HƏFTƏNİN XÜLASƏSİ
ABŞ kapital bazarları: ABŞ-da əmək bazarı göstəriciləri proqnozlardan geri qalması FED-in daha yumşaq pul-kredit siyasəti gözləntilərini gücləndirmiş, eyni zamanda güclü korporativ nəticələr və AI sektoruna marağın artması fonunda əsas fond bazarı indeksləri yüksəlmişdir. NASDAQ 5,19%, S&P 500 isə 3,58% artmışdır.
Valyuta bazarı: ABŞ əmək bazarı zəif göstəriciləri FED-in faiz siyasətinin yumşalacağı gözləntilərini artıraraq avronun ABŞ dollarına qarşı möhkəmlənməsinə səbəb olmuşdur. Yapon yeni isə həftə ərzində dollar qarşısında cüzi dəyər itirmişdir.
Əmtəə bazarları: ABŞ–İran arasında olan danışıqlarından müsbət siqnallar neftin qiymətinin enməsinə səbəb olmuşdur. ABŞ əmək bazarı göstəriciləri ABŞ iqtisadiyyatında faiz dərəcələri trayektoriyasının gözləndən daha aşağı ola biləcəyinə işarə edərək qızılın dünya bazarındakı qiymətinin artmasına səbəb olmnuşdur. Həftə ərzində WTI (7,67%) və Brentin (4,98%) fyuçersləri ucuzlaşmış, qızılın fyuçersləri isə 7,13% dəyər qazanmışdır.
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
4 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçirilmişdir. Abunə yazılışında 573 investor iştirak etmiş və tələb təklifi 199% üstələmişdir. İstiqrazlar üzrə ortaçəkili gəlirlilik 10% təşkil etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında "Kapital Bank" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 50 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçirilmişdir. Abunə yazılışında 336 investor iştirak etmiş və tələb təklifi 192% üstələmişdir. İstiqrazlar üzrə ortaçəkili gəlirlilik 10% təşkil etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında BOKT "International" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 51 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir. İstiqrazlar üzrə ortaçəkili gəlirlilik 15% təşkil etmişdir.
6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Ziraat Bank Azərbaycan" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 15 milyon manat, illik gəlirlilik faizi 10,5%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazlar üzrə abunə yazılışı 10 – 21 avqust 2026-cı il tarix aralığında baş tutacaq. İstiqrazların yerləşdirilməsi isə 26 avqust 2026-cı il tarixində həyata keçiriləcəkdir.
7 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir və hərracın tarixi emitent tərəfindən bildiriləcəkdir.
"Unibank Kommersiya Bankı" ASC-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 5 milyon ABŞ dolları, illik gəlirlilik faizi 8%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 6 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə 11 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da makroiqtisadi təqviminə əmək bazarı göstəriciləri damğa vurmuşdur.
Əmək bazarında nüfuzlu şirkət olan ADP-nin hesabatına əsasən cari ilin iyul ayında ABŞ iqtisadiyyatındakı iş yeri sayında 44 min artım müşahidə edilmişdir ki, bu da proqnoz ediləndən 11 min, əvvəlki ayın analoji göstəricisindən isə 33 min geridə qalmışdır.
Həftənin ən maraqla gözlənilən makroiqtisadi göstəricisi ABŞ Əmək Departamenti tərəfindən təqdim edilən ABŞ iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə iş yerləri sayının aylıq dinamikası olmuşdur. Sözügedən göstəriciyə əsasən cari ilin iyul ayında ABŞ-dakı iş yerləri sayında 23 min azalma olduğu aşkarlanmışdır ki, bu da proqnoz ediləndən 80 min, habelə, əvvəlki ay üzrəki 57 min artımdan əhəmiyyətli dərəcədə aşağı göstərici olmuşdur.
Həmçinin, avqust ayı üzrə ABŞ iqtisadiyyatında işsizlik səviyyəsi həm proqnozlardan, həm də əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi az olaraq 4,1% səviyyəsində açıqlanmışdır.
1 avqust 2026-cı il tarixində bitən həftə üzrə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı bir həftə əvvələ nisbətdə 1 min artaraq 199 min təşkil etsə də, bu say proqnoz ediləndən 205 minin altında qalmışdır. Əmək bazarı trendini bildirən və analitiklər üçün həftəlik göstəricisindən daha çox əhəmiyyət kəsb edən işsizlik müavinətinə müraciət edənlərin sayının dəyişən ortaçəkili dəyəri (moving average) isə son 4 həftəlik dövrdə reviziya edilmiş 203 min 25-dən 198 min 750-ə enmişdir.
