Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 12 – 16 avqust 2024

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

13 avqust 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 20 investor iştirak etmiş və tələb təklifdən 70% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,49% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 41%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 105 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,4002% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1462 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 20 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 60 milyon manat təşkil edəcəkdir.



Korporativ qiymətli kağızlar

14 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə  5 il olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi baş tutmuşdur. Hərracda 3 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı

Ötən həftə ABŞ-da ölkənin iqtisadiyyatında qiymət dinamikasını əks etdirən mühüm makroiqtisadi göstəricilər olan istehsal (PPI) və istehlak (CPI) qiymətləri indeksləri açıqlamışdır.  İstehsal qiymətləri indeksi iyul ayı üzrə 0,1% təşkil etmişdir ki, bu da əvvəlki ayın və proqnozlaşdırılan göstəricidən  0,1 faiz bəndi az olmuşdur. Həmçinin, dəyişkən qida məhsulları və enerji qiymətləri xaric istehsal qiymətləri indeksi üzrə artım 0% olmuşdur ki, bu da əvvəlki ayın göstəricisindən 0,3 faiz bəndi, proqnozlaşdırılan göstəricidən isə 0,2 faiz bəndi az olmuşdur. Əlavə olaraq, sözügedən indeksin illik göstəricisi iyul ayında proqnozlaşdırılan göstəricidən 0,1 faiz bəndi, ötən ilin analoji dövrü üzrə olan göstəricidən isə 0,5 faiz bəndi az olaraq 2,2% təşkil etmişdir. İyul ayı üzrə istehlak qiymətləri indeksinin dinamikasında da səngimə müşahidə edilmişdir. Belə ki, iyul ayı üzrə ABŞ-da istehlak qiymətlərinin artımı proqnozlaşdırılan kimi 0,2% təşkil etmişdir ki, bu da əvvəlki aya nisbətən 0,3 faiz bəndi çox olmuşdur. Dəyişkən qida məhsulları və enerji qiymətləri xaric istehlak qiymətləri indeksi də, həmçinin, proqnozlara uyğun olaraq 0,2% artım göstərmişdir ki, bu da öz növbəsində əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi çox olmuşdur. Habelə, iyul ayı üzrə istehlak qiymətləri indeksinin illik artımı proqnozlaşdırılan və əvvəlki ilin eyni dövrünə olan göstəricidən 0,1 faiz bəndi az olaraq 2,9% təşkil etmişdir.

Bir başqa açıqlanan mühüm göstərici isə ABŞ-da aylıq pərakəndə satış dinamikası olmuşdur. Göstəriciyə əsasən iyul ayında ABŞ-da pərakəndə satış həcmində 1% artım müşahidə edilmişdir ki, bu da proqnozlaşdırılan göstəricidən 0,6 faiz bəndi, əvvəlki ayın göstəricisindən isə 1 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, ABŞ iqtisadiyyatında pərakəndə satış həcmindəki artım son 18 ayın ən böyük artımı olmuşdur. Açıqlanan bu göstəricidən o qənaətə gəlmək olar ki, ABŞ istehlakçıları son dövrdə zəifləməkdə olan ABŞ əmək bazarı dinamikası fonunda kifayət qədər  xərclərini artırmaq qərarına gəlmişdirlər.

Yuxarıda qeyd olunan makroiqtisadi göstəricilərdən belə nəticəyə gəlmək olar ki, ABŞ iqtisadiyyatında qiymət təzyiqləri zəifləmişdir və ABŞ mərkəzi bankının təyin etdiyi inflyasiya hədəfinə doğru stabil şəkildə irəliləməkdədir. Beləliklə də, ekspertlər tərəfindən ABŞ mərkəzi bankının növbəti görüşündə uçot faiz dərəcəsini azaldacağının qaçılmaz olduğu bildirilər. Qeyd etmək lazımdır ki, bəzi ekspertlər faiz dərəcəsində enmənin 50 bazis bəndi olacağını bildirsə də, bazar iştirakçılarının ümumi konsensus fikri ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini 25 faiz bəndi olacağı yönündədir. Ötən həftənin makroiqtisadi xəbərləri fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində əhəmiyyətli dəyişiklik olmamışdır. Bençmark olan 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 0,05 faiz bəndi azalmışdır.



Qeyd edək ki, gələn həftə ABŞ-da avqust ayı üzrə iqtisadi aktivliyin dinamikasını əks etdirən ənənəvi sorğuların (PMI) nəticələri açıqlanacaqdır. Qeyd edək ki, ABŞ əmək bazarında son dövrdəki səngimə fonunda ABŞ iqtisadiyyatının artım tempinin göstəricisi olan sözügedən sorğuların nəticələri investorlar tərəfindən maraqla gözlənilir.

Ötən həftə ABŞ fond bazarında səhmlərin dəyərində tutarlı artım müşahidə edilmişdir. Səngiyən inflyasiya təzyiqləri ABŞ iqtisadiyyatının artım tempinin qənaətbəxş olması ilə bərabər fond bazarına müsbət təsir etmişdir. Çikaqo Opsion Birjası Volatillik İndeksinin (CBOE VIX Index) dinamikasından da göründüyü kimi, investorların ABŞ iqtisadiyyatı barədə gözləntiləri kifayət qədər müsbət olmuşdur.



