Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 18 – 22 may 2026-cı il

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


26 may 2026-cı il tarixində Bakı Fond Birjasında tədavül müddəti 10 il, kupon dərəcəsi 7% olan dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 200 milyon manat təşkil edəcəkdir. Qeyd edək ki, dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi aşağıdakı kimidir.



Korporativ qiymətli kağızlar


21 may 2026-cı il tarixində Bakı Fond Birjasında "FERRUM CAPİTAL" QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş, adlı istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 50 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


22 may 2026-cı il tarixində Bakı Fond Birjasında "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş, adlı istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 52 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı


Ötən həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır.


Bu makroiqtisadi göstəricilərdən biri “S&P Global” tərəfindən keçirilən may ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələri olmuşdur. İstehsalat sahəsi üzrə PMI göstəricisi 55,3 bənd təşkil etmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi göstəricidən 1,5 bənd, əvvəlki ayın göstəricisindən isə 0,8 bənd çox olmuşdur. Qeyd etmək lazımdır ki,  istehsalat sahəsi üzrə cari PMI göstəricisi son 4 ildə ən yüksək göstərici olmuşdur.  Xidmət sektorun üzrə PMI göstəricisi isə proqnoz ediləndən 0,3 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 0,1 bənd az olaraq 50,9 bənd təşkil etmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivliyin artmasını, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmasını bildirir.


Həftənin bir başqa diqqət çəkən makroiqtisadi göstəricisi Miçiqan Universiteti tərəfindən keçirilən və  may ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun yekun nəticələri olmuşdur. Sözügedən sorğunun nəticəsi rekord aşağı səviyyəyə düşərək 44,8 bənd təşkil etmişdir ki, bu da həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 3,4 bənd az olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər yüksək olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Görünən odur ki, yaşayış xərclərini yüksəlməsi ABŞ istehlakçıları üçün əsas narahatlıq amili kimi ön plana çıxmaqdadır.


Açıqlanan bir digər makroiqrtisadi göstərici ABŞ-da işsizlik üzrə müavinətə ilkin müraciətlərin həftəlik sayı olmuşdur. Belə ki, 16 may 2026-cı il tarixində bitən həftə üzrə işsizlik müavinətinə ilkin müraciətlərin sayı  209 min olmuşdur ki, bu da proqnoz edilən saydan 1 min, əvvəlki həftənin göstəricisindən isə 2 min azdır.


Ötən həftə ərzində ABŞ qısa və ortamüddətli xəzinədarlıq istiqrazlarının gəlirliliklərində artım, uzunmüddətli xəzinədarlıq istiqrazlarının gəlirliliklərində isə azalma müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,05 faiz bəndi azalaraq 4,56% təşkil etmişdir.



Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq süni intellekt (AI) sahəsi üzrə investorlarda nikbinliyin artması geridə qoyduğumuz həftə ərzində ABŞ fond bazarına müsbət təsir etmişdir.  Əlavə olaraq, həftənin sonuna doğru ABŞ və İran arasında razılaşma əldə edilməsinə dair ümidlərin artması da fond bazarı göstəricilərinin artmasına təkan vermişdir.


ABŞ-ın əsas fond bazarı indekslərinin hamısı həftə ərzində artım nümayiş etdirmişdir. “Dow Jones Industrial Average” (2,13%) və “Russell 2000” (2,72%) ən çox artan fond bazarı indeksləri olmuşdur.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,88% artmışdır. Ən çox artım kommunal xidmətlər (3,37%), səhiyyə (3,30%), tikinti və daşınmaz əmlak (3,08%) sahələrini təmsil edən şirkətlərin səhmlərində, ən çox azalma isə rabitə xidmətləri (0,53%) təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.



Ötən həftənin ən diqqət çəkən xəbəri “NVIDIA” (ticarət simvolu: NVDA) şirkətinin birinci rüb üzrə maliyyə hesabatlarını açıqlaması olmuşdur. Şirkətin gəlirləri rüblük 81,6 milyard (gözlənti 79,2 milyard) ABŞ dolları, EPS 1,87 (gözlənti 1,77) ABŞ dolları, gəlirlər üçün ikinci rüb üzrə menecment proqnozu 91 milyard ABŞ dolları (gözlənti 87,4 milyard) olmuşdur. Həmçinin şirkət səhm üzrə dividendi 0,01 ABŞ dollarından 0,25-ə artırmışdır. Şirkətin ümumi marjası isə 75% olmuşdur (gözlənti 75,1%). Nəticə olaraq, şirkətin səhmləri hesabatdan sonra 1% azalmışdır.


