HƏFTƏNİN XÜLASƏSİ
ABŞ kapital bazarı: Son üç həftədə açıqlanan makroiqtisadi göstəricilər qarışıq dinamika nümayiş etdirmişdir. FED sədri Kevin Uorşun sərt pul-kredit siyasətə yönəlik ritorikası faiz artımı gözləntilərini gücləndirmişdir. Nəticədə ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri artmış və əsas fond indeksləri, xüsusilə kiçik və orta kapitalizasiyalı şirkətləri təmsil edən “Russell 2000” və “S&P 400 Midcap” indeksləri azalmışdır.
Valyuta bazarı: ABŞ-da faizlərin artması ehtimalları artsa da, ABŞ dolları avroya və Yaponiya yeninə nisbətdə dəyər itirmişdir.
Əmtəə bazarları: Hörmüz boğazında geosiyasi gərginliyin artması neftin dünya bazarındakı qiymətini artırmışdır. Geosiyasi amil qızılın qiymətini dəstəkləsə də, FED-in faizləri yüksəldəcəyinə dair verilən ehtimallarının zəmin qazanması bu artımı məhdudlaşdırmışdır.
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
1 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 7% tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 21 investor iştirak etmiş və tələb təklifdən 150% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,25% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 31%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 6,9784% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,2701 faiz bəndi az olmuşdur. Bildirək ki, istiqrazların reallaşdırılmış həcmi ilkin planlaşdırırlan buraxılış həcmindən 73% çox olmuşdur. Qeyd edək ki, 8 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 7%, tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 200 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
19 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında BOKT "International" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 51 investor iştirak etmiş və tam həcmdə yerləşdirilmiş istiqrazlar üzrə ortaçəkili gəlirlilik 15% təşkil etmişdir.
20 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "FERRUM Kapital" QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 52 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
21 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 51 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 15 milyon manat, illik gəlirlilik (kupon) faizi 10,5%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçirilmişdir. Abunə yazılışında 125 investor iştirak etmiş, tələb təklifi 304% üstələmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir. İstiqrazlar üzrə ortaçəkili gəlirlilik 10,5% təşkil etmişdir.
31 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında BOKT "International" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 50 investor iştirak etmiş və tam həcmdə yerləşdirilmiş istiqrazlar üzrə ortaçəkili gəlirlilik 15% təşkil etmişdir.
1 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "KƏPƏZ BOKT" MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 50 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
1 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında BOKT "EMBAFİNANS" QSC -nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik (kupon) faizi 13%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 51 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
ABŞ kapital bazarı
Son üç həftəlik dövrdə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır.
Diqqət çəkən makroiqtisadi göstəricilərdən biri ABŞ-ın İqtisadi Analizlər Bürosu tərəfindən dərc edilmiş cari ilin ikinci rübü üzrə ölkə ÜDM-nin ikinci dərci olmuşdur. Dərcə əsasən cari ilin ikinci rübündə ABŞ ÜDM-i proqnozları qarşılayaraq 1,5% artmışdır ki, bu da əvvəlki rübün dinamikası ilə eyni olmuşdur.
ABŞ-ın İqtisadi Analizlər Bürosu, həmçinin cari ilin iyul ayı üzrə qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksini açıqlamışdır. Belə ki, qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi iyul üzrə aylıq 0,2% artmışdır ki, bu da proqnoz edilən ilə eyni olsa da, əvvəlki ayın analoji göstəricisindən isə 0,1 faiz bəndi çox olmuşdur. İyul üzrə sözügedən makroiqtisadi göstəricinin illik atımı isə proqnozları qarşılayaraq əvvəlki ayda olduğu kimi 3,3% təşkil etmişdir. Vurğulamaq lazımdır ki, baza şəxsi istehlak xərcləri qiymət indeksi ölkə iqtisadiyyatındakı qiymət dinamikasını əks etdirmə baxımdan ABŞ mərkəzi bankının (FED) ən üstünlük verdiyi göstəricidir.