Qeyd edək ki, Çikaqo Opsion Birjası Volatillik İndeksi (CBOE VIX Index) S&P 500 fond indeksi üzrə opsionların alış və satış dəyərləri əsasında hesablanır və investorlar tərəfindən S&P 500 fond indeksinin volatilliyi barədə gözləntilərini əks etdirir. Ümumilikdə, son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 3,93% artım nümayiş etdirmişdir. Qeyd edək ki, indeksi təşkil edən bütün sektorları təmsil edən şirkətlərin səhmlərinin dəyərində artım olmuşdur. Ən çox dəyər qazanan elektronika sənayesi və İKT (7,67%) və məişət malları və əhali üçün xidmətlər (5,04%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşlar.



Ötən həftənin ən diqqət cəlb edən artımı NVİDİA şirkətinin (ticarət simvolu:NVDA) səhmlərinin dəyərinin artması olmuşdur. Belə ki, həftə ərzində şirkətin səhmlərinin dəyəri 18,93% artmışdır. Ümumilikdə, Alphabet (ticarət simvolu: GOOGL) xaric “Möhtəşəm Yeddiliyi” təşkil edən şirkətlərin səhmlərinin dəyəri son həftə ərzində yüksəlmişdir.


VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Avrozonanın iqtisadiyyatı cari ilin ikinci rübündə də ardıcıl olaraq rüblük 0,3% artım göstərmişdir. Almaniya iqtisadiyyatındakı azalmaya baxmayaraq, İspaniya, Fransa və İtaliyadakı iqtisadi artım Avrozonadakı ümumi iqtisadi artıma təkan vermişdir. Digər tərəfdən isə ABŞ-da inflyasiya təzyiqlərinin səngiməsi ekspertlərdə ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini sentyabr ayında azaldacağına əminlik yaratmışdır, və ümumilikdə yaxın gələcəkdə ABŞ mərkəzi bankının uçot faiz dərəcəsinin gözləniləndən daha böyük miqyasda azaldacağı ehtimallarını artırmışdır. Nəticə olaraq, ötən həftə ərzində ABŞ dolları avroya qarşı dəyər itirmişdir.



USD/JPY məzənnəsinin dinamikası

Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda ekspertlər tərəfindən ABŞ mərkəzi bankının sentyabrda baş tutacaq görüşündə uçot faiz dərəcəsinin gözləniləndən də böyük miqyasda azaldacağı ehtimallarını artırmışdır. Nəticə olaraq, ötən həftənin ilk günlərində Yaponiya yeni ABŞ dollarına qarşı dəyər qazanmağa başlamışdır. Lakin, ABŞ-da pərakəndə satış dinamikasının açıqlanmasından sonra yen ABŞ dollarına qarşı dəyər itirmişdir. Digər tərəfdən isə Yaponiya iqtisadiyyatının cari ilin ikinci rübündə proqnozlaşdırılandan daha çox artım göstərməsi və Yaponiya mərkəzi bankının rəsmilərinin öz çıxışlarında uçot faiz dərəcəsini artıra biləcəklərinə işarə etməsi həftənin sonuna doğru Yaponiya yeninin ABŞ dollarına qarşı yenidən dəyər qazanmasına təkan vermişdir. Ümumilikdə, ötən həftənin sonuna əvvəlki həftə ilə müqayisədə Yaponiya yeni ABŞ dollarına qarşı cüzi dəyər itirmişdir.



ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Dünyanın ən böyük iki neft istehlakçısından biri olan Çinin iqtisadiyyatının proqnozlaşdırılandan zəif dinamika nümayiş etdirməsi neftə olan tələbata mənfi təsir göstərmişdir. Belə ki, OPEC və Beynəlxalq Enerji Agentliyi (IEA) Çində neftə olan tələbatının azalması fonunda cari il üçün neftə olan qlobal tələbat proqnozlarını azaltmışdırlar. Bu hal neftin dəyərinin mənfi təsir göstərmişdir. Lakin, Yaxın Şərqdəki geosiyasi vəziyyətdə gərginliyin davam etməsi neftin dəyərinin enməsinə mane olmuşdur. Nəticə olaraq,  ötən həftə ərzində neftin dəyərində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. Belə ki, WTI markalı Amerika xam neftinin sentyabr fyuçerslərinin qiyməti həftəlik (0,25%) azalmış, Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə (0,03%) artmışdır.

Qızıl qiymətlərinin dinamikası

Ötən həftədə qızılın avqust fyuçerslərinin qiyməti 2,73% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 498,60 ABŞ dolları təşkil etmişdir. ABŞ-da qiymət dinamikasının ekspertlərin proqnozlaşdırdığı göstəricilərdən də zəif açıqlanması, ABŞ mərkəzi bankının cari ildə uçot faiz dərəcəsini daha gözləniləndən daha böyük miqyasda azaldacağı ehtimallarını artırmışdır. Bu hal, öz növbəsində, qızılın dəyərinə müsbət təsir etmişdir. Həmçinin, Yaxın Şərqdə müharibə ehtimallarının artması və, ümumilikdə, dünyadakı geosiyası vəziyyətin gərgin olaraq qalması amili də qızılın dəyərinin artmasına təkan vermişdir.