KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
30 iyul 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 14 investor iştirak etmiş və tələb təklifdən 121% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,27% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (55%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 60 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,1996% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1426 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 6 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
29 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 1,6 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmlşdır. Hərracda 4 investor iştirak etmişdir və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da əmək bazarının dinamikasını əks etdirən bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Belə ki, iyul ayı üzrə ABŞ-da işsizlik səviyyəsinin 4,30% olduğu açıqlanmışdır, bu da həm iyun ayı üzrə olan faktiki göstəricidən, həm də iyul ayı üzrə proqnozlaşdırılan göstəricidən 0,2 faiz bəndi çox olmuşdur. Həmçinin, ABŞ-da kənd təsərrüfatı xaric digər sektorlarda çalışan sayının dəyişikliyini əks etdirən aylıq məşğulluq hesabatına əsasən iyul ayında qeyd olunan parametrlərə uyğun sahədə çalışan işçi sayında 114 min artım olmuşdur. Bu göstərici əvvəlki ayın göstəricisindən 65 min, proqnozlaşdırılan göstəricidən isə 61 min az olmuşdur. Əlavə olaraq, həftəlik işsizlik müavinətinə ilkin müraciətlərin sayı əvvəlki həftənin göstəricisindən 14 min, proqnozlaşdırılan göstəricidən isə 13 min az olaraq 249 min təşkil etmişdir. Bir digər maraq kəsb edən makroiqtisadi göstərici də S&P Global və Təchizat İdarəçiliyi İnstitutu (ISM) ayrılıqda açıqlanan ABŞ-da iyul ayı üzrə isteshsalat dinamikasına dair sorğunun nəticələri olmuşdur. S&P Global tərəfindən keçirilən sorğunun nəticələri ekspertlərin proqnozlarına uyğun açıqlansa da, ISM tərəfindən açıqlanan göstərici proqnozlaşdırılan göstəricidən 2 bənd az olmaqla 46,6 bənd təşkil etmişdir. Qeyd edək, ki 50-dən aşağı olan göstərici azalmanı, yuxarı olan isə müvafiq olaraq artmanı bildirir. Beləliklə, həftə ərzində açıqlanmış makroiqtisadi göstəricilərə baxdıqda ABŞ əmək bazarında səngimə olduğunu müşahidə etmək mümkündur. Əvvəlki həftə açıqlanmış qiymət dinamikası göstəricilərin məqbul olduğunu nəzərə alsaq, səngiyən əmək bazarı ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmağda daha rahat addım atmağına şərait yaratmaqdadır. Ötən həftə baş tutan ABŞ mərkəzi bankının görüşdündə gözlənildiyi kimi uçot faiz dərəcəsini azaltmamışdır. Buna baxmayaraq, ABŞ mərkəzi bankının sentyabr ayında baş tutacaq görüşündə uçot faiz dərəcəsini 50 faiz bəndi azaldacağına ekspertlər 73,50% ehtimal verir ki, bu da ötən həftə verilən 11,50% ehtimaldan kifayət qədər çoxdur. Ümumilikdə, cari makroiqtisadi xəbərlər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində ötən həftə azalma müşahidə edilmişdir. 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 40 faiz bəndi azalmışdir. Qeyd edək ki, bu göstərici ötən ilin dekabr ayından bu günədək müşahidə edilən ən aşağı gəlirlilik göstəricisidir.
Gələn həftə ABŞ-da xidmət sektorunun dinamikasını əks etdirən sorğunun nəticələri açıqlanacaqdır. Nəzərə aılsaq ki, son zamanlar ABŞ-da inflyasiyanın əsas daşıyıcısı xidmət sektoru olmuşdur, açıqlanan nəticələr ABŞ-da qiymət dinamikasının səngimə meylinin nə dərəcədə stabil olduğunu bildirəcəkdir. Bu isə, öz növbəsində, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini hansı miqyasda azaldacağına təsir göstərəcəkdir.
Son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 2,06% azalma nümayiş etdirmişdir. Ən çox dəyər itirən elektronika sənayesi və İKT (5,34%), energetika (4,11%) və məişət malları və əhali üçün xidmətlər (3,53%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşlar. Ən çox artım isə kommunal xidmətlər (4,29%) və tikinti və daşınmaz əmlak (2,77%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində müşahidə edilmişdir.
