KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
17 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır.
19 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 13 investor iştirak etmiş və tələb təklifdən 51% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 11,00% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 3%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 46 milyon 152 min 900 manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 10,9043% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0023 faiz bəndi çox olmuşdur.
Korporativ qiymətli kağızlar
20 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nominal dəyəri 1 000 ABŞ dolları, illik gəlirlilik faizi 5,5%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti 3 il, buraxılış həcmi isə 20 milyon ABŞ dolları olan təmin edilməmiş istiqrazları “standart bazar” seqmentində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftənin əvvəli ABŞ-da “S&P Global” tərəfindən keçirilən və dekabr ayı üzrə ABŞ iqtisadiyyatının aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələr açıqlanmışdır. ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən sorğunun nəticəsi 48,3 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 1,2 faiz bəndi, əvvəlki ayın analoji göstəricisindən isə 1,4 bənd az olmuşdur. ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən sorğunun nəticəsi isə proqnoz edilən göstəricini 2,7 bənd, əvvəlki ay üzrə analoji göstəricini isə 2,4 bənd üstələyərək 58,5 bənd təşkil etmişdir ki. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir. Həmçinin, ötən həftənin çərşənbə axşamı ABŞ mərkəzi bankı tərəfindən ABŞ-dakı aylıq sənaye istehsalı dinamikasını əks etdirən göstərici açıqlanmışdır. Açıqlanmış göstəriciyə əsasən ABŞ-da sənaye istehsalı həcmi noyabr ayında 0,1% azalmışdır ki, bu da əvvəlki ay üzrə olan 0,4% azalmadan daha müsbət göstərici olsa da, noyabr üçün proqnoz edilən 0,3% artımdan kifayət qədər az olmuşdur.
ABŞ-da son həftənin ən gözlənilən hadisəsi ABŞ mərkəzi bankının növbəti görüşündə verdiyi qərar olmuşdur. Belə ki, ötən həftənin çərşənbə günü baş tutmuş görüşünün nəticəsi olaraq ABŞ mərkəzi bankı uçot faiz dərəcəsini 0,25 faiz bəndi endirməyi qərara almışdır. Nəticə olaraq, ABŞ-da uçot faiz dərəcəsinin yuxarı həddi 4,50%, aşağı həddi isə 4,25% təşkil etmişdir. Qeyd olunan miqyas ekspertlər tərəfindən gözlənilən olsa da, ABŞ mərkəzi bankının yaxın gələcəkdə faiz dərəcəsini endirmə miqyasının proqnoz ediləndən daha az olacağı ehtimalları artmışdır. ABŞ mərkəzi bankının sədri Cerom Pauel (Jerome Powell) öz çıxışında ABŞ mərkəzi bankının 2025-ci il üçün baza inflyasiya proqnozunun sentyabr ayından bəri 0,3 faiz bəndi artaraq 2,5% təşkil etdiyini və bundan sonrakı faiz dərəcəsini endirmək ilə bağlı daha təmkinli qərar vermək lazım olduğunu bildirmişdir. Bu xəbər fonunda ABŞ kapital bazarı həftə içi dəyər itirmişdir.
Həftənin sonuna doğru ABŞ mərkəzi bankının inflyasiya göstəricisi olaraq ən üstünlük verdiyi baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksinin noyabr ayı üçün olan göstəriciləri açıqlanmışdır. Qeyd olunan indeks ötən ilin noyabr ayının göstəricisi ilə eyni, cari ilin noyabr ayı üçün proqnoz edilən göstəricidən isə 0,1 faiz bəndi az olaraq 2,8% artmışdır. Aylıq olaraq isə core PCE oktyabr ayının göstəricisinə nisbətən 0,2 faiz bəndi azalaraq 0,1% artım nümayiş etdirmişdir ki, bu da proqnoz edilən artımdan 0,1 faiz bəndi az olmuşdur.
Ötən həftənin vacib makroiqtisadi göstəricilərindən biri də ABŞ İqtisadi Analiz Bürosu tərəfindən ABŞ ÜDM-nin rüblük dinamikasının üçüncü dərci olmuşdur. Dərc edilmiş göstəriciyə əsasən ABŞ ÜDM-i cari ilin 3-cü rübündə 3,1% artmışdır ki, bu da istər proqnoz edilən göstəricidən, istərsə də əvvəlki rübün göstəricisindən 0,3 faiz bəndi çox olmuşdur. Qeyd olunan yüksəlişə qismən şəxsi istehlak həcmindəki artım səbəb olmuşdur. Belə ki, açıqlanan bir başqa makroiqtisadi göstəriciyə əsasən noyabr ayında ABŞ iqtisadiyyatında pərakəndə satış həcmində 0,7% artım müşahidə edilmişdir ki, bu da proqnozları 0,1 faiz bəndi, əvvəlki ayın analoji göstəricisini isə 0,2 faiz bəndi üstələmişdir.
