KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
5 noyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 21 investor iştirak etmiş və tələb təklifdən 28% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 10% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 32%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 19 milyon 483 min 500 manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,9178% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,4507 faiz bəndi çox olmuşdur.
7 noyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 15 investor iştirak etmiş və tələb təklifdən 30% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 10,70% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 23%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 50 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 10,4017% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,231 faiz bəndi çox olmuşdur.
16 noyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır. Qeyd edək ki, Bakı Fond Birjasında 19 noyabr 2024-cü il tarixində tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli, 21 noyabr tarixində isə tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçirələcəkdir. 19 noyabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat, 21 noyabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi isə 60 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
6 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Falcon Finance” BOKT MMC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə 18 ay olan təmin edilməmiş istiqrazları “standart bazar” seqmqntində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi 19 noyabr 2024-cü il tarixində birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
7 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 500 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə rəqabətli üsul ilə keçirilən hərrac yekunlaşmışdır. Hərracda 7 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir. Qeyd edək ki, BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazları üzrə növbəti hərrac 18 noyabr 2024-cü il tarixində baş tutacaqdır. İstiqrazların buraxılış həcmi 750 min manat təşkil edəcəkdir.
ABŞ kapital bazarı
Son iki həftəlik dövr ABŞ-da makroiqtisadi təqvim baxımdan əhəmiyyətli hadisələrlə zəngin olmuşdur. İnvestorlar və ekspertlərin maraqla gözlədiyi ən vacib hadisə ABŞ mərkəzi bankının növbəti görüşü olmuşdur. Həmin görüşün nəticəsi olaraq ABŞ mərkəzi bankı uçot faiz dərəcəsinin alt və üst həddini 25 baza bəndi azaltmışdır ki, bu da ekspertlərin gözləntiləri ilə eyni olmuşdur. Ötən iki həftəlik dövrdə ABŞ-da, həmçinin, bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Bu göstəricilərdən biri Miçiqan Universiteti tərəfindən keçirilən və noyabr ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun ilkin nəticələri olmuşdur. Sözügedən sorğunun nəticəsi 73 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 2 bənd, əvvəlki ayın göstəricisindən isə 1,5 bənd çox olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər çox olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Bir digər maraq kəsb edən makroiqtisadi göstərici “S&P Global” və “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən və oktyabr ayı üzrə ABŞ iqtisadiyyatının xidmət sektorundakı aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) yekun nəticələri olmuşdur. “ISM” tərəfindən açıqlanan xidmət sektoru üzrə PMI göstəricisi 56 bənd təşkil etmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi göstəricidən 2,2 bənd, əvvəlki ayın göstəricisindən isə 1,1 bənd çox olmuşdur. “S&P Global” tərəfindən açıqlanan xidmət sektoru üzrə PMI isə həm proqnoz edilən, həm də əvvəlki ayın göstəricisindən 0,3 bənd az olaraq 55 bənd təşkil etmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivliyin artmasını, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmasını bildirir. ABŞ-da son iki həftəlik dövrdə açıqlanmış ən əhəmiyyətli makroiqtisadi göstərici oktyabr ayını əhatə edən istehlak qiymətləri indeksi (CPI) olmuşdur. Volatil olan qıda məhsulları qiymətləri və enerji xərcləri xaric əsas CPI indeksi oktyabr üzrə aylıq miqyasda 0,3%, illik miqyasda isə 3,3% artım nümayiş etdirmişdir ki, bu da həm ekspertlərin proqnoz etdiyi, həm də əvvəlki ayın göstəricisi ilə eyni olmuşdur. Oktyabr üzrə ümumi CPI göstəricisi də, həmçinin, aylıq miqyasda ekspertlərin proqnoz etdiyi və əvvəlki ayın göstəricisi ilə eyni olaraq 0,2% artım göstərmişdir. Sözügedən göstərici oktyabr üzrə illik miqyasda isə əvvəlki ayın göstəricisindən 0,2% çox olaraq 2,6% artım nümayiş etdirmişdir. Bunun əsas səbəbi hazırda ABŞ-ın əmlak bazarında müşahidə edilən yüksək qiymətlər olmuşdur. Son iki həftəlik dövrün makroiqtisadi göstəriciləri fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi 0,06 faiz bəndi artaraq 4,43% təşkil etmişdir.
ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələri investorlar tərəfindən müsbət qarşılanmışdır. Belə ki, Tramp administrasiyanın korporativ vergi dərəcələrini, həmçinin, şirkətlər üzərində dövlət tənzimləməsi yükünü azaltmağa dair verdiyi vədlər fonunda ABŞ fond bazarı yüksəlişə keçmişdir. Son həftə yeni ABŞ administrasiyasında baş tutacaq təyinatlarda qeyri-müəyyənlik fond bazarına nisbətən mənfi təsir etsə belə, ümumilikdə, son iki həftəlik dövr ərzində ABŞ-ın həm böyük, həm də kiçik bazar kapitalizasiyalı şirkətlərinin səhmlərinin performansını əks etdirən əsas fond bazarı indeksləri artım nümayiş etdirmişlərdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” həftə ərzində 2,48% artmışdır. Ən çox artım energetika (7,61%), maliyyə xidmətlər (6,93%), məişət malları və əhali üçün xidmətlər (6,77%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. Ən çox dəyər itirən isə səhiyyə (3,99%) sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşdur. Energetika sahəsindəki artımın əsas səbəbi yeni seçilmiş ABŞ prezident administrasiyasının ənənəvi enerji mənbələrinə qarşı müsbət yanaşması, və ABŞ şirkətlərinə bu sahədə məhdudiyyətlər qoyulmasının tərəfdarı olmadığı faktı olmuşdur. Məişət malları və əhali üçün xidmətlər sektorundakı artımın əsas pay sahibi “Tesla” şirkəti (ticarət simvolu: TSLA) olmuşdur. Şirkətin rəhbəri və səhmdarı olan İlon Maskın (Elon Musk) yeni ABŞ hökumətində vəzifəyə təyin ediləcəyi və yeni seçilmiş ABŞ prezidenti Donald Tramp ilə yaxın münasibətdə olması investorlar tərəfindən şirkətin gələcək perspektivinə olan inamı artırmışdır. Belə ki, şirkətin səhmlərinin dəyəri son iki həftədə 28,81% artmışdır. Maliyyə sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərinin artmasına əsas səbəb isə yeni ABŞ administrasiyasının korporativ vergi dərəcələri və tənzimləmə tələblərini azaltmasına dair planları olmuşdur. Səhiyyə sektorunun şirkətlərinin dəyər itirməsinə isə yeni ABŞ hökümətində Robert Kenedinin (Robert Kennedy) səhiyyə departamentinə rəhbərlik edəcəyi xəbərləri olmuşdur. Qeyd edək ki, populist çıxışlar ilə seçilən Robert Kenedi eyni zamanda ABŞ-dakı mövcud səhiyyə sisteminə və vaksinləşdirməyə qarşı mövqeyi ilə tanınır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
ABŞ prezident seçkilərinin qalibi Donald Trampın idxal olunan məhsullara tarif tətbiq etmə, vergi dərəcələrini azaltma, dövlət tənzimləmə mexanizmlərini yumşaltma, həmçinin, qeyri-qanuni immiqrasiya ilə mübarizə planları ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin artacağı ehtimallarını bərabərində gətirmişdir. Bu ehtimallar fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini əvvəlki planladığı tempdə endirməyə davam edəcəyinə ekspertlərdə şübhələr yaranmışdır. Qeyd olunan amillər ABŞ dollarının möhkəmlənməsinə təkan vermişdir. Əlavə olaraq, ABŞ-da tətbiq edilə biləcək tariflərin Avrozonadakı iqtisadi artım tempinə mənfi təsir göstərmə perspektivi, həmçinin, Almaniyada davam edən siyasi böhran avronun mövqeyini zəiflətmişdir.. Nəticə olaraq, ötən iki həftə ərzində avro ABŞ dollarına qarşı tutarlı miqyasda dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Əvvəl qeyd etdiyimiz kimi yeni seçilmiş ABŞ prezidenti Donald Trampın vədd etdiyi iqtisadi siyasət nəticəsində ABŞ-da inflyasiya təzyiqlərinin arta biləcəyi, və bu faktın ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirmə tempinə təsiri ABŞ dollarının möhkəmlənməsinə səbəb olmuşdur. Yaponiya mərkəzi bankının son dövrdə faiz dərəcələrini artırmağa qətiyyətsizliyi, eyni zamanda ABŞ iqtisadiyyatında yüksək faiz dərəcələri dövrünün gözləniləndən daha uzun müddət davam edəcəyi ehtimallarının artması Yaponiya və ABŞ mərkəzi banklarının həyata keçirdiyi pul siyasətləri arasındakı fərqin arta biləcəyinə dair işarə vermişdir. Əlavə olaraq, ABŞ fond bazarındakı yüksəlişi də nəzərə alsaq, yuxarıda qeyd olunan amillər Yaponiyada “carry trade”, yəni bir ölkədə aşağı faizlə vəsait əldə edib digər ölkədə daha yuxarı faiz gəlirli investisiya etmək strategiyasının artmasına səbəb olmuşdur. Nəticə olaraq, son iki həftəlik dövrdə Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın ABŞ-da neft hasilatını artırmağın tərəfdarı olması dünyada neftə olan tələbatın azalması fonunda neftin dəyərinə mənfi təsir etmişdir. Həmçinin, yeni ABŞ hökumətinin Çin iqtisadiyyatına qarşı tariflər tətbiq etmə planları, dünyanın ən böyük iki neft istehlakçısından biri olan Çinin neftə olan tələbatının azalması ehtimallarını gücləndirmişdir . Yaxın Şərqdəki münaqişənin bölgənin neft infrastrukturuna potensial təhlükəsinin azalması fonunda, qeyd olunan amillər dünya bazarında son iki həftəlik dövrdə neftin qiymətinin enməsinə əsas səbəblər olmuşlar. Ümumilikdə, ötən iki həftədə WTI markalı Amerika xam neftinin dekabr fyuçerslərinin qiyməti həftəlik 3,55%, Brent markalı Avropa neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,82% azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
ABŞ dollarının digər əsas valyutalara qarşı möhkəmlənməsi dünya bazarında qızılın dəyərinin enməsinə səbəb olmuşdur. Əlavə olaraq, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın tərəfdarı olduğu iqtisadi siyasət ABŞ-da inflyasiya təzyiqlərinin artması ehtimallarını artırmışdır. Bu isə, öz növbəsində, ABŞ mərkəzi bankının faiz dərəcələrini yüksək tutmağına səbəb ola biləcək amildir. Bu fonda ABŞ dövlət istiqrazlarının gəlirliliklərinin artması faiz gəliri qazandırmayan investisiya olan qızılın dəyərinə mənfi təsir etmişdir. Nəticə olaraq, ötən iki həftəlik dövrdə qızılın noyabr fyuçerslərinin qiyməti 6,67% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 565,70 ABŞ dolları təşkil etmişdir.