Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 01 iyul – 05 iyul 2024

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


02 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 16 investor iştirak etmiş və tələb təklifdən 296% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,3499% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (75%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,2758% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0147 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 70 milyon manat təşkil edəcəkdir.



ABŞ kapital bazarı


Ötən həftə ABŞ-da iyun ayı üzrə işsizlik səviyyəsinin may ayı üzrə faktiki,  iyun ayı üzrə isə proqnozlaşdırılmış göstərici ilə müqayisədə 0,1 faiz bəndi artaraq 4,1% olduğu açıqlanmışdır. Əlavə olaraq, həftəlik işsizlik müavinətinə ilkin müraciətləri sayı əvvəlki həftənin göstəricisindən 5 min, proqnozlaşdırılan göstəricidən isə 3 min az olmuşdur. ABŞ əmək bazarındakı səngimə açıqlanmış məşğulluq sayı hesabatlarında da öz təsdiqini tapmışdır. Belə ki, ABŞ-da dövlət sektoru və kənd təsərrüfatı xaric digər sektorlarda çalışan işçi sayının dəyişikliyini əks etdirən aylıq məşğulluq hesabatına əsasən iyun ayında qeyd olunan parametrlərə uyğun sahələrin işçi sayında 150 min artım olmuşdur. Bu göstərici əvvəlki ayın göstəricisindən 2 min, proqnozlaşdırılan göstəricidən isə 15 min az olmuşdur. Açıqlanmış bir digər vacib makroiqtisadi göstərici ABŞ-da istehsalat və xidmət sektorundakı aktivliyi bildirən sorğuların nəticələri olmuşdurlar. İstər Təchizat İdarəçiliyi İnstitutu (ISM), istərsə də S&P Global tərəfindən açılqnan nəticələrə əsasən ABŞ-da iyun ayında istehsalat dinamikası may ayına nisbətən azalmışdır. Eyni vəziyyət iyun ayı üzrə ABŞ iqtisadiyyatındakı xidmət sektoru üçün də xarakterikdir. Belə ki, Təchizat İdarəçiliyi İnstitutu (ISM) tərəfindən açıqlanmış xidmət sektoru aktivliyini ölçən sorğunun nəticəsi proqnozlaşdırılandan göstəricidəm 3,9 bənd, əvvəlki ayın göstəricisindən isə 5 bənd az olmaqla 48,8 bənd təşkil etmişdir. Qeyd edək ki, 50 bənddən aşağı göstərici sektorda kiçilməni bildirir. Yuxarıda qeyd olunan makroiqtisadi göstəricilər ABŞ-da qiymət dinamikasındakı təzyiqlərin zəifləməsinə işarə etmişdir ki, bu hal da ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmağı üçün şərait yaratmaqdadır. Ekspertlərin rəyinə əsasən ABŞ mərkəzi bankının sentyabrda baş tutacaq görüşündə uçot faiz dərəcəsini azaldacağı ehtimalı 79%, dekabr ayında baş tutacağı görüşdə növbəti azalma qərarının verilməsi ehtimalı isə 95% təşkil etmişdir. ABŞ-da yaxın gələcəkdə faiz dərəcələrinin düşəcəyi ehtimallarının artması, hazırkı nisbətən yüksək gəlirliliyi olan ABŞ dövlət istiqrazlarına tələbatı artırmışdır. Həftə ərzində qısamüddətli ABŞ dövlət istiqrazlarının qiytmətlərində əhəmiyyətli dəyişiklik olmasa da, orta və uzunmüddətli istiqrazların qiymətlərində artım müşahidə edilmişdir ki, bu da həmin istiqrazların gəlirliliyinin azalmasına səbəb olmuşdur. ABŞ iqtisadiyyatında vacib istinad gəlirlilik göstəricisi olan 10 illik ABŞ istiqrazlarının gəlirliliyi 0,08 faiz bəndi azalaraq 4,28% təşkil etmişdir.



