Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 8 – 12 iyun 2026-cı il

HƏFTƏNİN XÜLASƏSİ

  • ABŞ-da may ayı üzrə inflyasiya göstəriciləri yüksək səviyyədə qalmış, CPI 4,2%-ə, baza CPI isə 2,9%-ə yüksəlmiş, PPI göstəricisi isə 6,5% təşkil etmişdir ki, artımın əsas mənbəyi enerji qiymətlərindəki 10,7%-lik yüksəliş olmuşdur.

  • ABŞ fond bazarları “SpaceX” IPO-su ətrafında yüksək investor marağı və ABŞ-İran münasibətlərində gərginliyin azalacağına dair optimizm fonunda həftəni yüksəlişlə başa vurmuşdur.

  • Avropa Mərkəzi Bankının faiz artımı və inflyasiya proqnozlarının yuxarı reviziyası avronu dəstəkləmiş, Yaponiyada inflyasiya təzyiqlərinin artması isə yenə müsbət təsir göstərmişdir.

  • ABŞ və İran arasında mümkün sülh razılaşması və OPEC+ tərəfindən hasilat kvotalarının artırılması fonunda Brent və WTI markalı neft qiymətləri həftə ərzində təxminən 6% azalmışdır.

  • Qlobal iqtisadiyyatda, xüsusilə ABŞ bazarında inflasiya təzyiqinin yüksək qalması nəticəsində qızılın qiyməti həftə ərzində 2,9% geriləmişdir.

    KAPİTAL BAZARLARI

    Azərbaycan kapital bazarı

    Dövlət qiymətli kağızları

    Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar


2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 5 milyon ABŞ dolları, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların hərracı 8 iyun 2026-cı il tarixində yekunlaşmışdır.


3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin ilkin ticarət qiyməti 2 005 manat, ümumi buraxılış həcmi 200 500 manat olan adsız, adi səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qiymətli kağızların yerləşdirilməsi 11 iyun 2026-cı il tarixində yekunlaşmışdır.


ABŞ kapital bazarı


ABŞ Əmək Statistikası Bürosu tərəfindən yayımlanan istehlak qiymətləri indeksinin (CPI) illik miqyasda dəyişimi may ayında 4,2%, volatil qida və enerji qiymətləri istisna olunan baza istehlak qiymətləri indeksi (core CPI) isə 2,9% səviyyəsinə qalxmışdır. Qiymət dəyişimindəki mənzərəni istehsal qiymətləri indeksi (PPI) tamamlamış, illik miqyasda baxdıqda göstərici 6,5% bəndinə yüksəlmişdir. Artımın ən böyük komponenti 10,7% artan enerji qiymətləri olmuşdur.

Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı göstəricilər də açıqlanmışdır.  İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 6 iyun tarixində bitən həftə üçün düzəlişdən sonra 4 min artaraq 229 min səviyyəsinə çatmışdır. 30 mayda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 24 min artaraq 1,795 milyon nəfərə çatmışdır.


Miçiqan Universiteti tərəfindən keçirilən və ABŞ-da istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, həmçinin, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən ənənəvi sorğunun cari ilin iyun ayı üzrə ilkin nəticəsi açıqlanmış, sorğunun nəticəsi 48,9 bənd təşkil etmişdir ki, bu da əvvəlki ay üzrə analoji göstəricidən 4,1 bənd çox olmuşdur. Göstəricidə əsas artım azalan benzin qiymətləri səbəbindən yaxşılaşan yaxın gələcək gözləntiləri komponentindən irəli gəlmişdir. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir.


Ötən həftə ərzində əksər ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,07 faiz bəndi azalaraq 4,48% təşkil etmişdir.



ABŞ-ın əksər fond bazarı indeksləri “SpaceX” şirkətinin IPO-su və ABŞ-İran münaqişəsinin sonlanacağı ilə bağlı optimizm səbəbilə  ötən həftəni yüksəliş ilə bitirmişdir.




ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,70% artmışdır. Azalma yalnız energetika (0,21%) sahəsini təmsil edən şirkətlərin səhmlərində, ən çox artım isə mədənçıxarma və xammal sənayesi (3,06%), qida məhsulları və pərakəndə ticarət (2,85%) və elektronika sənayesi və İKT (2,50%) sahələrini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.



“Space Exploration Technologies” (ticarət simvolu: SPCX) şirkətinin səhmləri 12 iyun tarixində ilkin kütləvi təklif ilə ticarət olunmağa başlamışdır. Şirkət, 1,77 trilyon ABŞ dolları dəyərləndirmə ilə 75 milyard dollar cəlb etməyi planlaşdırsa da, yüksək investor tələbi səbəbilə investisiya bankları 10 milyard dollar dəyərində əlavə səhm satışı həyata keçirmişdir. IPO nəticəsində “SpaceX”-in baş icraçı direktoru İlon Maskın sərvəti 1 trilyon ABŞ dollarını keçmişdir. Şirkətin səhmlərinə abunə yazılışı səhmbaşına 135 ABŞ dolları səviyyəsində olsa da, ticarətə açıldığı anda səhmlərin açılış qiyməti 156 dollar səviyyəsinə artmışdır. Şirkətin IPO-su səbəbilə isə şirkətin əsas rəqibləri olan raket istehsalçıları “RocketLab” (ticarət simvolu: RKLB) ilə “Firefly Aerospace” (ticarət simvolu: FLY) və peyk kommunikasiya şirkəti “AST SpaceMobile” (ticarət simvolu: ASTS) 20%-ə yaxın dəyər itirmişdir.


Mikrosxem istehsalı və şəbəkələşdirmə şirkəti “Marvell Technology” (ticarət simvolu: MRVL) və elektronika istehsalçısı “Flex” (ticarət simvolu: FLEX) “S&P 500” indeksinə əlavə olunmuş, hovuz avadanlıqları distribütoru “Pool” (ticarət simvolu: POOL) və qida məhsulları istehsalçısı “Campbell’s” (ticarət simvolu: CPB) isə indeksdən çıxarılmışdır.


Şəbəkələşdirmə şirkəti “Astera Labs” (ticarət simvolu: ALAB), yeni bulud şirkətləri “CoreWeave” (ticarət simvolu: CRWV) və “Nebius Group” (ticarət simvolu: NBIS), raket istehsalçısı “RocketLab” və mikrosxem testeri “Teradyne” (ticarət simvolu: TER) “Nasdaq-100” indeksinə əlavə olunmuş, kabel rabitəsi provayderi “Charter Communications” (ticarət simvolu: CHTR), rəqəmsal transformasiya şirkəti “Cognizant Technology Solutions” (ticarət simvolu: CTSH), biotexnologiya şirkəti “Insmed” (ticarət simvolu: INSM), məlumat analitikası şirkəti “Verisk Analytics” (ticarət simvolu: VRSK) və kibertəhlükəsizlik şirkəti “Zscaler” (ticarət simvolu: ZS) isə indeksdən çıxarılmışdır.


HBM yaddaş istehsalçısı “SK Hynix” avqust ayında NASDAQ birjasında listinq etməyi planlayır.


“Google” şirkəti giriş səviyyəsi süni intellekt planı “Google AI Plus”-ın qiymətini 40%-ə yaxın aşağı salmışdır, oxşar hərəkət “OpenAI” və “Anthropic”-dən də gözlənilir. Lakin milyardlarla dollar xalis mənfəəti olan “Google” ilə müqayisədə sözügedən süni intellekt laboratoriyaları zərər ilə fəaliyyət göstərir, və qiymət müharibələri onların fəaliyyətlərinə davam edə bilmə qabiliyyətlərini şübhə altına alır.

