Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 6 – 10 aprel 2026-cı il

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar

3 aprel 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin nominal dəyəri 55 manat, ümumi buraxılış həcmi isə 51,3 milyon manat olan adlı, adi səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Səhmlərin yerləşdirilməsi abunə yazılışı formasında olacaq və 13 aprel 2026-cı il tarixindən 12 may 2026-cı il tarixinə qədər həyata keçiriləcəkdir. Səhmlərin yerləşdirilməsi tarixi isə emitent tərəfindən bildiriləcəkdir.


7 aprel 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “BQ” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac formasında olacaq və 31 mart 2026-cı il tarixindən 29 aprel 2026-cı il tarixinə qədər həyata keçiriləcəkdir. İstiqrazların yerləşdirilməsi isə 30 aprel 2026-cı il tarixində baş tutacaqdır.


10 aprel 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi rəqabətli hərrac formasında olacaq və tarixi emitent tərəfindən bildiriləcəkdir.


ABŞ kapital bazarı


İstehlakçı qiymət indeksinin (CPI) illik miqyasda dəyişimi mart ayında 3,3% artmış, bu da 2024-cü ilin may ayından bəri ən yuxarı göstərici olmuşdur. Volatil qida və enerji qiymətləri istisna olunan baza istehlakçı qiymət indeksi (core CPI) isə 2,6% səviyyəsinə, sadəcə 0,1 faiz bəndi artmışdır. Volatil qida və enerji qiymətləri istisna olunan baza şəxsi istehlak xərcləri isə (core PCE) eyni dövrdə 3.0% olaraq qeydə alınmışdır. ABŞ mərkəzi bankının əsas inflyasiya göstəricisi hesab etdiyi şəxsi istehlak xərclərinin (PCE) illik miqyasda dəyişimi isə fevral ayında 2,8% səviyyəsində sabit qalmışdır.


Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 4 aprel tarixində bitən həftə üçün 7 min artaraq 219 min səviyyəsində qalxmışdır. 28 martda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 38 min azalaraq 1,794 milyon nəfərə çatmışdır.


Geridə qoyduğumuz dövr ərzində gəlirlilik əyrisinin bütün tədavül müddətləri üzrə gəlirlilikdə azalma müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna 13 marta nisbətdə 0,04 faiz bəndi azalaraq 4,31% təşkil etmişdir.



ABŞ və İran İslam Respublikası arasında 2 həftəlik atəşkəs elan olunması, qlobal bazarda risk iştahasını və nikbinliyi artırmış, ABŞ-ın əsas fond bazarı indeksləri həftəni müsbət bitirmişdir.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 3,56% artmışdır. Elektronika sənayesi və İKT (4,88%) sektoru başda olmaqla, əksər sektorlarda artım müşahidə olunmuş, dəyər itkisi yalnız energetika (3,90%) sektoru şirkətlərinin səhmlərində müşahidə edilmişdir.



“OpenAI” şirkətinin rəhbərliyi son maliyyələşdirmə raundunda toplanmış məbləğin hansı istiqamətdə istifadə edilməli olduğu barəsində qərarsızdır. Şirkətin Maliyyə Direktoru Sara Frayar, “OpenAI”-ın 600 milyard ABŞ dolları dəyərində olan xərc öhdəliklərindən narahatdır və bu, onu İcraçı Direktor Sem Altman ilə narazılığına gətirib çıxarır. İkilinin şirkətin nə vaxt ilkin kütləvi təklif (IPO) etməli olduğu barədə fikirləri də fərqlənir: Altman, cari ilin dördüncü rübünə qədər “OpenAI”-ın IPO etməli olduğunu deyir, lakin Frayar şirkətin IPO ilə əlaqədar olan prosedurlara və xərc öhdəliklərindən yaranan risklərə görə 2026-cı ildə IPO etməməli olduğunu bildirir. Qeyd edək ki, Sem Altmanın şirkət daxili narazılıqları 2021-ci ildə Dario Amodeyin şirkətdən ayrılması (və “Anthropic” startapını qurması) və 2023-cü ildə müvəqqəti olaraq Altmanın İcraçı Direktor vəzifəsindən çıxarılması ilə nəticələnmişdi.


“Anthropic” şirkəti mart ayının sonuna illik 30 milyard ABŞ dolları həcmində gəlir əldə etdiyini demişdir. Bu göstərici, 2025-ci ilin sonundakı illik 9 milyarddan və “OpenAI”-ın martın sonuna olan 24 milyard ABŞ dolları dəyərindəki illik gəlirindən çoxdur. Əlavə olaraq, “Anthropic” şirkəti “Claude Opus”-dan çox daha bacarıqlı olan, və ictimaiyyətə açılmasının hal-hazırda təhlükəli olduğunu düşündüyü “Mythos” modelini “Project Glasswing” layihəsi əsasında kibertəhlükəsizlik şirkətlərinin istifadəsinə təqdim etmişdir. Qlobal internet şəbəkəsindəki açıqların aradan qaldırılmasından sonra “Mythos” geniş istifadəyə açılacaq. “Mythos”-un anons olunması ilə proqram təminatı şirkətlərinin səhmlərinin satışı - “SaaSapocalypse” trendi davam etmiş, “Cloudflare” (ticarət simvolu: NET), “Snowflake” (ticarət simvolu: SNOW), “ServiceNow” (ticarət simvolu: NOW),  20%-ə yaxın, “Cloudflare” (ticarət simvolu: WDAY), “Palantir Technologies” (ticarət simvolu: PLTR) 15% dəyər itirmişdir.