Geridə qoyduğumuz həftə, həmçinin, “S&P Global” və “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən və cari ilin iyul ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) yekun nəticələri dərc edilmişdir. “S&P Global”-ın ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən sorğusunun nəticəsi cari ilin iyul ayı üçün 53,9 bənd olaraq açıqlanmışdır ki, bu da həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 0,1 bənd çox olmuşdur. “S&P Global”-a əsasən ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən sorğunun nəticəsi də, həmçinin, gözləntiləri üstələmişdir. Belə ki, sözügedən göstərici həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 1 bənd çox olaraq 54,6 bənd təşkil etmişdir. Əlavə olaraq, ötən həftə “Təchizat İdarəçiliyi İnstitutu” (“ISM”) tərəfindən də PMI göstəriciləri açıqlanmışdır. “ISM”-in təqdim etdiyi nəticələrə əsasən iyul ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən PMI göstəricisi proqnozları 1,7 bənd, əvvəlki ayın analoji göstəricisini isə 2,3 bənd geridə qoyaraq 55,6 səviyyəsində dərc edilmişdir. “ISM”-in iyul ayı üzrə ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən PMI göstəricisi isə 52 bənd olaraq proqnoz ediləndən 0,4 bənd geri qalsa da, əvvəlki ayın analoji göstəricisini 0,1 bənd üstələmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.
Son həftənin “zəif” makroiqtisadi göstəriciləri, habelə, Yaxın Şərqdəki münaqişənin səngiməsinə doğru müsbət siqnallar investorlarda risk iştahasını artırmış və nəticə olaraq, 1-3 ay tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazları xaric digər ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri azalmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,1 faiz bəndi azalaraq illik 4,65% təşkil etmişdir.
Ümumilikdə, ABŞ əmək bazarı göstəricilərinin gözləniləndən daha təmkinli olması yaxın gələcəkdə ABŞ mərkəzi bankı (“FED”) tərəfindən sərt pul-kredit siyasəti həyata keçirəcəyi ehtimallarını zəiflətmişdir. Buna həftə ərzində ABŞ və İran İslam Respublikası arasında olan danışıqların müsbət məcraya meyl etməsi, ABŞ-da şirkətlərin rüblük maliyyə göstəricilərinin ortalama götürəndə proqnozları xeyli üstələməsini nəzərə alsaq, investorların ABŞ fond bazarına inamının artmasını əsaslandırmaq olar. Belə ki, son həftə ərzində ABŞ fond bazarının bütün əsas indeksləri artım nümayiş etdirmişdir.
Şirkətlərin güclü maliyyə göstəriciləri və investorlarda süni intellekt (AI) sahəsinin gəlirlilik perspektivlərinə skeptisizmin azalması fonunda texnologiya sahəsinin şirkətlərinin ağırlıq təşkil etdiyi “NASDAQ” fond bazarı indeksi 5,19% ilə əsas fond bazarı indeksləri içində həftənin ən çox yüksələn indeksi olmuşdur. Həmçinin, “artım” şirkətlərinin səhmlərinin qazancı “dəyər” şirkətlərinin səhmlərinə nisbətdə daha tutarlı olmuşdur.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 3,58% dəyər qazanmışdır. Ən çox artım elektronika sənayesi və İKT (6,11%), mədənçıxarma və xammal sənayesi (4,82%) sahələrini, ən çox azalma isə energetika (3,44%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.
Əvvəlki həftə ərzində ABŞ texnoloji nəhənglərinin güclü maliyyə göstəricilərinin fonunda suni intellekt (AI) sahəsinin qazandığı momentum ötən həftə də davam etmişdir. Buna başlıca səbəb “Palantir” (ticarət simvolu: PLTR) şirkətinin rüblük maliyyə göstəricilərinin ekspertlərin proqnozlarını alt-üst etməsi olmuşdur. Belə ki, şirkət rüblük gəlirinin illik miqyasda 93% artdığını açıqlamış, yaxın gələcəyə baxışını yaxşılaşdırmışdır. Nəticə olaraq, şirkətin səhmlərinin dəyəri həftə ərzində 39,78% artmışdır.
