricisi ilə müqayisədə 0,11 faiz bəndi azalaraq 4,09% təşkil etmişdir ki, bu da son 1 ayın ən aşağı göstəricisidir. ABŞ mərkəzi bankının cari faiz dərəcələrinin “normal” səviyyədən yuxarı olması barədə şərhləri və işsizlik üzrə açıqlanmış son statistik göstəricilər investorların ABŞ dövlət istiqrazlarına olan marağını daha da artırmış və gəlirliliyin azalmasınatəkan vermişdir. Qeyd edək ki, ABŞ-da cari ilin fevral ayı üzrə açıqlanmış işsizlik göstəricisi əvvəlki ayın göstəricisi ilə müqayisədə 0,2 faiz bəndi artaraq 3,9% təşkil etmişdir ki, bu da son iki ilin ən yüksək göstəricidir. Ümumilikdə, dünyanın ən iri iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərinin son dinamikası inflyasiya təzyiqlərinin səngiməsinə işarə edərək cari ilin ortalarına qədər bu ölkədə pul siyasətinin yumşaldılması ehtimalının 74%-dən 78%-ə artmasına şərait yaratmışdır.




ABŞ-ın aparıcı fond bazarı indeksi olan S&P 500 həftə içi artaraq yeni rekord səviyyəyə çatmış, lakin həftənin son günü işsizlik üzrə açıqlanmış göstəricilər fonunda geriləyərək həftəni 0,23% azalma ilə yekunlaşmışdır. İndeksə daxil olan 11 sektordan 8-də artım qeydə alınsa da, məişət malları və əhali üçün xidmətlər sektoru (-2,55%) başda olmaqla, 3 sektorda həftəlik geriləmə müşahidə olunmuşdur. Həftə ərzində aparıcı fond bazarı indeksində ən böyük payı olan elektronika sənayesi və İKT (informasiya və kommunikasiya texnologiyaları) 1,62% azalma nümayiş etdirmişdir. Bu sektora daxil olan və bazar dəyəri 2 trilyon ABŞ dollarından çox olan Nvidia (ticarət simvolu: NVDA) və Apple (ticarət simvolu: AAPL) şirkətlərinin səhmlərinin qiymətində həftəlik artım qeydə alınsa da, dünyanın ən iri proqram təminatı istehsalçısı olan Microsoft (ticarət simvolu: MSFT) səhmlərinin və digər daha xırda texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması bu sektorun həftəlik mənfi dinamikasını şərtləndirən əsas faktorlar olmuşdur.







İqtisadi artım sürətinin zəifləməsinə ən az həssas olan və tənəzzül dövrlərində investorların ən çox diqqətini çəkən kommunal xidmətlər və daşınmaz əmlak sektorları həftə ərzində müvafiq olaraq 3,29% və 1,59% artaraq S&P 500 indeksinin ən yaxşı həftəlik dinamika göstərən sektorları olmuşdur. Digər tərəfdən, tənəzzül dövrlərində istehlakçı büdcələrində ən çox ixtisar edilən mal və xidmətləri istehsal şirkətlərin səhmləri həftə ərzində ən çox dəyər itirən aktivlərdən olmuşdur. Bu şirkətləri özündə cəmləşdirən “məişət malları və əhali üçün xidmətlər” sektoru həftəlik 2,55% geriləmə ilə S&P 500 indeksinin ən qeyri-qənaətbəxş nəticə göstərmiş sektoru olmuşdur.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası

ABŞ dollarının avroya qarşı məzənnəsi (EUR/USD) son üç həftənin trendinə uyğun olaraq artım  nümayiş etdirərək bir avro üçün 1,0950 ABŞ dollarına çatmışdır ki, bu da cari ilin yanvar ayının ortalarından bəri qeydə alınmış ən yüksək hədd olmuşdur. Ən çox ticarət edilən valyuta cütlüyünün məzənnəsi həftə ərzində Avropa Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsinə dair qərarı, ABŞ mərkəzi bankının pul siyasətinə dair şərhləri və ABŞ-da işsizliyə dair açıqlanmış statistik göstəricilərin təsiri altında dəyişmişdir. Belə ki, AMB tərəfindən uçot faiz dərəcəsini rekord hədd sayılan 4,50% səviyyəsində saxlamaq qərarı, ABŞ mərkəzi bankının cari faiz dərəcələrinin “normal” səviyyədən yuxarı olması barədə şərhləri və eyni zamanda bu ölkədə işsizliyin artmasını nümayiş etdirən son göstəricilər ABŞ dollarının avroya qarşı ucuzlaşmasına təkan verən əsas amillər olmuşdur. ABŞ dolları üzrə faiz dərəcələrinin yaxın zamanlarda endirilməsi ehtimalının bu həftə daha da artması investorları bu valyutanı təkcə avro deyil, digər əsas valyutalara qarşı da satışına təsir etmişdir.






