HƏFTƏNİN XÜLASƏSİ
ABŞ kapital bazarı: ABŞ-da inflyasiya təzyiqlərinin azalması FED-in daha yumşaq pul-kredit siyasəti yürüdəcəyi gözləntilərini gücləndirmişdir. Bu fonda S&P 500 0,36% artmışdır. Ən çox yüksələn fond bazarı indeksi isə 1,12% ilə “Russell 2000” olmuşdur. AI sektorunda müsbət xəbərlər də bazar əhval-ruhiyyəsini dəstəkləmişdir.
Valyuta bazarı: ABŞ-dakı makroiqtisadi göstəricilər dolları təzyiq altında saxlamışdır. ABŞ dolları avroya nisbətdə dəyər itirsə də, Yaponiya yeninə nisbətdə dəyər qazanmışdır.
Əmtəə bazarları: OPEC-in neftə olan tələb üzrə proqnozunu yenidən azaltması və ABŞ neft ehtiyatlarının artması neftin qiymətinə təzyiq göstərsə də, Hörmüz boğazında geosiyasi gərginliyin artması neftin dünya bazarındakı qiymətini artırmışdır.
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
11 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital" QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir və hərracın tarixi emitent tərəfindən bildiriləcəkdir.
11 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 5 milyon ABŞ dolları, illik gəlirlilik faizi 8%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 6 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 54 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
"GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə 21 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
14 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT "International" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə 19 avqust 2026-cı il tarixində həyata keçiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da Əmək Statistikası Bürosu cari ilin iyul ayı üzrə ölkə iqtisadiyyatındakı istehlak qiymətləri indeksini açıqlamışdır. (“CPI”) Qeyd olunan makroiqtisadi göstərici istər aylıq, istərsə də illik müqayisədə proqnoz edilən səviyyədə olmuşdur. Belə ki, aylıq müqayisədə iyul üzrə “CPI” göstəricisi 0,1% təşkil etmişdir ki, bu da əvvəlki ayın göstəricisindən 0,5 faiz bəndi çox olmuşdur. İllik müqayisədə isə “CPI” göstəricisi əvvəlki ayın analoji göstəricisindən 0,1 faiz bəndi az olaraq 3,4% səviyyəsində olmuşdur. Volatil olan qida məhsulları və enerji xərcləri xaric baza istehlak qiymətləri indeksi (“core CPI”) də həmçinin, aylıq və illik miqyaslarda proqnozları qarşılamışdır. İyul ayı üzrə aylıq müqayisədə olan baza istehlak qiymətləri indeksi 0,2% olaraq açıqlanmışdır ki, bu da əvvəlki aya nisbətdə 0,2 faiz bəndi artım deməkdir. İllik müqayisədə isə iyul ayı üzrə istehlak qiymətləri indeksi əvvəlki ayın analoji göstəricisindən 0,1 faiz bəndi geri qalaraq 2,5% təşkil etmişdir. Qeyd edək ki, baza istehlak qiymətləri indeksi illik müqayisədə ardıcıl olaraq ikinci aydır ki azalmışdır. ABŞ Əmək Statistikası Bürosu tərəfindən açıqlanan iyul ayı üzrə baza istehlak qiymətləri indeksi (“core PPI”) də ABŞ iqtisadiyyatındakı qiymət dinamikasına əlavə aydınlıq gətirmişdir. Sözügedən göstərici aylıq müqayisədə proqnozlardan 0,1 faiz bəndi, əvvəlki ayın analoji göstəricisindən isə 0,2 faiz bəndi az olaraq 0,2% təşkil etmişdir. İllki müqayisədə isə istehlak qiymətləri indeksi proqnozları 0.1 faiz bəndi üstələsə də, əvvəlki ay üzrə olan analoji göstəricidən 0,5 faiz bəndi geri qalmışdır.
Həftənin açıqlanan bir başqa makroiqtisadi göstəricisi Miçiqan Universiteti tərəfindən keçirilən və cari ilin avqust ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun ilkin nəticəsi olmuşdur. Sözügedən sorğunun nəticəsi 51 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 4 bənd, əvvəlki ayın göstəricisindən isə 4,2 bənd az olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər çox olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur.
Son həftədə ABŞ Siyahıyaalma Bürosu (“U.S. Census Bureau”) tərəfindən açıqlanan və cari ilin iyul ayında ABŞ iqtisadiyyatındakı pərakəndə satışlar və iaşə xidmətləri üzrə ilkin aylıq satışların dinamikası da diqqət cəlb etmişdir. Qeyd olunan göstərici iyul üzrə 0,6% azalma göstərmişdir ki, bu da proqnoz edilən göstəricidən 0,7 faiz bəndi, bir ay əvvəlin analoji göstəricisindən isə 0,8 faiz bəndi aşağı olmuşdur.
