Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 16 – 20 fevral 2026-cı il

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



18 fevral 2026-ci il tarixində Bakı Fond Birjasında “FERRUM Kapital” QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 4 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.

19 fevral 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “MERKURİ BOKT” ASC-nin nominal dəyəri 50 manat, ümumi buraxılış həcmi 1 milyon 100 min manat, illik gəlirlilik faizi 17%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə, 25 fevral 2026-cı il tarixində baş tutacaq.

ABŞ kapital bazarı

Ötən həftənin cümə günü ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) əsaslanaraq tətbiq etdiyi gömrük rüsumlarının qeyri-qanuni olduğuna qərar vermiş, bununla da xarici ölkələrə tətbiq olunan gömrük rüsumlarının böyük bir hissəsi haqqında ləğv qərarı çıxarılmışdır. Buna baxmayaraq, Tramp 1974-cü il tarixli Ticarət Aktına əsaslanaraq, ötən həftənin şənbə günü digər ölkələrə tətbiq olunan gömrük rüsumlarının baza səviyyəsini 10%-dən 15%-ə çıxarmışdır. Qeyd etmək lazımdır ki, Ticarət Aktına əsaslanan gömrük rüsumlarının müddəti sadəcə 150 gündür, buna görə də həmin rüsumlar “IEEPA” rüsumlarını uzunmüddətli əvəz edə bilməyəcək.

Ötən həftənin cümə günü 2025-ci ilin dördüncü rübü üzrə ABŞ-da ÜDM artımı açıqlanmış, bu göstərici həmin dövrdə ABŞ-da şatdaunun davam etməsi ilə bağlı olaraq kəskin azalaraq 1,4% təşkil etmişdir ki, bu da ötən rübün oxşar göstəricisindən 3 faiz bəndi, investorların gözləntilərindən isə 1,4 faiz bəndi aşağı olmuşdur.

ABŞ mərkəzi bankının əsas inflyasiya göstəricisi hesab etdiyi şəxsi istehlak xərclərinin (PCE) illik miqyasda dəyişimi dekabr ayında 2,9% təşkil etmişdir. Volatil qida və enerji qiymətləri istisna olunan baza şəxsi istehlak xərcləri isə (core PCE) eyni dövrdə 3.0% olaraq qeydə alınmışdır.

Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı isə 14 fevral tarixində bitən həftə üçün 21 min azalaraq 206 min təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı isə 7 min artaraq 1,869 milyon nəfərə çatmışdır.

Geridə qoyduğumuz həftə ərzində ABŞ dövlət istiqrazlarının gəlirlilik əyrisinin bütün nöqtələri üzrə gəlirlilikdə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,04 faiz bəndi azalaraq 4,08% təşkil etmişdir.



Ötən bazar ertəsinin ABŞ-da qeyri-iş günü  olması səbəbilə qısa keçən ticarət həftəsi, ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı qərarından sonra ABŞ fond bazarlarında artımla yadda qalmışdır.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,07% artmışdır. Ən çox artım rabitə xidmətləri (1,94%), sənaye istehsalı (1,76%) və maliyyə xidmətləri (1,60%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə qida məhsulları və pərakəndə ticarət (1,81%), sektorunu təmsil edən şirkətlərin səhmlərində olmuşdur.



“NVIDIA” (ticarət simvolu: NVDA) şirkəti “Meta Platforms” (ticarət simvolu: META) şirkəti ilə “Meta”-nın məlumat mərkəzlərində “NVIDIA” mikroprosessorlarından (CPU), qrafik kartlarından (GPU), və “NVIDIA Spectrum-X” kommutatorlarından istifadə edilməsi üzrə uzunmüddətli müqavilə imzalamışdır. Xəbərdən sonra “NVIDIA”, “Meta” və “NVIDIA” mikrosxemlərinin dizayneri “Arm Holdings” (ticarət simvolu: ARM) şirkətlərinin səhmlərinin qiyməti artmış, rəqib CPU istehsalçıları “Intel” (ticarət simvolu: INTC), “Advanced Micro Devices” (ticarət simvolu: AMD), süni intellekt mikrosxemləri dizayneri “Broadcom” (ticarət simvolu: AVGO) və “Meta”-nın hazırkı şəbəkə partnyoru “Arista Networks” (ticarət simvolu: ANET) şirkətlərinin səhmlərinin qiyməti isə azalmışdır.


“AMD” şirkəti isə süni intellekt startapı “Crusoe” ilə 300 milyon ABŞ dolları dəyərində müqavilə imzalamışdır. Anlaşmaya əsasən, “Crusoe” “Goldman Sachs” (ticarət simvolu: GS) bankından həmin həcmdə kredit götürəcək və vəsaitdən öz məlumat mərkəzləri üçün “AMD” “GPU”-ları almağa istifadə edəcək, və əgər bu məlumat mərkəzləri üçün yetərli tələb olmazsa, “AMD” şirkəti boşda qalan həcmi satın alacaq. Bu qarantiya həmçinin “Crusoe”-nun “Goldman Sachs”-dan aldığı kreditin faizinin azalmasına dəstək olmuşdur.


