Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 01 aprel – 05 aprel 2024

Vacib məlumat: bu icmalda əksini tapan məlumatlar, faktlar və şərhlər investisiya məsləhəti vermək məqsədi daşımır.


KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


2 aprel 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan diskontlu dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 18 investor iştirak etmiş və tələb təklifi 39% üstələmişdir. Buna baxmayaraq, Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,99% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (53%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,27% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,27 faiz bəndi yüksək olmuşdur. Qeyd edək ki, 9 və 16 aprel 2024-cü il tarixilərində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcəkdir. 9 aprel 2024-cü il tarixində hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 3 il, ümumi həcmi isə 120 milyon manat təşkil edəcəkdir. 16 aprel 2024-cü il tarixində hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 2 il, ümumi həcmi isə 90 milyon manat təşkil edəcəkdir.




Korporativ qiymətli kağızlar

Kapital Bank ASC kütləvi təklif üsulu ilə tədavül müddəti 7 il, illik faiz dərəcəsi 7%, hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi həcmi isə 35 milyon ABŞ dolları olan istiqrazlar buraxır. İstiqrazlar 6-16 aprel tarix aralığında baş tutacaq olan abunə yazılışı vasitəsi ilə 17 aprel 2024-cü il tarixində yerləşdiriləcək. Qeyd edək ki, bu istiqrazlar subordinasiya olunmuş borc qiymətli kağız statusu ilə buraxılır. Bu cür istiqrazlar üzrə investorların tələb hüquqları bütün digər kreditorların, o cümlədən əmanətçilərin tələb hüquqları təmin edildikdən sonra icra edilir. İstiqrazların emissiya prospektində açıqlanmış məlumatlara əsasən, Kapital Bank ASC 2023-cü ildə aktivlərini əvvəlki il ilə

müqayisədə 9,1%, faiz gəlirlərini isə 12,2% artırmağa müvəffəq olmuşdur. Bununla yanaşı, qeyd olunan dövrdə bankın faiz xərcləri 43,7%, qeyri-faiz xərcləri isə 74,5% artmışdır ki, bu da bankın 2023-cü il üzrə xalis mənfəətinə mənfi təsir göstərmiş və bankın xalis mənfəəti 2023-cü ildə əvvəlki il ilə müqayisədə 19,6% azalmışdır.

8 aprel 2024-cü il tarixində BFB-də “İcraçı Kredit Agentliyi” MMC BOKT-un faizli təmin edilməmiş istiqrazları üzrə birqiymətli üsul ilə hərrac keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 2 il, nominal dəyəri 200 manat, ümumi  həcmi isə 99 min  manat təşkil edəcəkdir.


ABŞ kapital bazarı


Həftə ərzində ABŞ-da işsizlik üzrə açıqlanmış son makrostatistik göstəricilər dünyanın ən iri iqtisadiyyatının artım templərinin hələ də yüksək olduğuna işarə etmiş və ABŞ mərkəzi bankı tərəfindən faiz dərəcələrinin cari ildə gözlənilən qədər və gözlənilən tezlikdə endirilmə ehtimallarının azaltmasına yol açmışdır. Qeyd edək ki, mart ayında ABŞ-da yeni yaradılmış iş yerlərinin sayı 303 min təşkil etmişdir ki, bu da gözləntilərdən təxminin 50% çox olmuşdur. Buna baxmayaraq, ABŞ dövlət istiqrazlarının gəlirliliyində əhəmiyyətli dəyişiklik qeydə alınmamışdır.