Əmək bazarına dair açıqlanan ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayında artım müşahidə edilmişdir. Belə ki, 8 avqust 2026-cı il tarixində bitən həftə üzrə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı bir həftə əvvələ nisbətdə 9 min artaraq 209 min təşkil etmişdir ki, bu da proqnoz edilən saydan 7 min çox olmuşdur. Əmək bazarı trendini bildirən və analitiklər üçün həftəlik göstəricisindən daha çox əhəmiyyət kəsb edən işsizlik müavinətinə müraciət edənlərin sayının 4 həftəlik dövr üzrə dəyişən ortaçəkili dəyəri (moving average) isə bir həftə əvvəlki analoji göstəricinin reviziya edilmiş sayı ilə eyni olaraq 199 təşkil etmişdir.
Geridə qoyduğumuz həftə üzrə açıqlanan makroiqtisadi göstəricilərdən aşkar olduğu kimi, ABŞ-da istehlak və istehsal qiymətləri indeksinin proqnozlardan aşağı olması, istehlakçıların iqtisadi ölkədəki iqtisadi mühitə dair təmkinli rəyləri, pərakəndə satışlar və iaşə xidmətləri üzrə ilkin aylıq satışların azalması, habelə, əmək bazarının zəif göstəriciləri ABŞ mərkəzi bankının (“FED”) yaxın gələcəkdə əvvəl proqnoz ediləndən daha yumşaq pul-kredit siyasəti yürüdəcəyinə inamı artırmışdır. Belə ki, maliyyə bazarının nüfuzlu qurumlarından olan “CME Group” tərəfindən “CME FedWatch Tool” bazar əsaslı alətinə əsasən “FED”-in sentyabr ayındakı iclasında faiz dərəcələrinə artıracağına dair verilən ehtimallar həftə ərzində 52%-dan 32%-ə enmişdir. Bu fonda həftə ərzində qısa və ortamüddətli ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri azalmış, uzunmüddətli ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri isə artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,3 faiz bəndi azalaraq illik 4,68% təşkil etmişdir.

ABŞ-da inflyasiya təzyiqinin səngiməsi əlamətləri və süni intellekt (AI) sahəsindəki şirkətlərin güclü rüblük maliyyə göstəriciləri investorlar tərəfindən müsbət qarşılansa da, neftin qiymətinin yenidən artıma keçməsi və Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin davam etməsi investorlarda olan nikbinliyi məhdudlaşdırmışdır. Nəticə olaraq, son həftə ərzində ABŞ-ın əsas fond bazarı indeksləri qarışıq dinamika sərgiləmişdir. “FED”-in yumşaq pul-kredit siyasətinə inamın artması fonunda faiz dərəcələrinə daha həssas olan orta və kiçik bazar kapitalizasiyalı şirkətləri təmsil edən “S&P 400 Midcap” və “Russell 2000” fond bazarı indeksləri ən çox artan fond bazarı indeksləri olmuşdur. Texnologiya sahəsi şirkətlərini təmsil edən “NASDAQ Composite” fond bazarı indeksi cüzi artmış, “Dow Jones Industrial Average” fond bazarı indeksi isə enmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,36% yüksəlmişdir. Ən çox artım energetika (7,67%) sahəsini, ən çox azalma isə məişət malları və əhali üçün xidmətlər (1,38%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.
Ötən həftə “Intel” şirkəti (ticarət simvolu: INTC) səhm satışından 20 milyard ABŞ dolları vəsait cəlb etmişdir. Şirkət cəlb edilmiş vəsaiti çip istehsalı üzrə infrastrukturunun genişləndirilməsinə investisiya edəcəyini bildirmişdir. Qeyd edək ki, şirkət ilkin olaraq 15 milyard ABŞ dolları cəlb etməyi planlaşdırsa da, şirkətin səhmlərinə tələbin güclü olması, cəlb edilmiş məbləği 20 milyard ABŞ dollarına çatdırmağa imkan yaratmışdır.