Son həftə ABŞ əmək bazarı da müsbət işarələr vermişdir. ABŞ Əmək Departamentinə əsasən 14 dekabr 2024-cü il tarixində bitən həftə üzrə açıqlanan işsizlik müavinətinə ilkin müraciətlərin sayı proqnoz ediləndən 10 min, bir həftə əvvəlki saydan isə 22 min az olaraq 220 min təşkil etmişdir.
Ümumilikdə, son həftənin makroiqtisadi gğstəriciləri fonunda qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində tutalı dəyişiklik olmamışdır, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi 0,12 faiz bəndi artaraq 4,52% təşkil etmişdir.
Qeyd edək ki, gələn həftə açıqlanacaq olan “The Conference Board” tərəfindən keçirilən dekabr ayı üzrə ABŞ-da istehlakçıların ölkədəki iqtisadi vəziyyətə olan güvənini və gözləntilərini əks etdirən sorğunun nəticələri, habelə, noyabr ayı üzrə ABŞ iqtisadiyyatında tez xarab olmayan mallar (Durable Goods Orders) üzrə sifarişlərin həcminin aylıq dinamikası ekspertlər tərəfindən maraqla gözlənilir.
Ötən həftə ABŞ fond bazarında ümumi geriləmə müşahidə edilmişdir. ABŞ mərkəzi bankının yaxın gələcəkdə uçot faiz dərəcəsini endirmə tempinin az olma ehtimallarının artması fond bazarına mənfi təsir etmişdir. Həftə içi ABŞ mərkəzi bankının nümayəndələrinin çıxışları fonunda ABŞ fond bazarı enişə keçmişdir. Həmçinin, ABŞ-da hökumətin büdcəsi barədə respublikaçılar və demokratlar arasında razılıq əldə edilə bilinməməsi ABŞ hökumətinin bağlanma risklərinin artırmışdır və, nəticə olaraq, fond bazarına mənfi təsir göstərmişdir. Bu hal Çikaqo Opsiyon Birjası Volatillik İndeksinin (CBOE VIX Index) dinamikasında öz əksini tapmışdır.
Qeyd edək ki, Çikaqo Opsiyon Birjası Volatillik İndeksi (CBOE VIX Index) S&P 500 fond indeksi üzrə opsiyonların alış və satış dəyərləri əsasında hesablanır və investorlar tərəfindən S&P 500 fond indeksinin volatilliyi barədə gözləntilərini əks etdirir.
Həftənin sonuna doğru ABŞ-da ÜDM, əmək bazarı, habelə, baza şəxsi istehlak xərcləri (core PCE) indeksi göstəricilərinin müsbət olması ilə bərabər ABŞ fond bazarı itirilən mövqeləri bərpa etməyə başlasa da, ümumilikdə, ABŞ fond bazarının dəyəri əvvəlki həftəyə nisbətdə azalmışdır. Bildirmək istərdik ki, ümumilikdə, faiz dərəcələrinin növbəti ildə daha az miqyasda azalacağı ehtimallarının artması xüsusilə kiçik və orta bazar kapitalizasiyalı şirkətlərin səhmlərinə daha mənfi təsir etmişdir. Belə ki, orta və kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin performansını təmsil edən “S&P 400 Midcap” (MID) və “Russell 2000” (RTY) fond bazarı indekslərində geriləmə böyük bazar kapitalizasiyalı şirkətləin səhmlərinin dinamikasını əks etdirən fond bazarı indekslərinə nisbətən daha çox olmuşdur. Əlavə olaraq, dəyər səhmlərinin (“Russell 1000 Value” (RLV)) artım səhmlərin (“Russell 1000 Growth” (RLG)) nisbətən daha çox dəyər itirmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” son həftə ərzində 1,99% geriləmişdir. Qeyd etmək lazımdır ki, geriləmə indeksi təşkil edən bütün sektorlar üzrə müşahidə edilmişdir. Ən çox azalma energetika (5,69%), tikinti və daşınmaz əmlak (4,76%), mədənçıxarma və xammal sənayesi (4,09%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftənin çərşənbə günü ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltması və bankın nümayəndələrinin gələn il üçün faiz dərəcələrinin endirilmə qrafiki barədə təmkinli çıxışları ABŞ dollarının avroya qarşı dəyərinin artmasına təkan vermişdir. Belə ki, ötən həftənin çərşənbə günü ABŞ dollarının dəyəri artaraq ötən həftənin ən yülsək göstəricisi olan 1 avro üçün 1,0353 ABŞ dolları təşkil etmişdir. Lakin, həftənin sonuna doğru Avrozonanın iqtisadi lokomotivi olan Almaniyanın iqtisadiyyatına