ABŞ-da istehlakçıların ölkə iqtisadiyyatına olan inamı və gözləntilərini əks etdirən “Conference Board” və Miçiqan Universiteti tərəfindən keçirilən ənənəvi sorğuların nəticələri də maraq doğurmuşdur. “Conference Board” tərəfindən dərc edilən və ABŞ iqtisadiyyatında cari ilin avqust ayı üzrə istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, habelə, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən istehlakçı inamı indeksi (Conference Board Consumer Confidence Index) həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 0,8 bənd geri qalaraq 89,4 bənd təşkil etmişdir. Bildirək ki, qeyd olunan indeks 0-200 bənd arası səviyyədə ölçülür və 100 bənd istehlakçıların xərclərinə münasibətdə neytral, 100-dən aşağı göstərici istehlakçıların qənaətə meylli, 100-dən artıq göstərici isə müvafiq olaraq istehlakçıların xərcləməyə meylli olduğunu bildirir. Miçiqan Universiteti tərəfindən keçirilən ənənəvi sorğunun cari ilin avqust ayı üzrə yekun nəticəsi (University of Michigan Consumer Sentiment Index) isə istər proqnozları (0,7 bənd), istərsə də əvvəlki ayın analoji göstəricisini (0,7 bənd) üstələyərək 51,7 bənd olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir. Bir məqamı da qeyd etmək lazımdır ki, Miçiqan Universitetinin sorğusu daha çox inflyasiya gözləntiləri və istehlakçıların xərcləmə meylini əks etdirir. “Conference Board”-un sorğusu isə daha geniş miqyasda ölkədəki ümumi iqtisadi dinamikaya və əmək bazarına dair vəziyyətə fokuslanır.
Geridə qoyduğumuz üç həftəlik dövrdə, həmçinin “S&P Global” və “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən və cari ilin avqust ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) yekun nəticələri dərc edilmişdir. “S&P Global”-ın ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən sorğusunun nəticəsi cari ilin avqust ayı üçün 53,9 bənd olaraq açıqlanmışdır ki, bu da proqnoz edilən göstəricidən 0,5 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 0,7 bənd çox olmuşdur. “S&P Global”-a əsasən ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən sorğunun nəticəsi isə gözləntilərin biraz altında qalmışdır. Belə ki, sözügedən göstərici həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 0,3 bənd çox olaraq 54,6 bənd təşkil etmişdir. Əlavə olaraq, ötən həftə “Təchizat İdarəçiliyi İnstitutu” (“ISM”) tərəfindən də PMI göstəriciləri açıqlanmışdır. “ISM”-in təqdim etdiyi nəticələrə əsasən avqust üzrə ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən PMI göstəricisi proqnozlardan 0,6 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 1 bənd az olaraq 54,6 səviyyəsində dərc edilmişdir. “ISM”-in avqust ayı üzrə ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən PMI göstəricisi isə həm proqnozları, həm də əvvəlki ayın analoji göstəricisini 1,3 bənd üstələyərək 55,4 bənd təşkil etmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.
Son həftə ABŞ-da əmək bazarına dair makroiqtisadi göstəricilər də açıqlanmışdır. Əmək bazarında nüfuzlu şirkət olan ADP-nin hesabatına əsasən cari ilin avqust ayında ABŞ iqtisadiyyatının özəl sektorundakı iş yeri sayında 38 min artım müşahidə edilmişdir ki, bu da proqnoz ediləndən 9 min, əvvəlki ayın analoji göstəricisindən isə 8 min az olmuşdur. ABŞ Əmək Departamenti tərəfindən təqdim edilən ABŞ iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə iş yerləri sayının aylıq dinamikası isə daha gözlənilməz nəticələr sərgiləmişdir. Sözügedən göstəriciyə əsasən cari ilin avqust ayında ABŞ-dakı iş yerləri sayında 162 min artım olduğu aşkarlanmışdır ki, bu da proqnoz ediləndən 107 min, habelə, əvvəlki ayın göstəricisindən isə 141 min çoxdur. Avqust ayı üzrə ABŞ iqtisadiyyatında işsizlik səviyyəsi isə proqnoz edilən kimi 4,1% səviyyəsində açıqlanmışdır. Qeyd edək ki, işsizlik səviyyəsi əvvəlki ayın göstəricisi ilə eyni olmuşdur.
1 avqust 2026-cı il tarixində bitən həftə üzrə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı bir həftə əvvələ nisbətdə 1 min artaraq 199 min təşkil etsə də, bu say proqnoz ediləndən 205 minin altında qalmışdır. Əmək bazarı trendini bildirən və analitiklər üçün həftəlik göstəricisindən daha çox əhəmiyyət kəsb edən işsizlik müavinətinə müraciət edənlərin sayının dəyişən ortaçəkili dəyəri (moving average) isə son 4 həftəlik dövrdə reviziya edilmiş 203 min 25-dən 198 min 750-ə enmişdir.
