Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 11 mart – 15 mart 2024-cü il

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

12 mart 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı investorlar tərəfindən verilən sifarişlərin qiyməti Maliyyə Nazirliyini qane etmədiyindən hərrac baş tutmamışdır. 

Qeyd edək ki, 19 mart 2024-cü il tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərracda investorlara cari ilin yanvar ayının 15-dən bəri ilk dəfə olaraq qısa müddətli istiqrazlar təklif olunacaqdır. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 364 gün, ümumi həcmi isə 150 milyon manat təşkil edəcəkdir.




Korporativ qiymətli kağızlar


15 mart 2024-cü il tarixində BFB-də “Bank BTB” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi  həcmi isə 5 milyon manat olan adi, adlı səhmləri yerləşdirilmişdir. Abunə yazılışı vasitəsi ilə təşkil olunmuş kütləvi yerləşdirmədə 1 investor iştirak etmiş və səhmlər nominal dəyər ilə tam yerləşdirilmişdir.


12 mart 2024-cü il tarixində BFB-də “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin nominal dəyəri 350 manat, ümumi  həcmi isə 50 050  manat olan adi, adlı səhmləri yerləşdirilmişdir. Abunə yazılışı vasitəsi ilə təşkil olunmuş kütləvi yerləşdirmədə 1 investor iştirak etmiş və səhmlər nominal dəyər ilə tam yerləşdirilmişdir.


11 mart 2024-cü il tarixində “GL” ASC tərəfindən buraxılmış, nominal dəyəri 1 000 manat olan, illik faiz (kupon) dərəcəsi 12%, ümumi həcmi isə 500 min manat olan korporativ istiqrazların yerləşdirilməsi üzrə BFB-də təşkil olunmuş hərrac yekunlaşmışdır. Hərracdə 1 investor iştirak etmiş, hərraca çıxarılan bütün istiqrazlar nominal dəyər ilə yerləşdirilmişdir.


Borcların toplanması fəaliyyəti ilə məşğul olan “BOA Agency" ASC-nin səhmləri ilkin kütləvi təklif yolu ilə investorlara satılır. Səhmlərə abunə yazılışı 15 mart 2024-cü ildə başlanmış və 19 mart 2024-cü il tarixində başa çatacaqdır. Emitent tərəfindən emissiya edilən əlavə səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı isə 110 min ədəd təşkil edir. Səhmlərin emissiya prospektində açıqlanmış məlumatlara əsasən “BOA Agency" ASC-nin səhm başına xalis mənfəəti 2022-ci ildə əvvəlki ilin göstəricisi ilə müqayisədə 2,7 dəfədən çox artaraq 8 163,27 manat, 2022-ci ilin sonuna səhm başına xalis aktivləri isə 11 702,85 manat təşkil etmişdir.  


ABŞ kapital bazarı


Həftə ərzində ABŞ-da inflyasiya üzrə açıqlanmış son statistik göstəricilər gözləntilərindən daha yüksək olmuş və bu da 2000-ci ilin ortalarından bəri ən yüksək həddə olan uçot faiz dərəcələrinin yaxın zamanlarda endirilməsi ehtimalının azalmasına səbəb olmuşdur. Qiymət artımı üzrə makroiqtisadi göstəricilər açıqlandıqdan sonra, uçot faiz dərəcəsinin cari ilin iyun ayında ən azı 0,25 faiz bəndi endirilməsi ehtimalı əvvəlki həftənin göstəricisi olan 73,3%-dən 59,2%-ə enmişdir ki, bu da faiz dərəcələrinə həssas olan və fond bazarında ticarət olunan aktivlərin həftəlik qiymət dinamikasına mənfi təsir etmişdir. Həftə ərzində istinad göstəricisi qismində istifadə edilən, tədavül müddəti 10 il olan ABŞ dövlət istiqrazlarının gəlirliliyi 0,22 faiz bəndi artmışdır ki, bu 2023-cü ilin oktyabr ayından bəri ən kəskin həftəlik artım olmuşdur.