“Anthropic”-in kapital bazarına digər bir təsiri isə “CoreWeave” (ticarət simvolu: CRWV) şirkəti ilə imzaladığı bulud xidmətləri müqaviləsi nəticəsində məlumat mərkəzləri üzrə fəaliyyət göstərən şirkətlərin səhmlərinin dəyərini artırmağıdır. Sözügedən şirkətin səhmləri 24%, “Nebius Group” (ticarət simvolu: NBIS) 33%, şəbəkə sistemləri “Astera Labs” (ticarət simvolu: ALAB) 27% artmışdır. “Intel” (ticarət simvolu: INTC) şirkəti isə “Tesla”-nın (ticarət simvolu: TSLA) “Terafab” mikrosxem istehsalı layihəsi üçün anlaşmadan sonra 24% artım göstərmişdir.

VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə ərzində ABŞ dolları avroya nisbətdə dəyər itirmişdir. Dollarının son həftə ərzində nümayiş etdirdiyi dəyər itkisi cari ilin yanvar ayından bəri müşahidə edilən ən böyük itki olmuşdur. Xatırladaq ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın başlaması ilə investorların “təhlükəsiz liman” investisiya seçimi olaraq ABŞ dollarına marağını artırmış, bu isə öz növbəsində, əvvəlki həftələr ərzində ABŞ dollarının dəyərinin artmasına səbəb olmuşdur. Ümumilikdə, mart ayı ərzində neftin dəyərinin artmasının fond bazarını və qızılın dəyərini, inflyasiya təzyiqinin isə istiqrazların dəyərini sıxması nəticəsində ABŞ dolları investorların gözündə ən əsas “təhlükəsiz” aktiv olaraq önə çıxmışdır.  Lakin, ötən həftənin başlaması ilə körfəzdəki hərbi qarşıdurmanın nisbətən sakitləşməsi və potensial olaraq diplomatiyanın önə çıxacağı ehtimallarının zəmin qazanması, neft tədarükünün bərpa olunmasına ümidləri artırmışdır. Bu hal investorların “təhlükəsiz” aktiv olaraq aldıqları ABŞ dollarını satmağına təkan vermişdir. Ötən həftənin cümə axşamı ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan olunması və danışıqların başlanmasının bəyan edilməsi həftənin sonuna doğru ABŞ dollarının avroya qarşı daha da dəyər itirməsi ilə nəticələnmişdir. Görünən odur ki, atəşkəsin olduqca qırılqan olmasına baxmayaraq, investorlarda hərbi münaqişənin ən pis ssenaridən uzaq olduğuna dair konsensus rəy formalaşmışdır.


USD/JPY məzənnəsinin dinamikası

Yuxarıda qeyd etdiyimiz kimi, ötən həftə ərzində ABŞ və İran arasındakı münaqişənin intensivliyinin azalması, investorların münaqişənin öz həllini tapmasına dair ümidlərini artırmışdır. Həftənin cümə axşamı günü ABŞ və İran arasında 2 həftəlik atəşkəs elan edilməsi və sülh danışıqlarının başlaması, Yaponiya yeninin ABŞ dollarına səbəb olmuşdur. Yenin artımına təsir edən müsbət amillərdən biri də, Yaponiyanın Baş Naziri Sanae Takaiçinin ABŞ və İran rəsmiləri ilə Yaponiyanın enerji təhlükəsizliyinin təmini üçün apardığı danışıqların investorlar tərəfindən müsbət qarşılanması olmuşdur. Buna baxmayaraq, son dövrlər Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini artırmaqda tərəddüd etməsi, Yaponiya yeninin dəyərinin artımını limitləmişdir, bununla da ABŞ dolları Yaponiya yeninə nəzərən dəyər qazanmış, lakin həftəlik mövqe itkisini geri ala bilməmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftənin çərşənbə günü ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında 2 həftə müddətinə atəşkəsin razılaşdırıldığını bildirmiş, bu xəbər İranın Xarici İşlər Naziri Abbas Əraqçi tərəfindən təsdiqlənmişdir. Bununla da neft qiymətləri cümə axşamı günü kəskin dəyər itirmişdir. Lakin tərəflərin atəşkəsin bəndləri üzrə anlaşa bilməməsi, İranın digər körfəz ölkələrinə, ABŞ-ın müttəfiqi İsrailin isə Livana hücumları və Hörmüz boğazından keçid icazəsinin sərbəst və yaxud İrandan asılı olacağı ilə bağlı mübahisələr, qlobal bazarda neftin gələcək tədarükü, eləcə də silahlı münaqişənin davam edəcəyi ilə bağlı narahatlıqları artırmış, neft qiymətləri dəyər itkisini nisbətən limitləyə bilmişdir.


Nəticədə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin may fyuçerslərinin qiyməti 13,42%, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 12,68% azalmışdır.


Qızılın qiymətinin dinamikası

ABŞ-İran münaqişəsinin müvəqqəti olaraq atəşkəs ilə sonlanması, son zamanlar riskli aktivlərlə oxşar hərəkət edən qızılın, qlobal bazarda risk iştahası artdığı üçün qiymətinin artmasına səbəb olmuşdur. Bu artıma həmçinin neft qiymətlərinin mart ayı boyunca yüksək qalmasının yaratdığı inflyasiyaya qarşı investisiya da daxildir.

Nəticədə, qızılın 2026-cı ilin iyun ayı üçün olan fyuçerslərinin qiyməti ötən həftə ərzində 2,30% artaraq 4787,4 ABŞ dollarına çatmışdır.