Geridə qoyduğumuz həftə, həmçinin, “Advanced Micro Devices” şirkəti də (ticarət simvolu: AMD) rüblük maliyyə göstəricilərini açıqlamışdır. Şirkətin rüblük gəliri illik miqyasda 50,1% artaraq 11,54 milyard ABŞ dolları təşkil etmişdir. Qeyd edək ki, bu gəlirin data mərkəzi seqmentindən gələn hissəsi 6,7 milyard ABŞ dolları olmuşdur ki, bu da illik miqyasda 107% artım deməkdir. Maliyyə göstəricilərinin proqnozları üstələməsinə baxmayaraq, şirkətin səhmlərinin dinamikası təmkinli olmuşdur (1,51%). Buna əsas səbəb investorlarda şirkətin xüsusilə də data mərkəzləri seqmentində həddən artıq gözləntiləri olmasını qeyd etmək olar. Bir digər səbəb isə İlon Maskın (Elon Musk) “SpaceX” şirkətinin (ticarət simvolu: SPCX) qrafik prosessor çipləri (GPU) olaraq yalnız rəqib “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) məhsullarından istifadə edəcəyini açıqlaması olmuşdur. Qeyd edək ki, ötən həftə ərzində “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) səhmlərinin dəyəri 11,56% artmışdır. Şirkətin rüblük maliyyə göstəriciləri 26 avqust 2026-cı il tarixində açıqlanacaqdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə Yaxın Şərqdəki münaqişənin səngimə əlamətləri sərgiləməsi fonunda neftin qiymətinin enməsi Avrozona iqtisadiyyatında biznesə olan etimadı artırmışdır. Əlavə olaraq, Avrozonada xidmət sahəsi üzrə iqtisadi aktivliyin göstəricisi olan menecer sorğularının (PMI) nəticəsi bir ay əvvəlki göstərici olan 49,4 bənddən cari ilin iyul ayı üçün 51,7 bəndə yüksəlmişdir ki, bu da son 5 ayın ən yüksək göstəricisi olmuşdur. Görünən odur ki, Avrozona iqtisadiyyatı son aylarda artmış neft qiymətlərinin mənfi təsirindən bərpa olmağa doğru istiqamət götürür. Digər tərəfdə isə ABŞ əmək bazarının zəif göstəriciləri ABŞ mərkəzi bankının (“FED”) gözləniləndən daha yumşaq pul-kredit siyasəti həyata keçirə biləcəyinə doğru şərait yaradır. Bu hal ABŞ iqtisadiyyatında yaxın gələcəkdə faiz dərəcələrinin trayektoriyasının əvvəl gözləniləndən daha aşağı ola biləcəyinə işarə etmişdir. Nəticə olaraq, son həftə ərzində avro ABŞ dollarına nisbətdə dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Yaponiya yeni əvvəlki həftədə bazara müdaxilə nəticəsində ABŞ dollarına qarşı qazandığı momentumu son həftədə davam etdirə bilməmişdir. Qeyd edək, əvvəlki həftədə ABŞ və Yaponiya rəsmiləri son 15 ildə ilk dəfə olaraq valyuta bazarına ortaq müdaxilə edərək Yaponiya yeninin ABŞ dollarına qarşı 40 illik minimum dəyərindən qalxmasına səbəb olmuşdur. Buna baxmayaraq, Yaponiya mərkəzi bankının (“Bank of Japan”) son dövrdə qətiyyətsiz olması və Yaponiya iqtisadiyyatının mövcud makro göstəriciləri Yaponiya yeninin son həftənin əvvəlindən ABŞ dollarına nisbətdə dəyər itirməsinə səbəb olmuşdur. Lakin, həftənin sonuna doğru ABŞ əmək bazarının göstəricilərinin gözləniləndən zəif dərc olunması Yaponiya yenini dəstəkləşmişdir. Ümumilikdə, geridə qoyduğumuz həftə ərzində Yaponiya yeni ABŞ dollarına qarşı cüzi dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası.
Son həftə ərzində dünya bazarında neftin qiymətinə təsir edən əsas amil Yaxın Şərqdəki münaqişə olmuşdur. Daha doğrusu münaqişənin bitməsi ehtimalının üfüqdə görünməsi neftin dəyərinin enməsinə töhfə vermişdir. Belə ki, həftə ərzində ABŞ və İran İslam Respublikası arasında olan danışıqlardan müsbət işarələrin gəlməsi neftin logistikası baxımdan vacib arteriya olan Hörmüz boğazından neftin tədarükünün artacağına olan inamı gücləndimişdir. Nəticə olaraq, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 7,67%, Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə 4,98% azalmışdır.
Qızılın qiymətinin dinamikası
Yaxın Şərqdəki geosiyasi gərginliyin azalması “təhlükəsiz liman” investisiya seçimi olan qızılın dəyərinə mənfi təsir edən amil olsa da, son həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər qızılın dəyərinə dəstək olmuşdur. Qeyd etdiyimiz kimi, ABŞ əmək bazarının göstəricilərinin proqnozların altında qalması ABŞ mərkəzi bankının (“FED”) gözləniləndən daha yumşaq pul-kredit siyasəti aparmasına yol açır. Nəticədə ABŞ iqtisadiyyatında yaxın gələcəkdə faiz dərəcələrinin əvvəl proqnoz edilən diapazondan aşağı olma ehtimalı zəmin qazanmışdır. Bu hal, faiz gəliri gətirməyən investisiya olan qızılın dünya bazarındakı dəyərinə müsbət təsir etmişdir. Belə ki, ötən həftə ərzində qızılın dekabr fyuçerslərinin qiyməti həftə ərzində 7,13% artaraq Troy unsiyası (31,1 qram) üçün 4 399,70 ABŞ dolları təşkil etmişdir.