KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
7 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 14 investor iştirak etmiş və tələb təklifdən 349% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,7799% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (78%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,6259% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1241 faiz bəndi az olmuşdur. Qeyd edək ki, 14 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 20 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında “FINCA Azerbaijan” MM QBKT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi baş tutmuşdur. Yerləşdirilmə rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 56 investor iştirak etmiş, ortaölçülmüş gəlirlilik 15% təşkil etmiş, istiqrazlar isə tam həcmdə yerləşdirilmişdir.
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “AFB BANK” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 13%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə baş tutacaqdır. Abunə yazılışının başlama tarixi emitent tərəfindən bildiriləcəkdir.
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən BOKT “İdeal Kredit” MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə baş tutacaqdır. Yerləşdirilmənin tarixi emitent tərəfindən bildiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da makroiqtisadi təqvim seyrək olmuşdur. Həftə ərzində diqqət çəkən makroiqtisadi xəbərlər ABŞ mərkəzi bankının son görüşünün protokolunun dərci, habelə, Miçiqan Universiteti tərəfindən keçirilən və ABŞ-da istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, həmçinin, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən ənənəvi sorğunun cari ilin oktyabr ayı üzrə ilkin nəticəsi olmuşdur.
Miçiqan Universitetinin sorğusunun nəticəsi 55 bənd təşkil etmişdir ki, bu da əvvəlki ay üzrə analoji göstəricidən 0,1 bənd az olsa da, proqnoz edilən göstəricini 1 bənd üstələmişdir. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir.
ABŞ mərkəz bankının görüşünün protokoluna əsasən bankın idarə heyətinin üzvləri yaxın dövr üçün pul-kredit siyasətinin yumşaldılmasına əsas olduğunu qeyd etsələr də, ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin hələ də aktual olmasını dilə gətirilmişdilər.
Ötən həftəyə damğa vuran əsas hadisə ABŞ və Çin arasında ticari qarşıdurmanın kəskinləşməsi olmuşdur. Belə ki, Çin hökumətinin nadir torpaq metalları və daimi maqnit texnologiyalarının ixracına tətbiq etdiyi yeni məhdudiyyətlər bazarda qlobal təchizat zəncirlərində ciddi narahatlıqlar yaratmışdır. ABŞ tərəfi, öz növbəsində, Çin hökumətinin bu addımına Çindən ixrac olunan mallarına qarşı əlavə 100% gömrük rüsumlarının qoyulması təhdidi ilə cavab vermişdir. Bu xəbər, ABŞ və Çin arasında ticari müharibəsinin yenidən alovlanması kimi qiymətləndirilmişdir. Qeyd olunan xəbərlər fonunda ABŞ fond bazarı kəskin enişə keçmişdir, ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə azalma müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna 0,08 faiz bəndi azalaraq 4,05% təşkil etmişdir.
Son həftə ərzində ABŞ-ın əsas fond bazarı indeksləri geriləmişdir. Kiçik və orta bazar kapitalizasiyalı şirkətləri təmsil edən “Russell 2000” və “ S&P 400 Midcap fond bazarı indekslərində eniş daha kəskin olmuşdur.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 2,43% azalmışdır. Qeyd edək ki, ən çox dəyər itkisi energetika (4,15%) və məişət malları və əhali üçün xidmətlər (3,83%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Artan isə kommunal (1,45%) sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşdur.
Ötən həftə nadir torpaq metallarının hasilatı ilə məşğul olan şirkətlərin səhmlərinin kəskin artması diqqət cəlb etmişdir. Buna səbəb Tramp administrasiyasının strateji metallar sahəsində öz asılılığını azaltmaq yönündə ciddi addımlar atması olmuşdur. Belə ki, ABŞ hökuməti “MP Materials” (ticarət simvolu: MP) şirkətində 15%, “Trilogy Metals” (ticarət simvolu: TMQ) şirkətində 10%, “Lithium Americas” (ticarət simvolu: LAC) şirkətində isə 5% pay sahibi olmuşdur. Qeyd etmək lazımdır ki, nadir torpaq elementlərindən müasir hərbi sistemlərdə, məsələn raketlərdə, radar sistemlərində və pilotsuz aparatlarda istifadə olunur və buna görə də strateji və milli təhlükəsizlik baxımından böyük önəm daşıyır.