Son üç həftəlik dövrdə açıqlanan makroiqtisadi göstəricilər qarışıq nəticələr göstərmişdir və ABŞ iqtisadiyyatının, habelə ABŞ əmək bazarının istiqamətində tutarlı dəyişikliklərə işarə etməmişdir.
Sözügedən dövr üzrə damğa vuran əsas hadisə ABŞ-ın Vayominq ştatının Cekson Houl vadisində keçirilən ənənəvi simpoziumda ABŞ mərkəzi bankının (FED) idarə heyətinin sədri Kevin Uorşun çıxışı olmuşdur. Belə ki, Uorş öz çıxışında ölkədəki inflyasiya dərəcəsinin hədəflənən 2% səviyyəsindən yuxarı olduğunu bildirmiş və inflyasiya təzyiqinin səngimədiyi halda lazımi addımlar atılacağını vurğulamışdır. FED-in idarə heyətinin sədrinin sərt pul-kredit siyasətinə yönümlü çıxışı bir növ gözlənilməz olmuşdur. İnvestorlar və ekspertlər Uorşun çıxışını ABŞ mərkəzi bankının (“FED”) yaxın gələcəkdə əvvəl proqnoz ediləndən daha sərt pul-kredit siyasəti yürüdəcəyinə işarə kimi qəbul etmişdilər. Belə ki, maliyyə bazarının nüfuzlu qurumlarından olan “CME Group” tərəfindən “CME FedWatch Tool” bazar əsaslı alətinə əsasən “FED”-in sentyabr ayındakı iclasında faiz dərəcələrinə artıracağına dair verilən ehtimallar Uorşun çıxışından sonra 56% səviyyəsinə yüksəlmişdir. Ümumilikdə, üç həftə ərzində ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri demək olar ki, bütün tədavül müddəti diapazonunu üzrə artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,1 faiz bəndi artaraq illik 4,78% təşkil etmişdir.
Geridə qoyduğumuz üç həftəlik dövrdə ABŞ mərkəzi bankının (FED) sərt pul-kredit siyasəti istiqamətində ritorikası, Yaxın Şərqdəki münaqişənin yenidən gərginləşməsi, habelə, süni intellekt (AI) üzrə şirkətlərin külli miqdarda kapital xərclərinə davam etməsi ABŞ fond bazarında təzyiq göstərmişdir. Sözügedən dövr üzrə ABŞ-ın bütün aparıcı fond bazarı indeksləri mənfi dinamika sərgiləmişdir. Ən çox azalma faiz dərəcələri üzrə gözləntilərə daha həssas olan orta və kiçik bazar kapitalizasiyalı şirkətləri təmsil edən “S&P 400 Midcap” və “Russell 2000” fond bazarı indekslərində müşahidə edilmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” ötən üç həftə ərzində 0,86% enmişdir. Ən çox azalma sənaye istehsalı (6,03%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Artım isə yalnız energetika (3,47%) və səhiyyə (2,44%) sahələrini təmsil edən şirkətlərin səhmlərində olmuşdur.
26 avuqst 2026-cı il tarixində “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) rüblük maliyyə göstəricilərinin açıqlanması dövrün bir başqa əhəmiyyətli hadisəsi olmuşdur. Şirkətin maliyyə göstəriciləri ekspertlərin gözləntilərini üstələmişdir. Qeyd edək ki, şirkətin rüblük gəliri ötən ilin analoji rübü üzrə gəlir ilə müqayisədə 106% artım nümayiş etdirmişdir. Həmçinin, şirkət yaxın gələcəyə dair məhsullarına olan tələb üzrə müsbət proqnozlar vermişdir. “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) güclü maliyyə göstəriciləri bazarda süni intellekt sahəsinin (AI) gəlirliliyinə inamın bərpa olmasına təkan vermişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Geridə qoyduğumuz üç həftəlik dövrün əvvəlində ABŞ-dakı pərakəndə satışların aylıq dinamikasının mənfi olaraq açıqlanması (proqnoz edilən aylıq 0,1% artıma qarşı faktiki 0,6% azalma) avronun ABŞ dollarına nisbətdə kəskin dəyər qazanmasına səbəb olmuşdur. Lakin, ABŞ-da daha sonra açıqlanan makroiqtisadi göstəricilər və, xüsusilə ABŞ mərkəzi bankının (FED) idarə heyətinin sədri Kevin Uorşun çıxışı ABŞ-da pul-kredit siyasətinin sərtləşməsinə dair ehtimalları artırmışdır. Bu hal ABŞ dollarının avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur. Əlavə olaraq, Yaxın Şərqdə münaqişənin yenidən gərginləşməsi də Avrozonada iqtisadi artım tempinə mənfi təsir edən amil olaraq avronun dəyərinə təzyiq göstərmişdir. Nəticə olaraq, dövrün sonuna doğru ABŞ dolları avroya qarşı mövqelərini bərpa etməyə başlasa da, ümumilikdə, son üç həftəlik dövrə baxsaq avroya nisbətdə dəyər itirmişdir.