Son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 1,95% artım nümayiş etdirmişdir. Ən çox dəyər qazanan məişət malları və əhali üçün xidmətlər  (3,78%), elektronika sənayesi və İKT və rabitə xidmətləti (2,93%) və rabitə xidmətləri (2,45%)  sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşlar. Ən çox azalma isə energetika (1,16%) və səhiyyə (0,92%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində müşahidə edilmişdir. Ümumilikdə, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaldacağı ehtimallarının artması səhm bazarı tərəfindən müsbət qarşılanmışdır.



“Möhtəşəm yeddiliyi” təşkil edən şirkətlərin səhmlərinin dəyəri həftə ərzində artmışdır.



Ən çox diqqət çəkən qiymət artımı Tesla (ticarət simvolu:TSLA) şirkətinin səhmlərinin dəyərində olmuşdur. Şirkətin açqladığı cari ilin ikinci rübü üzrə təhvil verdiyi sifarişlərinin sayı analitiklərin proqnozlaşdırdığı rəqəmdən çox olmuşdur. Bu xəbər investorlar tərəfindən müsbət qarşılanmışdır və şirkətin səhmlərinə olan tələbatı artırmışdır.

VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərə əsasən ABŞ-da istehsalat və xidmət sektorunun dinamikasında səngimə olduğuna işarə etmişdir. Həmçinin, ABŞ əmək bazarında da durğunluq olduğu müşahidə edilmişdir. Azalan inflyasiya təzyiqləri fonunda, ABŞ mərkəzi bankının uçot faiz dərəcələrini azaldacağı ehtimalı güclənmişdir ki, bu hal da öz növbəsində ABŞ dövlət istiqrazlarının gəlirliliyində azalmaya səbəb olmuşdur. Nəticə olaraq ötən həftə ABŞ dolları avroya qarşı dəyər itirmişdir.




USD/JPY məzənnəsinin dinamikası


Ötən həftədə ABŞ-da açıqlanmış makroiqtisadi xəbərlər fonunda Yaponiya yeni ABŞ dollarına nisbətdə cüzi dəyər qazanmışdır. Bunun əsas səbəbi ABŞ istehsalat və xidmət sektorundakı aktivliyin azalması, habelə ABŞ əmək bazarının səngidiyini bildirən göstəricilərdir. ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaldacağı ehtimallarının artması, iki ölkə mərkəzi bankları arasındakı pul siyasəti fərqlərinin nisbətənən azalacağına işarə etməklə Yaponiya yeninin ABŞ dollara qarşı cüzi dəyər qazanmasına səbəb olmuşdur.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə dünyanın ən böyük iki neft istehlakçısından biri olan ABŞ-da neft ehtiyyatlarında həftəlik azalma 1,2 milyon barel təşkil etmişdir. Nəzərə alsaq ki, OPEC+ neft hasilatı kvotalarında dəyişiklik etməməsi fonunda mövcud yüksək tələbat fonunda neftin qiymətinin artmasına təzyiq göstərir.  Nəticə olaraq,  WTI markalı Amerika xam neftinin avqust fyuçerslərinin qiyməti həftəlik (1,99%), Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə (1,81%) artmışdır.

 


Qızıl qiymətlərinin dinamikası


ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər əsasında nisbətən zəifləyən istehsalat və xidmət sektorları aktivliyi, həmçinin əmək bazarındakı səngimə, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini sentyabrdan başlayaraq cari il ərzində iki dəfə azaldacağı ehtimallarını artırmışdır. Nəticə olaraq, ABŞ dövlət istiqrazlarının gəlirlilikləri enmişdir ki, bu fakt da qızılın qiymətinin artmasına müsbət təsir göstərmişdir. Əlavə olaraq, Avropoda siyasi seçkilər fonunda qeyri-müəyyənliyin artması və Yaxın Şərqdəki geosiyasi vəziyyətin ağır qalması investorlar tərəfindən qızıla olan tələbatı yüksək səviyyədə saxlamaqdadır və qızılın qiymətinin artmasına təsir göstərir. Ümumilikdə, ğtən həftədə qızılın iyul fyuçerslərinin qiyməti 2,61% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 388,50 ABŞ dolları təşkil etmişdir.