USD/JPY məzənnəsinin dinamikası


Dünyanın dördüncü ən böyük iqtisadiyyatının valyutası həftənin əvvəlindən sonuna qədər ABŞ dollarına qarşı möhkəmlənmiş və həftəni bir ABŞ dollarına qarşı 147,05 yen səviyyəsi ilə yekunlaşdırmışdır ki, bu da son 5 həftənin ən aşağı həddi olmuşdur. Yapon valyutasının dəyər qazanması əsasən bu ölkənin mərkəzi bankının yaxın zamanlarda mənfi uçot faiz dərəcəsi siyasətindən imtina etməsi xəbərləri ilə əlaqələndirilmişdir. Qeyd edək ki, Yaponiya mərkəzi bankı inkişaf etmiş ölkələr arasında yeganə mərkəzi bankdır ki, iqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə uçot faiz dərəcəsini sıfırdan aşağı həddə saxlayır. Hazırda bu ölkədə uçot faiz dərəcəsi mənfi 0,10% təşkil edir. Qeyd edək ki, 2016-cı ilin əvvəlindən bəri dəyişməyən mənfi uçot faiz dərəcəsi bu ölkənin valyutasının son illər ərzində kəskin dəyər itirməsinə səbəb olmuşdur. Yapon yeni ABŞ dollarına qarşı son 3 ildə 50%-ə yaxın ucuzlaşmışdır. Yapon yeninin ucuzlaşması fonunda inflyasiyanın da tədricən artması müşahidə edilmişdir. Belə ki, 2021-ci ilin ortalarından bəri bu ölkədə  qiymət artımı mənfi dinamikadan (deflyasiya) müsbət dinamikaya (inflyasiya) keçid almışdır.


ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Həftə ərzində ABŞ-da işsizlik üzrə açıqlanmış qeyri-qənaətbəxş statistika neft qiymətlərinin dinamikasına mənfi təsir etmişdir. Belə ki, həftənin son günü WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti ötən həftənin bağlanış qiyməti ilə müqayisədə 2,51% azalaraq bir barreli üçün 78,01 ABŞ dolları təşkil etmişdir. OPEC+ ölkələri tərəfindən neft hasilatının artıq ikinci ay könüllü şəkildə məhdudlaşdırılmasına baxmayaraq, dünyanın aparıcı iqtisadiyyatının artım sürətlərinin zəifləməsi gözləntiləri neft qiymətlərinin həftəlik dinamikasına təsir edən əsas faktor olmuşdur.


Qızıl və bitkoin qiymətlərinin dinamikası


ABŞ-da pul siyasətinin yaxın zamanlarda yumşaldılması və nəticə etibarı ilə faiz dərəcələrinin enməsi gözləntiləri investorların diqqətini səhmlərlə yanaşı digər riskli aktivlərə, o cümlədən qızıla və bitkoinə yönəltmişdir. Belə ki, əmtəə birjalarında sarı metalın aprel fyuçersinin qiyməti həftə ərzində artaraq bir troy unsiyası (31,1 qram) üçün 2 178,60 ABŞ dollarına çatmışdır ki, bu da qızıl üçün qeydə alınmış ən yüksək qiymət olmuşdur. Bəzi investorlar tərəfindən qızılın “rəqəmsal analoqu” sayılan bitkoin qiyməti də həftə ərzində artaraq rekord səviyyə sayılan 68 300 ABŞ dollarına çatmışdır. Qeyd edək ki, ABŞ-da qiymətli kağızlar bazarı tənzimləyicisi (SEC – Securities Exchange Commission)  cari ilin əvvəlində uzun müddətli müqavimətdən sonra bilavasitə bitkoinə investisiya edən 11 investisiya fondunun qeydiyyatını həyata keçirmiş və həmin fondların paylarının (ETF – exchange traded funds) ticarətə buraxılmasına icazə vermişdir. Bu yeni alət bitkoinə institusional və kriptovalyuta birjalarında ticarətdən ehtiyat edən digər investorların marağını atırmışdır. Belə ki, aktivlərin idarə edilməsi ilə məşğul olan ən iri və ən tanınmış şirkətlərdən biri olan Blackrock tərəfindən yaradılmış bitkoin əsaslı investisiya fondunun (ticarət simvolu: IBIT) aktivləri həftə ərzində artaraq 13,2 milyard ABŞ dollarına çatmışdır. 6 mart 2024-cü il tarixində bu fonda xalis investisiya axını 788 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da fondun yaradıldığı tarixdən bəri ən iri həcmli gündəlik xalis investisiya axını olmuşdur.