USD/JPY məzənnəsinin dinamikası
Son üç həftəlik dövrün böyük hissəsində Yaponiya yeninin ABŞ dollarına olan məzənnəsi nisbətən stabil qalmışdır. İki ölkənin mərkəzi banklarının həyata keçirdiyi pul-kredit siyasəti istiqaməti arasında fərqin azalmasına dair bazardakı inam buna əsas səbəb olmuşdur. Ötən həftənin ortasından başlayaraq isə Yaponiya yeni ABŞ dollarına qarşı kəskin dəyər qazanmağa başlamışdır. Yaponiya mərkəzi bankının (Bank of Japan) növbəti iclasında faiz dərəcələrini artıracağına verilən ehtimalların yüksəlməsi, həmçinin, artan enerji qiymətlərinin də bu addıma dəstək verən amil olması Yaponiya yenin dəyər qazanmasına səbəb olmuşdur. Əlavə olaraq, Yaponiya mərkəzi bankının (Bank of Japan) valyuta bazarına müdaxilə etdiyinə dair də fikirlər zəmin qazanmışdır. Nəticə olaraq, son üç həftəlik dövr ərzində Yaponiya yeni ABŞ dollarına qarşı dəyər qazanmışdır.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası.
Ötən üç həftəlik dövrdə dünya bazarında neftin dəyəri artmışdır. Neftin qiymətinin artmasının əsas səbəbi geosiyasi amil olaraq qalmışdır. Yaxın Şərqdəki münaqişənin zaman-zaman səngiməyə işarə etməsinə baxmayaraq, xüsusilə də son həftədə yenidən gərginləşməsi vacib neft tədarükü arteriyası olan Hörmüz boğazında gəmiçiliyin bərpasına ümidləri azaltmışdır. Əlavə olaraq, dünyanın iki ən böyük neft istehlakçısından biri olan Çində cari ilin avqust ayı üzrə dəniz yolu ilə xam neft idxalının 40% azalması dünya iqtisadiyyatında neftə tələbinin azalmasına işarə olmuşdur. Neftin qiymətinə mənfi təsir edən bir başqa amil də ABŞ mərkəzi bankının (FED) yaxın gələcəkdə sərt pul-kredit siyasəti həyata keçirəcəyinə verilən ehtimalların zəmin qazanması olmuşdur. Nəticə olaraq, son üç həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin oktyabr fyuçerslərinin qiyməti 12,29%, Brent markalı Avropa neftinin noyabr fyuçerslərinin qiyməti isə 11,22% artmışdır.
Qızılın qiymətinin dinamikası
Yaxın Şərqdəki geosiyasi gərginliyin artması “təhlükəsiz liman” investisiya seçimi olan qızılın dünya bazarındakı qiymətinə müsbət təsir etmişdir. Lakin, ABŞ mərkəzi bankının (FED) sərt pul-kredit siyasətini dəstəkləyən ritorikası və artan neft qiymətləri ilə bərabər gələn inflyasiya təzyiqləri ABŞ mərkəzi bankının (FED) sentyabrda baş tutacaq iclasında faiz dərəcələrini artıracağına dair proqnozları gücləndirmişdir. Bu hal faiz gəliri gətirməyən investisiya olan qızılın qiymətinin artımını məhdudlaşdırmışdır. Nəticədə, ötən üç həftə ərzində qızılın dekabr fyuçerslərinin qiyməti 0,89% artaraq Troy unsiyası (31,1 qram) üçün 4 476,60 ABŞ dolları təşkil etmişdir.