Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 08 aprel – 12 aprel 2024

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

9 aprel 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 24 investor iştirak etmiş və tələb təklifi 62% üstələmişdir. Buna baxmayaraq, Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,05% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (53%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,0084% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0297 faiz bəndi az olmuşdur.




Korporativ qiymətli kağızlar

8 aprel 2024-cü il tarixində BFB-də “İcraçı Kredit Agentliyi” MMC BOKT-un təmin edilməmiş, tədavül müddətli 2 il, nominal dəyəri 200 manat, illik faiz dərəcəsi isə 14% olan istiqrazları üzrə birqiymətli üsul ilə hərrac keçirilmişdir. Hərracda 5 investor iştirak etmişdir. 99 min dəyərində istiqrazların hərraca çıxarılmasına baxmayaraq, yerləşdirmə həcmi 58 min  manat təşkil etmişdir.

ABŞ kapital bazarı

Ötən həftə ABŞ-ın Əmək Statistikası Bürosu tərəfindən açıqlanmış mart ayının istehlak qiymətləri indeksində artım müşahidə edilmişdir. İndeks fevral ayına nisbətdə 0,3% artaraq illik 3,5% artım göstərmişdir. İndeksin artımı əsas olaraq yanacaq və daşınmaz əmlak bazarından qaynaqlansa da, ümumi olaraq hər sahədə qiymət artımı müşahidə edilmişdir. Son 6 ayın ən yüksək illik artım faizi (3,5%) dünyanın ən böyük iqtisadiyyatında son vaxtlar uçot faiz dərəcəsinin iyun ayında endirilməsi ehtimalının daha da azalmasına səbəb olmuşdur. Proqnozlara əsasən ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini car ilin iyun ayında azaldacağı ehtimalı ötən aya nisbətdə 73%-dən 21%-dək enmişdir. Açıqlanan makroiqtisadi göstəricilərə əsasən ABŞ-da inflyasiyanın gözləniləndən artıq olması, uçot dərəcəsinin azaldılması addımlarına ciddi təzyiq göstərir. Bu fonda ABŞ dövlət istiqrazlarının gəlirliliyində həftə ərzində artım qeydə alınmışdır.




Son həftə ABŞ-da açıqlanan mart ayı üzrə istehlak qiymətləri indeksindəki artım, həmçinin Yaxın Şərqdəki geosiyasi vəziyyətin kəskin ağırlaşması ABŞ səhm bazarına təsirsiz keçməmişdir. Ölkənin aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 1,56% azalma nümayiş etdirmişdir. İndeksi təşkil edən 11 sektorun hamısında geriləmə qeydə alınmışdır. Həftə ərzində ən böyük ucuzlaşma maliyyə (-3,58%), mədənçıxarma və xammal sənayesi (-3,07%), səhiyyə (-2,99%), tikinti və daşınmaz əmlak (-2,97%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində qeydə alınmışdır.



VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Həftə ərzində ABŞ dollarının avroya qarşı dəyər qazanması müşahidə edilmişdir. ABŞ-da inflyasiyanın gözləniləndən artıq olması, ABŞ iqtisadiyyatı ilə Avropa Birliyi iqtisadiyyatının artım templərində fərqin artması, Avropa Mərkəzi Bankının pul siyasətində ABŞ mərkəzi bankına nisbətən daha rahat faiz dərəclərini endirmək imkanı ABŞ dollarının avroya qarşı möhkəmlənməsində əsas faktorlardan olmuşdur.




USD/JPY məzənnəsinin dinamikası

Ötən həftə dolların yenə qarşı möhkəmlənməsi müşahidə edilmişdir.  ABŞ-da uçot faiz dərəcəsinin iyun ayında endirilməsi ehtimalının azalması, yüksək faiz dərəcəsi mühitinin daha uzun müddət qalması gözləntiləri ABŞ dollarının yenə qarşı dəyər qazanmasında rol oynayan əsas faktor olmuşdur.  





Neft bazarının dinamikası

Rusiyanın neft ixracı infrastrukturuna hücum təhlükəsi, Yaxın Şərqdəki ağır geosiyası vəziyyətin daha da qəlizləşməsinə baxmayaraq, OPEC+ ölkələrində neft hasilatının son açıqlanmış göstəricilərə əsasən  planlaşdırılandan daha artıq olması neft qiymətlərinə təzyiqi nisbətə azaltmış və neft qiymətlərinin həftəlik dinamikasında ciddi dəyişiklik müşahidə edilməmişdir.  Beləki,  WTI markalı Amerika xam neftinin may fyuçerslərinin qiyməti həftəlik 0.77% azalma, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 0.08% artım nümayiş etdirmişdir.

Qızıl qiymətlərinin dinamikası

ABŞ-da inflyasiya üzrə açıqlanmış son makrostatistik göstəricilərin ABŞ dollarının gəlirliliyinin gözlənilən daha uzun müddətdə yüksək qalacağına şərait yaratmasına baxmayaraq,  qızıl həftə ərzində dəyər qazanmağa davam etmişdir. Sarı metalın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 1,2% artaraq bir Troy unsiyası (31,1 qram) üçün yeni rekord hədd sayılan 2 374,10 ABŞ dollarına çatmışdır. Yaxın Şərqdəki geosiyasi vəziyyətdə son həftə ərzində artmış gərginlik qızıla investorlar tərəfindən təhlükəsiz sərmayə baxışını daha da gücləndirmişdir ki, bu da qızıla tələbatın artmasına səbəb olmuşdur.