ABŞ-da dövlət istiqrazlarının qiymətinin düşməsi ilə yanaşı bu ölkənin aparıcı fond bazarı indeksinin də dinamikasında geriləmə qeydə alınmışdır. Həftə ərzində S&P 500 indeksində ən böyük payı olan texnologiya sektoruna (indeksdə payı 40%) aid edilən şirkətlərin səhmlərinin ucuzlaşması ümumilikdə indeksin 0,13 faiz azalmasını şərtləndirən əsas faktor olmuşdur. Bu sektor isə öz növbəsində yarımkeçirici mikrosxemlər istehsal edən şirkətlərin səhmlərinin son həftələrin müsbət trendinə əks olaraq ucuzlaşması fonunda mənfi dinamika nümayiş etdirmişdir. Son bir il ərzində 240% bahalaşan Nvidia şirkətinin səhmləri (ticarət simvolu: NVDA) həftə ərzində 8,22%, Intel şirkətinin səhmləri (ticarət simvolu: INTC) 6,81%, Advanced Micro Devices şirkətinin səhmləri (ticarət simvolu: AMD) 13,09% faiz dəyər itirmişdir. Qeyd olunan şirkətlərdən fərqli olaraq, Oracle şirkətinin (ticarət simvolu: ORCL) səhmləri həftə ərzində 11% artım nümayiş etdirmişdir ki, bu da texnologiya sektorunda qeydə alınmış ən yaxşı nəticə olmuşdur. Əsasən iri biznes subyektləri üçün verilənlər bazası və digər növ proqram təminatı təqdim edən şirkətin səhmlərinin qiymətinin artması həftə ərzində açıqlanmış və özündə müsbət nəticələr əks etdirən maliyyə hesabatı ilə əlaqəli olmuşdur. Belə ki, son rüb üzrə açıqlanmış maliyyə hesabatlarına əsasən bazar dəyəri 345 milyard ABŞ dolları təşkil edən şirkətin satış dövriyyəsi “bulud” texnologiyası üzrə xidmətlərin genişləndirilməsi fonunda əvvəlki ilin müvafiq rübünün göstəricisi ilə müqayisədə 7,1%, xalis mənfəəti isə 27% artmışdır. Maliyyə hesabatlarını açıqlamaqla yanaşı, Oracle şirkəti biznes subyektlərinə təqdim etdiyi proqram təminatını “süni intellekt” elementləri hesabına daha da təkmilləşdirildiyini bildirmişdir. Son zamanların trendinə çevrilmiş “süni intellekt” texnologiyasını öz məhsullarına daha çox inteqrasiya etmək və bu sahədə özünün ən böyük rəqibi olan Microsoft şirkəti ilə rəqabət aparmaq niyyəti, Oracle səhmlərinin həftə ərzində diqqət mərkəzində qalaraq daha da çox dəyər qazanmasına səbəb olan digər faktor olmuşdur.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Həftə ərzində ABŞ dollarının avroya qarşı məzənnəsi (EUR/USD) möhkəmlənmə nümayiş etdirmişdir. ABŞ-da son açıqlanmış inflyasiya göstəricilərinin gözləntilərdən yüksək olması və nəticə etibarı ilə faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı ehtimalının artması dolların dəyər qazanmasına təsir göstərən əsas faktor olmuşdur. ABŞ mərkəzi bankının martın 19-20-də keçiriləcək iclasında faiz dərəcələrinin cari həddə saxlanılması gözlənilir. İnvestorlar faiz dərəcələrinin cari ilin iyun ayında baş tutacaq iclasda endirilməsini gözləyirlər. ABŞ və avrozonada uçot faiz dərəcələri üzrə gözləntilər dolların avroya qarşı məzənnəsini müəyyən edən ən əsas faktorlardan biridir.





USD/JPY məzənnəsinin dinamikası

Martın 19-da Yaponiya mərkəzi bankının pul siyasətinə həsr olunmuş növbəti iclasında baş tutacaqdır. İclasın nəticəsi olaraq uzun illərdən sonra Yaponiya mərkəzi bankının mənfi faiz dərəcələri siyasətinə son qoyacağı gözlənilir. Buna baxmayaraq, Yaponiya yeni ABŞ dollarına qarşı həftə ərzində ucuzlaşmağa davam etmişdir. ABŞ-da inflyasiya üzrə açıqlanmış son statistik göstəricilər dolların bütün əsas valyutalara, o cümlədən Yapon yeninə qarşı bahalaşmasına münbit şərait yaratmışdır.


ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Həftə ərzində ABŞ-da neft ehtiyatlarının son 7 həftə ərzində ilk dəfə olaraq azalaması və Beynəlxalq Enerji Agentliyi tərəfindən neft bazarında təklifin azalacağı barədə açıqlanmış proqnozlar neft qiymətlərinin artaraq ötən ilin noyabr ayından bəri ən yüksək həddə çatmasına səbəb olmuşdur.  Həftə ərzində WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti ötən həftənin bağlanış qiyməti ilə müqayisədə 3,88% artaraq həftənin son ticarət günü bir barreli üçün 81,04 ABŞ dolları təşkil etmişdir. Qeyd edək ki, qeyd olunan neft növünün qiyməti ilin əvvəlindən bəri 15,1% bahalaşma nümayiş etdirmişdir. Qısa müddətli perspektivdə OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması hədəfləri və tədbirləri neft bazarına təklif tərəfdən müsbət təsir göstərsə də, uzun müddətli perspektivdə dünyanın ən böyük neft idxalçılarından biri olan Çində iqtisadi artım templərinin tədricən zəifləməsi neftə tələbat tərəfdən təzyiq göstərən ən əsas faktorlar kimi qiymətləndirilir.

Qızıl və bitkoin qiymətlərinin dinamikası

ABŞ-da fevral ayı üzrə inflyasiyanın gözləntilərdən daha yüksək olması və bu hadisənin pul siyasətinə təsiri gözləntiləri qızıl qiymətlərinə mənfi təsir etmişdir. Belə ki, ABŞ-da faiz dərəcələrinin endirilməsi ehtimallarının azalması və dolların gəlirliliyinin daha uzun müddət yüksək səviyyədə qalması gözləntisi qızıla qarşı investorların marağını azaltmışdır. Sarı metalın aprel fyuçerslərinin qiyməti son 4 həftə ərzində ilk dəfə olaraq həftəlik geriləmə nümayiş etdirərək bir troy unsiyası (31,1 qram) üçün 2 157,30 ABŞ dolları təşkil etmişdir.

Dünyanın ən çox ticarət edilən kriptovalyutasının qiyməti həftə içi artaraq yeni rekord səviyyəyə çatmışdır. Ümumi bazar dəyəri 1,339 trilyon təşkil edən bitkoinin emissiya sürətinin və həcminin daha da azalacağı onun qiymətinə müsbət təsir etmiş amillərdən olmuşdur. Qeyd edək ki, bitkoinin yaradılması, saxlanması və ötürülməsini təmin edən alqoritmə əsasən cari ilin aprel ayından etibarən bitkoin şəbəkəsində əməliyyatların təsdiqinə görə iştirakçılara verilən bitkoinin sayı iki dəfə azalacaqdır.