“Warner Bros Discovery” (ticarət simvolu: WBD) şirkətinin satın alınması uğrunda mübarizə öncəki həftə də davam etmişdir. “Netflix” (ticarət simvolu: NFLX) şirkəti “Warner Bros.”-a “Paramount Skydance”-in (ticarət simvolu: PSKY) son təklifini dəyərləndirməsi üçün 1 həftəlik müddət tanımışdır.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə Avropa mərkəzi bankının idarə heyətinin sədri Kristin Laqard 2027-ci ilin oktyabrda bitən mandatını daha tez, Fransanın 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərindən əvvəl bitirə biləcəyini açıqlamışdır. Burada məqsəd, Fransanın hazırkı prezidenti Emanuel Makronun növbəti mərkəzi bank sədrinin seçilməsində söz sahibi olmasına imkan yaratmaq və həmin seçkilərdə potensial sağçı partiyaların qalibiyyətinin Avropa mərkəzi bankına olan təsirini minimallaşdırmaq olmuşdur. ABŞ-da mərkəzi bankın müstəqilliyinin diqqət çərçivəsində olduğu bir dövrdə Avropada da siyasi addımların atılması, avronun mövqeyinə həftə içi zərbə vurmuşdur. Buna baxmayaraq, ABŞ-da ticarət həftəsi bitərkən açıqlanan zəif iqtisadi göstəricilər və gömrük rüsumları ilə bağlı siyasi qarşıdurma, ABŞ dollarının da dəyərini aşağı salmış, beləliklə avro həftə ərzində itirdiyi mövqeyi nisbətən bərpa etmişdir.



USD/JPY məzənnəsinin dinamikası


Ötən həftə Yaponiyada Ümumi Daxili Məhsulun (ÜDM) 2025-ci ilin dördüncü rübü üzrə rüblük miqyasda artımı açıqlanmış, göstərici həm ötən rübdən, həm də investor gözləntilərindən aşağıda, 0,1 faiz bəndi səviyyəsində formalaşmışdır. Beləliklə illik miqyasda artım da 0,2% təşkil etmişdir. Yaponiyanın istehlak qiymətləri indeksi (CPI) isə yanvar ayında illik miqyasda 1,5 faiz bəndi təşkil etmişdir ki, bu da ötən ayla müqayisədə 0,6 faiz bəndi azdır. Yaponiyada iqtisadi böyümənin və aktivliyin zəifləməsi, mərkəzi bankın növbəti faiz qərarlarında yumşalma yönümlü siyasət aparmasına şərait yaratmış, nəticə olaraq aşağı faiz gözləntiləri Yaponiya yeninin qiymətini ABŞ dollarına nisbətdə geriyə salmışdır.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə ərzində ABŞ və İran arasındakı siyasi gərginlik, xüsusilə ABŞ-ın İran ərazisi ətrafında dəniz və hava qüvvələrini cəmləşdirməsi, həmçinin, ABŞ-ın regiondakı müttəfiqi İsrailin də İran hakimiyyətində dəyişiklik olunmasına çağırışlar etməsi, İrana hərbi müdaxilə ehtimalını yüksəltmişdir. ABŞ prezidenti Donald Tramp, rəsmi Tehrana İranın nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı razılaşmaya gəlmək üçün 15 gün müddət tanımışdır. Nəticə olaraq, İranın neft ixracının və Hörmüz boğazındakı neft tranzitinin pozulması ehtimalları, neftin qlobal bazardakı təklifi ilə bağlı narahatlıqları artırmışdır.


Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin mart fyuçerslərinin qiyməti 5,94%, Brent markalı Avropa neftinin aprel fyuçerslərinin qiyməti isə 5,92% artmışdır.


Qızılın qiymətinin dinamikası


Ötən həftə ABŞ Ali Məhkəməsinin və ABŞ prezidenti Donald Trampın xarici ölkələrə tətbiq olunan gömrük rüsumları ilə bağlı qarşıdurması, Avropa və Hindistanın ABŞ ilə bu rüsumlar barəsində ticarət anlaşmalarını təxirə salması, həmçinin ABŞ və İran arasında davam edən gərginliyin geosiyasi riskləri artırması, “təhlükəsiz liman” aktivi olan qızıla tələbatı artırmışdır.


Nəticə olaraq, qızılın 2026-cı ilin aprel ayı üçün olan fyuçerslərinin qiyməti 0,69% artaraq 5080,9 ABŞ dollarına çatmışdır.