“Walmart” (ticarət simvolu: WMT) şirkəti birinci rüb üzrə investor gözləntilərini aşsa da, ikinci rüb və 2026-cı il üzrə verdiyi menecment proqnozu gözləntilərin altında qalmışdır. Belə ki, şirkət birinci rübdə 177,8 milyard ABŞ dolları gəlir əldə etmiş (gözlənti 174,8 milyard), EPS göstəricisi 0,66 ABŞ dolları olmuşdur (gözləntilərə paralel). Lakin 2026-cı ildə gözlənilən böyümə 3,5-4,5% olaraq açıqlanmışdır ki, bu da 5%-lik investor gözləntisindən aşağıdır. Şirkətin Baş İcraçı Direktoru Con Reyni bu rüb və davamı üçün “nisbətən yüksək pərakəndə qiymətlər inflyasiyası” gözlədiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, “yüksək büdcəli müştərilər alışları artırmışdır, aşağı büdcəli müştərilər isə maliyyə çətinlikləri ilə üzləşir”.


“OpenAI” şirkəti sentyabr ayında IPO etməyə hazırlaşır. Bu tarix öncəki 2026-cı ilin sonu – 2027 gözləntilərindən daha əvvəldir. Şirkətin birinci rüb gəlirləri 5,7 milyard ABŞ dollarını keçmişdir ki, bu da “Anthropic”-in eyni dövr üçün olan gəlirlərindən 1 milyard ABŞ dolları daha çoxdur.


“OpenAI” qurucusu Andrey Karpati “Anthropic” şirkətinə qoşulmuşdur.


“Space Exploration Technologies” şirkəti “IPO” üçün ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) S-1 faylını təqdim edib. S-1 faylında qeyd olunan məlumatlara görə, şirkətin 1-ci rüb gəlirləri 4,69 milyard ABŞ dolları, xalis zərəri isə 4,28 milyard ABŞ dolları olmuşdur. Şirkətin əsas gəliri “Starlink” peyk interneti xidmətindən, əsas xərcləri isə ötən il satın alınmış “xAI” şirkətindəndir.


“Blockchain.com” kriptovalyuta birjası şirkəti də ötən həftə S-1 faylını təqdim etmişdir.


“Samsung Electronics” şirkətinin işçilərinin “SK Hynix” səviyyəsində bonusların verilmədiyi təqdirdə tətil planları Cənubi Koreya hökuməti tərəfindən aradan qaldırılmış, “etirazlar zamanı işin axsadılmasının qadağan olunması” ilə bağlı qərar qəbul edilmişdir. Ötən həftənin çərşənbə günü isə şirkət və işçilər arasında razılaşma əldə olunmuş, şirkət əməliyyat mənfəətinin 10%-ni işçilərə bonus olaraq verməyi qəbul etmişdir. Qeyd edək ki, “SK Hynix” şirkətinin də performans əsaslı bonusları bu səviyyədədir.


“Spotify” (ticarət simvolu: SPOT) şirkətinin səhmləri investorların birinci rüb və 2030-a qədərki dövr üçün gəlir artımı gözləntilərini qarşılamışdır. Əlavə olaraq, şirkət süni intellekt əsaslı yeni “AI Remix” məhsulunu da təqdim etmişdir. Nəticə olaraq, şirkətin səhmlərinin dəyəri 13%-ə yaxın artmışdır.


ABŞ hökuməti kvant şirkətlərinə 2 milyard ABŞ dolları qrant ayırmışdır. “International Business Machines” (ticarət simvolu: IBM) 1 milyard, “Globalfoundries” (ticarət simvolu: GFS) 375 milyon, “D-Wave Quantum” (ticarət simvolu: QBTS), “Rigetti Computing” (ticarət simvolu: RGTI), “Infleqtion” (ticarət simvolu: INFQ), “Atom Computing”, “PsiQuantum” və “Quantinium” isə hər biri 100 milyon ABŞ dolları dəyərində qrant qazanmışdır. Nəticədə “IBM” və “Globalfoundries” 15%-ə yaxın, digər sözügedən şirkətlər isə 30%-ə yaxın dəyər qazanmışdır.


Nebius Group” (ticarət simvolu: NBIS) neobulud şirkəti ilə “Bloom Energy” (ticarət simvolu: BE) təmiz enerji şirkəti arasında təchizat razılaşması əldə olunmuş, şirkətlərin səhmləri uyğun olaraq 15% və 9% artmışdır. “Nebius” həmçinin bəzi GPU-lar üzrə xidmət haqqını 30%-ə yaxın artırmışdır.