dair müsbət makroiqtisadi xəbərlər avroya dəstək vermişdirlər. Almaniyanın bazar araşdırmaları üzrə ixtisaslaşmış aparıcı şirkəti olan “GfK”-nin təşkil etdiyi Almaniyadakı istehlakçıların ölkədəki iqtisadi vəziyyətə olan güvənini və gözləntilərini (consumer confidence) əks etdirən sorğunun nəticələrinin gözləntiləri üstələməsi avronun dəyərinin artmasına səbəb olmuşdur. Həmçinin, noyabr ayı üzrə Almaniyada istehsal qiymətləri indeksi (PPI) göstəricisinin istər aylıq, istərsə də illik miqyasda gözləniləndən müsbət olması avroya dəstək olan bir başqa amil olmuşdur. Nəticə olaraq, həftənin sonuna doğru avro ABŞ dollarına qarşı dəyər qazanmağa başlasa da, ümumilikdə, ötən həftəyə nisbətdə avro ABŞ dollarına qarşı dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
ABŞ mərkəzi bankı nümayəndələrinin gələn il üzrə faiz dərəcələrini endirmək planları ilə bağlı təmkinli çıxışları, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərindəki artım, habelə, Yaponiya mərkəzi bankının faiz dərəcələrini artırması baxımdan qərarsız davranması Yaponiya yeninin ABŞ dollarına qarşı həftə ərzində dəyər itirməsinə səbəb olmuşdur. Həftənin sonu Yaponiyada açıqlanmış noyabr üzrə istehlak qiymətləri indeksi (CPI) gözlənilən kimi əvvəlki aya nisbətən 0,6 faiz bəndi artaraq 2,9%-lik artım nümayiş etdirsə də, bu halın Yaponiya yeninin ABŞ dollarına olan məzənnəsinə təsiri cüzi olmuşdur. Nəticə olaraq, ötən həftə ərzində yen ABŞ dollarına qarşı dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Son həftə ABŞ mərkəzi bankının 2025-ci il üzrə faiz endirmə miqyasının gözləniləndən az olacağına dair işarə verməsi ABŞ dollarının məzənnəsini möhkəmləndirmişdir və, nəticə olaraq, ABŞ dolları ilə ticarət olunan neftin dəyərinə mənfi təsir etmişdir. Neftin dəyərinə mənfi təsir edən bir başqa amil dünyanın ən böyük neft idxalçısı olan Çində neftə olan tələbin azalması olmuşdur. Ümumilikdə, ekspertlər 2025-ci ildə dünya bazarında neftin təklifinin neftə olan tələbatdan çox olacağını təxmin edirlər. Belə ki, “JP Morgan”-ın analitikləri gələn il üzrə dünya bazarında neftin təklifinin neftə olan tələbdən gündəlik 1,2 milyon barel çox olacağını əks etdirən proqnoz vermişdirlər. Gələn il dünya bazarında neftə olan tələbə dair bədbin proqnozlar neftin qiymətinə mənfi təsir etmişdir. ABŞ-da xam neft ehtiyatının həftəlik 934 min barel azalması neftin qiyməti üçün müsbət hal olsa da, azalmanın ekspertlərin proqnoz etdiyi 1,6 milyon bareldən az olması sözügedən amilin neftin dünya bazarındakı dəyərinə təsirin az olmasına səbəb olmuşdur. Ümumilikdə, ötən həftə ərzində WTI markalı Amerika xam neftinin fevral fyuçerslərinin qiyməti 1,92%, Brent markalı Avropa neftinin fevral fyuçerslərinin qiyməti isə 2,08% azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Ötən həftə qızılın dəyərinə təsir edən əsas amil ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər olmuşdur. ABŞ mərkəzi bankının 2025-ci il üzrə baza inflyasiya dərəcəsi proqnozlarını artırması, habelə, 2025-cü ildə uçot faiz dərəcəsini endirmə miqyası barədə olduqca təmkinli çıxışları faiz gəliri gətirməyən investisiya olan qızılın dünya bazarındakı qiymətinə təzyiq göstərmişdir. Həftə sonuna doğru ABŞ-da açıqlanmış baza şəxsi istehlak xərcləri (core PCE) indeksinin gözləniləndən daha yumşaq olması qızılın qiymətinə müsbət təsir edən amil olsa da, ABŞ mərkəzi bankının yaxın gələcəkdəki pul siyasət barədə işarələri son həftə qızılın dəyərinin azalmasına səbəb olmuşdur. Nəticə olaraq, ötən həftə qızılın dekabr fyuçerslərinin qiyməti 1,03% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 628,70 ABŞ dolları təşkil etmişdir.