“OpenAI” S-1 faylını məxfi şəkildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına təqdim etmişdir. Həm “Anthropic”, həm də “OpenAI” şirkətlərinin 2026-cı il ərzində IPO etməsi gözlənilir.


“Anthropic” “Mythos” süni intellekt modelinin çox güclü olduğunu əsas gətirərək, onun zəiflədilmiş və məhdudiyyətlər əlavə olunmuş “Fable 5” modelini ictimaiyyətə, “Mythos 5” modelini isə kibermüdafiə və infrastruktur qruplarına təqdim etmişdir. “Mythos 5” və “Fable 5” modelləri əvvəlki ən güclü model olan “Opus 4.8”-dən 2 qat daha bahadır. Lakin cümə günü ABŞ hökuməti “Anthropic”-ə yeni modelləri ABŞ vətəndaşları istisna olmaqla hamının istifadəsinə bağlamağı əmr etmiş, “Anthropic” isə cavab olaraq hər kəsin bu modellərdən istifadə hüququnu ləğv etmişdir.


“Amazon.com” (ticarət simvolu: AMZN) şirkəti Kanadada 14 milyard Kanada dolları (10 milyard ABŞ dolları) dəyərində istiqraz emissiya etmişdir. Bununla da Kanada korporativ istiqraz bazarının “Alphabet” (ticarət simvolu: GOOGL) şirkətinin 8,5 milyard Kanada dolları dəyərindəki əvvəlki rekordu qırılmışdır. “Amazon” həmçinin “Citibank”-dan 17,5 milyard ABŞ dolları dəyərində kredit xətti əldə etmişdir.


“Oracle” (ticarət simvolu: ORCL) şirkəti may ayında bitən rüb (2026-cı maliyyə ilinin dördüncü rübü) üçün maliyyə hesabatlarını açıqlamışdır. Şirkətin gəlirləri 21% artaraq 19,2 milyard ABŞ dolları (gözlənti 19,1 milyard), EPS göstəricisi 2,11 ABŞ dollarına (gözlənti 1,96 ABŞ dolları) çataraq investor gözləntilərini üstələsə də, illik 55 milyard ABŞ dolları dəyərində kapital xərcləri də gözləntilərdən 4,8 milyard ABŞ dolları yuxarı olmuşdur. Şirkət kapital xərclərini qarşılamaq üçün 2026-cı maliyyə ilində 43 milyard ABŞ dolları borc almış, 2027-ci maliyyə ilində isə borc və səhm satışı ilə 40 milyard ABŞ dolları vəsait əldə etməyi hədəfləyir. 2027-ci maliyyə ilində şirkət 90 milyard ABŞ dolları kapital xərcləməsini hədəfləyir və bunun sadəcə 20 milyard ABŞ dolları dəyərindəki hissəsi müştərilər tərəfindən anında qarşılanır.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftənin əvvəlindən investorların Avropa Mərkəzi Bankının yaxınlaşan faiz görüşündə uçot dərəcəsinin artırılması gözləntisi avronun ABŞ dolları qarşısındakı dəyərini dəstəkləmişdir. 11 iyun 2026-cı il tarixində görüş gerçəkləşdirilmiş, proqnoz edildiyi kimi uçot dərəcəsi 2,15%-dən 2,40%-ə, banklararası depozit dərəcəsi isə 2%-dən 2,25% səviyyəsinə artırılmışdır. Əlavə olaraq, Avropa Mərkəzi Bankı inflyasiya göstəricisinin cari və növbəti illərdəki səviyyəsi ilə proqnozuna yuxarı yöndə düzəliş etmişdir. Belə ki, 2026-cı il üzrə proqnoz 0,4 faiz bəndi artırılaraq 3%, 2027-ci il üzrə proqnoz isə 0,3 faiz artırılaraq 2,3% təşkil etmişdir. Bunun nəticəsində investorlar il ərzində növbəti faiz artımlarının da olacağını istisna etməmişdir. ABŞ-İran münaqişəsinin səngiməsi ilə ABŞ dollarının “təhlükəsiz liman” statusunun dəyəri də nisbətən azalmış, beləliklə, geridə qoyduğumuz həftə avro ABŞ dollarına nisbətdə dəyər qazanmışdır.