İşsizlik üzrə son statistik göstəricilər dövlət borc bazarı ilə yanaşı səhm bazarına da əhəmiyyətli təsir etməmişdir. Bu ölkənin aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində cuzi (0,95%) azalma nümayiş etdirmişdir. İndeksi təşkil edən 11 sektordan yalnız energetika və rabitə xidmətləri sektorunda artım qeydə alınmışdır. Rabitə sektoruna daxil olan və Facebook, Instagram, Whatsapp kimi platformaların sahibi olan Meta şirkətinin səhmləri (ticarət simvolu: META) qiyməti həftə ərzində 8,60% artaraq yeni tarixi rekord həddə çatmışdır. Ümumilikdə, bu şirkətin səhmləri son bir il ərzində 149%, cari ilin əvvəlindən isə 46% artım nümayiş etdirmişdir. Bazar kapitalizasiyası 1,344 trilyon ABŞ dolları təşkil edən şirkətin səhmlərinin qiymətinin artması bu şirkət “süni intellekt” və digər innovativ texnologiyalara iri həcmli investisiyaların yatırması fonunda müşahidə edilmişdir. Meta şirkətinin növbəti 12 ay üçün P/E nisbəti (hazırki bazar qiymətinin növbəti 12 ay ərzində proqnozlaşdırılan xalis mənfəətə nisbəti) 26 təşkil edir ki, bu da ABŞ bazarında “möcüzəli yeddilik” adı altında tanınan və investorların ən çox diqqətini çəkən şirkətlər arasında müşahidə edilən ən aşağı göstəricilərdən biridir. Bu isə Meta səhminin cari qiymətinin nisbətən aşağı dəyərləndirilməsinə işarə edir.

 

Həftə ərzində ən böyük artım energetika sektorunun səhmlərində (+3.91%) qeydə alınmışdır. Enerji sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyər qazanması neft və qaz qiymətlərinin artımı fonunda müşahidə edilmişdir. Neft qiymətlərinin artımı fonunda enerji sektorunun nəhənglərindən olan Exxon Mobil Corporation şirkətinin səhmləri (ticarət simvolu: XOM) ilin əvvəlindən bəri 21,39%, Chevron Corporation şirkətinin səhmləri (ticarət simvolu: CVX) 8,34%, ConocoPhillips şirkətinin səhmləri isə (ticarət simvolu: COP) 4,98% faiz artmışdır. Ümumilikdə, S&P 500 indeksinin enerji sektorunun (sektorun səhmlərinə investisiya edən fondun payının (ETF) ticarət simvolu: XLE) ilin əvvəlindən bəri göstərdiyi 16,98%-lik artımı ilə indeksin ən çox artan sektoru olaraq qalmaqdadır.  





VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Həftənin ilk günləri ərzində ABŞ dollarının avroya məzənnəsində dəyər itirməsinə baxmayaraq həftənin sonuna yenə öz dəyərini bərpa etməklə əlavə cüzi dəyər qazanmışdır. ABŞ-da uçot faiz dərəcəsində gözlənilən azalmanın vaxtının proqnozlaşdırılandan daha gec olacağı ehtimalının artması dolların həftə içi öz dəyərini bərpa etməsinə şərait yaradan əsas faktorlardan olmuşdur.




USD/JPY məzənnəsinin dinamikası


Ötən həftə dolların yenə məzənnəsi nisbətən stabil qalmışdır. Yaponiyada inflyasiya təzyiqlərinin tədricən artmasına və Yaponiya mərkəzi bankının pul siyasətini sərtləşdirmək niyyətləri bu valyutanın möhkəmlənməsinə ciddi təsir etməmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


OPEC+ ölkələri tərəfindən neft hasilatının könüllü azaldılması planlarının cari ilin ikinci rübünün sonuna qədər dəyişməyəcəyi gözləntiləri, Rusiyanın neft ixracı infrastrukturuna hücumlar, Yaxın Şərqdəki ağır geosiyası vəziyyətin davam etməsi neft qiymətlərinin artmasına təkan verən əsas faktorlar olmuşdur. Bu hadisələr fonunda WTI markalı Amerika xam neftinin may fyuçerslərinin qiyməti həftəlik 4,5%, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 1,2% artım nümayiş etdirmişdir.


Qızıl qiymətlərinin dinamikası


ABŞ-da işsizliyə dair açıqlanmış son makrostatistik göstəricilərin ABŞ mərkəzi bankı tərəfindən pul siyasətinin yumşaldılması ehtimalına mənfi təsirinə baxmayaraq, qızıl həftə ərzində dəyər qazanmağa davam etmişdir. Faiz dərəcələrinə həssas olan qiymətli metalın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 4,2% artaraq bir Troy unsiyası (31,1 qram) üçün yeni rekord hədd sayılan 2 345,40 ABŞ dollarına çatmışdır.