Həmçinin ötən həftə ABŞ-ın aparıcı fond bazarı indeksinə daxil olan və "Möhtəşəm Yeddiliyi” təmsil edən şirkətlərdən olan Microsoft (ticarət simvolu: MSFT), Meta Platforms (ticarət simvolu: META), Amazon (ticarət simvolu:AMZN) və Apple (ticarət simvolu: AAPL) şirkətlərinin rüblük maliyyə hesabatları açıqlanmışdır. Ümumilikdə, qeyd olunan şirkətlərin maliyyə göstəriciləri ekspertlərin proqnozlaşdırdıqlarından daha yaxşı olmuşdur. Amazon şirkətinin (ticarət simvolu:AMZN) xaric digər şirkətlərin səhm başına düşən mənfəət göstəriciləri ekspertlərin proqnoz etdikləri göstəriciləri üstələmişdir.
Açıqlanan maliyyə göstəricilərin ümumilikdə müsbət olmasına baxmayaraq, ötən həftə Apple (ticarət simvolu: AAPL) və Meta Platforms (ticarət simvolu: META) şirkətləri xaric “Möhtəşəm Yeddiliyi” təşkil edən digər şirkətlərin səhmlərinin dəyərində azalma müşahidə edilmişdir.
Qeyd olunan səhmlərin dəyərində azalmanın əsas səbəbi həmin şirkətlərin böyük həcmdə kapital xərcləri planlaşdırmaqlarıdır. Görünən odur ki, qeyd olunan şirkətlərin suni intellekt sahəsinə böyük investisiyalar davam etməkdə qərarlı olmaqları investorlar tərəfindən ehtiyyatla qarşılanır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
İyul ayında Avrozonada istehsalat dinamikasının səngiməsi Avropa Mərkəzi Bankının Avrozonada iqtisadiyyatı canlandırmaq üçün faiz endirimlərinə davam etməsi ehtimallarını artırmışdı. Nəticə olaraq, ötən həftənin ilk günlərində ABŞ dolları avroya qarşı stabil qalmışdır. Lakin, həftənin sonuna doğru ABŞ-da açıqlanmış əmək bazarı və istehsalat dinamikasına dair makroiqtisadi göstəricilərin zəif olması nəticəsində ABŞ dolları avroya nisbətdə dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərə əsasən ABŞ-da istehsalat həcmində səngimə müşahidə olunmuşdur. Əlavə olaraq, əmək bazarının dinamikasının fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini əvvəl proqnozlaşdırılandan daha yüksək miqyasda azaldacağı ehtimallarının güclənməsi Yaponiya yeninin ABŞ dollarına qarşı ötən həftə dəyər qazanmasına səbəb olmuşdur. Həmçinin, Yaponiya mərkəzi bankının pul siyasətini sərtləşdirməyə başlaması faktı da yenin dəyər qazanmasına təkan vermişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Yaxın Şərqdəki geosiyasi vəziyyətin gərginliyinin artması neftin qiymətinə müsbət təsir göstərmişdir. Buna baxmayaraq, ötən həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərin ABŞ iqtisadiyyatında istehsalat templərinin azaldığını bildirməsi neftə olan tələbatı da azaltmışdır. Həmçinin, Çin və Avrozonada da istehsalat dinamikasının zəifləməsi neftə olan tələbatın zəifləməsinə səbəb olmuşdur. Azalan tələbat neftin qiymətin mənfi təsir etmişdir, və Yaxın Şərqdəki gərgin geosiyası vəziyyətin neftin qiymətinə göstərdiyi müsbət təsiri azaltmışdır. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin sentyabr fyuçerslərinin qiyməti həftəlik (4,80%), Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə (4,39%) azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Ötən həftədə qızılın avqust fyuçerslərinin qiyməti 1,88% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 425,70 ABŞ dolları təşkil etmişdir. ABŞ-da iyul ayı üzrə açlqıanmış istehsalat və əmək bazarını əhatə edən makroiqtisadi göstəricilərin zəif dinamika əks etdirməsi ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin səngidiyinə işarə etmişdir. Nəticə olaraq, ekspertlərin ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini gözləniləndən daha böyük miqyasda azaldacağına dair verdiyi ehtimalların yüksəlməsi qızılın dəyərinin artmasına səbəb olmuşdur. Əlavə olaraq, Yaxın Şərqdəki münaqişənin yenidən kəskinlkəşməsi də investorlarda daha “təhlükəsiz” investisiya olaraq hesab etdikləri qızıla olan tələbatın artmasına təsir etmişdir və nəticəsində qızılın qiymətinin artmasına təkan vermişdir.