Həftənin bir başqa əhəmiyyətli hadisəsi “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) 6 böyük maliyyə qurumu ilə hesablama resurslarının maliyyələşdirilməsi platformalarının (“compute financing platform”) yaradılması təşəbbüsünü elan etməsi olmuşdur. Bu addımla şirkət süni intellekt sahəsinin (“AI”) infrastrukturuna üçüncü tərəflərdən 500 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır. Sözügedən platformaların yaradılması üçün şirkət “Apollo” (ticarət simvolu: APO), “BlackRock” (ticarət simvolu: BLK), “Blackstone” (ticarət simvolu: BX), “GoldmanSachs” (ticarət simvolu: GS), “Brookfield” (ticarət simvolu: BAM) və “KKR&Co” (ticarət simvolu: KKR) şirkətləri ilə anlaşma memorandumu imzalamışdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftənin əvvəli Avrozonada açıqlanmış cari ilin avqust ayı üzrə “Sentix Economic Index” makroiqtisadi göstəricisinin yenidən müsbət diapazona qayıtması investorların Avrozona iqtisadiyyatına olan inamının bərpa olunmasına işarə etmişdir. Lakin, dünya bazarında neftin qiymətinin yenidən artıma keçməsi Avrozona iqtisadiyyatına mənfi təsir göstərmişdir. Bu fonda ötən həftənin əvvəlindən ABŞ dolları avroya qarşı dəyər qazanmağa başlamışdır. Buna baxmayaraq, ABŞ-da açıqlanmış istehlak və istehsal qiymətləri indekslərinin ABŞ iqtisadiyyatında qiymət artımı təzyiqlərinin gözləniləndən az olmasını bildirməsi ABŞ mərkəzi bankının yumşaq pul-kredit siyasətinə üstünlük verəcəyinə bazarda olan inamı artırmışdır. Nəticə olaraq, həftənin sonuna ABŞ dolları avroya qarşı dəyər itirməyə başlamışdır. Ümumilikdə baxsaq, geridə qoyduğumuz həftə ərzində ABŞ dolları avroya qarşı cüzi dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Son həftənin əvvəli dünya bazarında neftin qiymətinin artması Yaponiya iqtisadiyyatına mənfi təsir edən amil olmuşdur. Buna Yaponiya və ABŞ mərkəzi banklarının həyata keçirdiyi pul-kredit siyasəti istiqamətləri arasındakı fərqdən qaynaqlanan “carry trade”-in artmasını da nəzərə alsaq, həftənin başlanğıcında Yaponiya yeninin ABŞ dollarına qarşı dəyər itirməsini əsaslandırmaq olar. Lakin, ABŞ-da açıqlanan makroiqtisadi göstəricilərin inflyasiya təzyiqinin azalmasına işarə etməsi, habelə, Yaponiya mərkəzi bankının (“Bank of Japan”) sentyabr ayındakı iclasında faiz dərəcələrini artıracağına verilən ehtimalların güclənməsi yenin ABŞ dollarına qarşı olan mənfi dinamikasının qarşısını almışdır. Ümumilikdə isə son həftəyə baxsaq, Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası.
Geridə qoyduğumuz həftə “OPEC” dünya iqtisadiyyatında 2026-cı il üzrə neftə olan tələbə verdiyi proqnozunu azaldaraq günlük 580 min barel olacağını təxmin etdiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, sözügedən proqnoz artıq ardıcıl dördüncü dəfədir ki reviziya edilərək azaldılır. Tələb proqnozunun azalması neftin dəyərinə mənfi təsir etmişdir. Neftin dünya bazarındakı qiymətinə mənfi təsir edən bir başqa xəbər də ABŞ-ın strateji neft ehtiyatlarının 7 avqust 2026-cı il tarixində bitən həftə üçün həftəlik 17,4 milyon barel artaraq 424,4 milyon barelə çatması olmuşdur. Buna əsas səbəb ABŞ-ın neft ixracının azalmasıdır. Yuxarıda qeyd olunan amillərə baxmayaraq, Hörmüz boğazı ətrafında geosiyasi gərginliyin artması, ABŞ və İran İslam Respublikası arasında olan danışıqların ritorikasının sərtləşməsi, habelə, Hörmüz boğazında tankerlərə hücumların yenidən gündəmə gəlməsi neftin dünya bazarındakı təklifini yenidən risk atmışdır. Beləliklə də, dünya bazarında neft olan tələbin azalmasına baxmayaraq, vacib neft tədarükü arteriyası olan Hörmüz boğazı ətrafında geosiyasi vəziyyətin gərginləşməsi neftin qiymətini artırmışdır. Nəticə olaraq, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 5,40%, Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə 5,95% artmışdır.
Qızılın qiymətinin dinamikası
Yaxın Şərqdəki geosiyasi gərginliyin azalması “təhlükəsiz liman” investisiya seçimi olan qızılın dəyərinə mənfi təsir edən amil olsa da, son həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər qızılın dəyərinə dəstək olmuşdur. Qeyd etdiyimiz kimi, ABŞ əmək bazarının göstəricilərinin proqnozların altında qalması
Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər ABŞ mərkəzi bankının (“FED”) gözləniləndən daha yumşaq pul-kredit siyasəti aparmasına zəmin yaratmışdır. Bu hal, faiz gəliri gətirməyən investisiya olan qızılın dünya bazarındakı dəyərinə müsbət təsir etmişdir. Əlavə olaraq, Yaxın Şərqdəki münaqişənin yenidən gərginləşməsi “təhlükəsiz liman” investisiya seçimi olan qızılın dəyərinə müsbət təsir etmişdir. Buna baxmayaraq, bir həftə əvvəlki artım fonunda investorların mövqelərini bağlayaraq mənfəət götürmələri (“profit-taking) qızılın dəyərinin artmasını məhdudlaşdırmışdır. Nəticədə, ötən həftə ərzində qızılın dekabr fyuçerslərinin qiyməti həftəlik 0,85% artaraq Troy unsiyası (31,1 qram) üçün 4 437,30 ABŞ dolları təşkil etmişdir.