Həftənin bir başqa vacib hadisəsi “Advanced Micro Devices” (ticarət simvolu: AMD) şirkətinin səhmlərinin ötən həftənin bazar ertəsi günü 30%-dən çox artması olmuşdur. Bu artım, şirkətin “OpenAI” şirkəti ilə süni intellekt mikrosxemləri tədarükünə dair müqavilə imzaladığını elan etməsindən sonra baş vermişdir. Bu sazişin “AMD”-yə illik on milyardlarla dollar gəlir gətirəcəyi gözləntisi yaranmışdır. Əlavə olaraq, bildirək ki, razılaşmaya əsasən, “OpenAI” şirkəti “AMD”-nin səhmlərinin 10%-ə qədərini əldə etmək hüququna malik olacaqdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə Avrozonadakı makroiqtisadi göstəricilər və siyasi qeyri-müəyyənlik ABŞ dolllarının avroya nisbətdə dəyər qazanmasına səbəb olmuşdur. Belə ki, yeni fransız baş naziri Sebastien Lekornu, vəzifəyə gəldikdən cəmi bir ay və nazirlər kabinetini təyin etdikdən cəmi 14 saat sonra, bazar ertəsi günü istefa vermişdir. Avrozonanın ikinci ən böyük iqtisadiyyatında 21 ay ərzində 5 baş nazirin dəyişməsi, büdcə kəsirinin Avropa İttifaqının 3%-lik limitindən iki dəfə çox olması və ÜDM-ə nisbətdə dövlət borcunun 115%-ə yaxınlaşması fonunda, reytinq agentlikləri Fransanın suveren kredit reytinqi ilə bağlı yeni xəbərdarlıqlar etmişdir. Həmçinin, Almaniyada sənaye məhsullarının istehsalı avqust ayında ardıcıl olaraq 4.3% azalmış, xüsusilə avtomobil istehsalında kəskin eniş müşahidə olunmuşdur. Ticarət balansının da nəzərə çarpacaq şəkildə artması, Almaniyanın ixrac yönümlü iqtisadiyyatında geriləmə qorxularını artırmışdır. Yuxarıda qeyd olunan xəbərlər fonunda ötən həftə ABŞ dolları avroya qarşı dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Yaponiyada ötən həftə baş nazir olması yüksək ehtimal edilən namizədin fiskal ekspansiya və yumşaq pul siyasəti tərəfdarı olması Yaponiya mərkəzi bankının faiz dərəcələrini artıracağı gözləntilərini azaltmışdır. Bu fonda, ABŞ ilə Çin arasında alovlanan ticari müharibənin ABŞ dollarının dəyərinə təzyiq göstərməsinə baxmayaraq, Yaponiya yeni ötən həftə ərzində ABŞ dollarına nisbətdə ucuzlaşmış və yenin ABŞ dollarına olan məzənnəsi 1 ABŞ dolları üçün 150 Yaponiya yeni həddini keçmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə “OPEC+” təşkilatı xam neft hasilatı kvotasını günlük 137 min barel artırmasına qərar vermişdir ki, bu da ekspertlərin proqnoz etdiyi səviyyədən az olmuşdur. Bundan əlavə, Ukraynanın Rusiyanın neft emalının 6,6%-nı qarşılayan Kirişi neft emalı zavoduna hücumu həmin müəssisənin fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan xəbərlər neftin dünya bazarındakı təklifinin azala biləcəyinə işarə etmişdir. Lakin, bazarda təklifin az ola biləcəyi perspektivinin neftin dünya bazarındakı qiymətinə təsiri məhdud olması müşahidə edilmişdir. İsrail-Fələstin münaqişəsində tərəflərin ilkin razılığa gəlməsi ilə regionda geosiyasi risklərin azalması, habelə, ABŞ və Çin arasında tarif ritorikasının gərginləşməsi neft olan tələbin azala biləcəyi ilə bağlı narahatlıqları artması neftin dəyərinə təzyiq göstərən əsas səbəblər olmuşdur. Nəticə olaraq, zəif tələb gözləntiləri ötən həftə neftin dünya bazarındakı qiymətinə əsas təsir edici amil olmuşdur. Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin noyabr fyuçerslərinin qiyməti 3,25%, Brent markalı Avropa neftinin dekabr fyuçerslərinin qiyməti isə 2,79% azalmışdır.
Qızılın qiymətinin dinamikası
ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırılmış olması (şatdaun) və onun bərpasının tarixləri barədə qeyri-müəyyənlik, ABŞ və Çin arasında ticari müharibənin alovlanması, Fransadakı siyasi böhran, habelə, Yaponiyanın pul-kredit siyasətinin istiqaməti üzrə narahatçılıqların artması geridə qoyduğumuz həftə ərzində “təhlükəsiz liman” investisiya seçimi olan qızılın qiymətinin yeni rekord həddə artmasına səbəb olmuşdur. Belə ki, ötən həftə ərzində qızılın dekabr fyuçerslərinin qiyməti 2,34% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 4 000,40 ABŞ dolları təşkil etmişdir.
06 Oktyabr 2025
29 Sentyabr 2025
22 Sentyabr 2025