USD/JPY məzənnəsinin dinamikası


Yaponiyanın istehsal qiymətləri indeksi (PPI) cari ilin may ayında illik miqyasda 6,1% artış göstərmiş, bu göstərici investor gözləntilərindən 0,6 faiz bəndi, aprel ayı üzrə olan göstəricidən isə 0,8 faiz bəndi artıq olmuşdur. Nəticədə, investorların yaxınlaşan Yaponiya mərkəzi bankı faiz görüşündə uçot dərəcəsini artıracağı ilə bağlı proqnozları güclənmiş, investorlar yen alışına başlayaraq onun dəyərini artırmışdır. Əlavə olaraq, ABŞ və İran arasında sülh müqaviləsinin imzalanması ehtimallarının da artması, Yaxın Şərqdən idxal olunan neftə əsaslanmış olan Yaponiya iqtisadiyyatına müsbət təsir edəcəyi üçün, Yaponiyanın valyutası olan yeni də dəstəkləmişdir. Lakin Yaponiya Mərkəzi Bankın gözlənilən hədəf uçot dərəcəsi olan 1%, ABŞ-ın uçot dərəcəsi olan 3,75% ilə kəskin fərqlənir və investorların Yaponiyada aşağı faizlərlə borc alaraq ABŞ-a investisiyasının (“carry-trade”) davam etməsinə şərait yaradır. Buna görə də, investorların Yaponiya yeninə nisbətdə ABŞ dollarına olan tələbatı yüksək olaraq qalmış və ötən həftə ərzində Yaponiya yeninin dəyər artımı məhdudlaşmışdır.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftənin əvvəli İran İslam Respublikası İsrailə olan hücumlarını dayandırdığını açıqlamış, ABŞ Prezidenti Donald Tramp isə tərəflərin yeni bir atəşkəsə hazırlaşdığına işarə vermişdir. Donald Tramp çərşənbə günü ABŞ-ın İrana edəcəyi hücum edəcəyini açıqlasa da, cümə axşamı bu hücumlar ləğv edilmiş, ABŞ və İran bazar günü sülhün razılaşdırıldığını, sülh müqaviləsinin isə 19 iyun tarixində imzalanacağını açıqlamışdır. Müqavilənin imzalandığı andan etibarən Hörmüz boğazından keçiş tamamilə sərbəst olacaq, İranın nüvə proqramı dayandırılacağı təqdirdə isə İrana müəyyən iqtiadi güzəştlər və sanksiya ləğvləri tətbiq olunacaq.


OPEC+ neft ixracatçıları təşkilatı iyuldakı neft hasilatı kvotalarını günlük 188 min barel artırmışdır. Çin Xalq Respublikası isə neft idxalını müharibə başladığı gündən bu yana 50%-ə yaxın azaltmış və strateji neft rezervlərindən istifadəyə başlamışdır.


Beləliklə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 6,25%, Brent markalı Avropa neftinin avqust fyuçerslərinin qiyməti isə 6,19% azalmışdır.


Qızılın qiymətinin dinamikası


Ötən həftənin əvvəli ABŞ-ın İrana davamlı hücumları nəticəsində yaranan inflyasiya narahatlıqları qızılın qiymətinə mənfi təsir etmiş, qızıl 2025-ci ilin noyabrından bəri ən aşağı səviyyəsinə çatmışdır. Lakin həftənin sonuna doğru tərəflər arasında sülhün imzalanacağı ilə bağlı yaranan nikbinlik qızılın qiymətindəki itkini nisbətən limitləmişdir.


Nəticə olaraq, ötən həftə qızılın avqust fyuçerslərinin qiyməti 2,90% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  4 238,80 ABŞ dolları təşkil etmişdir.