“Applied Digital” (ticarət simvolu: APLD) neobulud şirkəti isə adı konfidensial olan bir hipermiqyaslı müştəri ilə olan kontraktını 430 meqavatdan 1 giqavata artırmış, şirkətin səhmləri 22% artmışdır.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftənin ilk günü ABŞ dolları avroya nisbətdə dəyər itirsə də, həftənin qalan hissəsi ərzində avroya qarşı dəyər qazanmağa başlamışdır. ABŞ ilə İran arasındakı danışıqlarda irəliləyiş olma ehtimalının artmasına baxmayaraq Hörmüz boğazının gəmiçiliyə bağlı qalması Avrozona iqtisadiyyatına mənfi təsir etməkdədir. Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyası 2026-cı il üzrə Avrozona üzrə iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirərək azaltmışdır. Qururm bu addımını “ciddi enerji şoku” və “dəyişkən geosiyasi və ticarət mühiti” ilə əlaqələndirmişdir. Belə ki, cari ildə Avrozona üzrə ÜDM artımı proqnozu 0,9%-ə endirilmişdir ki, bu da əvvəlki proqnozdan 0,5 faiz bəndi az olmuşdur. ABŞ iqtisadiyyatında isə son dövrdə inflyasiya təzyiqlərin artması müşahidə edilməkdədir. Miçiqan Universiteti tərəfindən keçirilən və  may ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun yekun nəticələri bariz şəkildə göstərmişdir ki, ABŞ-da istehslakçılar inflyasiyanın təzyiqini hiss etməyə başlamışdılar. Həmçinin, ABŞ mərkəzi bankının rəhbər şəxslərinin ritorikasında da inflyasiya mövzusu ön plana çıxmaqdadır. Belə ki, faiz dərəcələrinin aşağı endirilməsi tərəfdarı kimi tanınan ABŞ mərkəzi bankının idarə heyətinin üzvü Kristofer Uoller bildirmişdir ki, ABŞ mərkəzi bankı pul-kredit siyasətində yumşaltma istiqamətindən geri çəkilməli və uçot faiz dərəcələrini artırma ehtimallarını gözardı etməməlidir. Ekspertlər ABŞ mərkəzi bankının cari ilin oktyabr ayınadək faiz dərəcələrini artırması ehtimalını hazırda 50% olaraq dəyərləndirirlər. Ümumilikdə, yuxarıda qeyd olunan amillər ötən həftə ərzində ABŞ dollarının avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası


ABŞ dollarının ötən həftə ərzində güclənməsi və neftin qiymətinin yüksək olması Yaponiya yeninin dəyəri üçün təzyiq yaratmaqdadır. ABŞ mərkəzi bankının pul-kredit siyasətini sərtləşdirmə ehtimalları fonunda Yaponiya mərkəzi bankının eyni istiqamətdə hərəkət etməsi hazırda real görsənmir. Belə ki, aprel ayı üzrə Yaponiyada baza istehlak qiymətləri indeksinin son 4 ilin ən aşağı səviyyəsinə düşməsi son zaman faiz dərəcələrini artırmaqda qərarsız olan Yaponiya mərkəzi bankını daha da çətin vəziyyətə salmışdır. Bu fonda geridə qoyduğumuz həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər itirmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


ABŞ ilə İran arasında hələ də razılaşma əldə edilməməsinə baxmayaraq, danışıqlarda müəyyən irəliləyiş olmasına dair xəbərlər Hörmüz boğazının yaxın zamanda gəmiçiliyə yenidən açılması ehtimallarını artırmışdır. Əlavə olaraq, Birləşmiş Ərəb Əmirliklərinin OPEC üzvlüyündən çıxmağa qərar verməsi neftin dünya bazarındakı təklifinin artımasına səbəb ola bilər. Bu amillər ötən həftə ərzində neftin dünya bazarındakı dəyərinə mənfi təsir göstərmişdir. Belə ki, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 4,38%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 5,24% azalmışdır.

Qızılın qiymətinin dinamikası


Ötən həftə ərzində dünya bazarında qızılın dəyəri azalmışdır. Yaxın Şərdəki münaqişənin razılıqla bitməsi ehtimalının artması “təhlükəsiz liman” investisiya seçimi olan qızılın dəyərinə mənfi təsir göstərmişdir. Habelə, ABŞ iqtisadiyyatındakı inflyasiya təzyiqlərinin artması fonundan ABŞ mərkəzi bankının yaxın gələcək üçün pul-kredit siyasətini sərtləşdirə biləcəyinə dair işarələr verməsi faiz gəliri gətirməyən aktiv olan qızılın qiymətinə təzyiq edən bir başqa amil olmuşdur. Nəticə olaraq, ötən həftə qızılın avqust fyuçerslərinin qiyməti 0,85% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  4 556,40 ABŞ dolları təşkil etmişdir.