KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
14 may 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 23 investor iştirak etmiş və tələb təklifdən 23% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,05% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (55%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,7069% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,208 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 21 may 2024-cü il tarixində dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 2 il, ümumi həcmi isə 50 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
14 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin illik faiz dərəcəsi 12%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 1 investor iştirak etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil etmişdir. Qeyd edək ki, “GL” ASC-nin eyni parametrli istiqrazların üzrə növbəti yerləşdirilməsi 20 may 2024-cü il tarixində birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdiriləcək istiqrazların ümumi nominal dəyəri 250 min manat təşkil edəcəkdir.
14 may 2024-cü il tarixində Bakı Fond Birjasında PASHA Yatırım Bankası A.Ş.-nin illik faiz dərəcəsi 6.19%, nominal dəyəri 1 000 ABŞ dolları, ümumi nominal dəyəri 25 milyon ABŞ dolları, tədavül müddəti 18 ay, ödəniş dövrü isə hər 3 aydan bir olan təmin edilməmiş istiqrazları “premium bazar” listinq seqmentinə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 15-29 may 2024-cü il tarixlərində, yerləşdirmə isə 30 may 2024-cü il tarixində baş tutacaqdır.
14 may 2024-cü il tarixində Bakı Fond Birjasında “EKOLİZİNQ” MMC-nin illik faiz dərəcəsi 10%, nominal dəyəri 1 000 ABŞ dolları, ümumi nominal dəyəri 250 min ABŞ dolları tədavül müddəti 3 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazları “standart bazar” listinq seqmentinə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir və yerləşdirilmənin başlanmasına 2 gün qalmış hərracın baş tutacağı tarix Bakı Fond Birjasının internet səhifəsində investorlara açıqlanacaqdır.
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin dəyəri 1 000 manat, tədavül müddəti 2 il, ödəniş dövrü isə hər 3 aydan bir olan təmin edilməmiş istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 7 investor iştirak etmişdir. İstiqrazların kəsmə gəlirliliyi 10,5999%, orta ölçülmüş gəlirliliyi 9,7927%, nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil etmişdir.
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Effektinvest” MMC-nin illik faiz dərəcəsi 14%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 4 investor iştirak etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil etmişdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. ABŞ mərkəzi bankının uçot faiz dərəcəsi siyasətinə bilavasitə təsir edən istehlak qiymətlərindəki artım aprel ayı üçün ekspertlərin gözlədiyindən daha az olmuşdur. Belə ki, istehlak qiymətlərindəki artım həm gözlənilən, həm də mart ayı üzrə göstəricidən 0,10% az olaraq aprel ayı üçün 0,30% təşkil etmişdir. Qida və yanacaq malları xaric digər mal və xidmətlərdə qiymət artımı gözləntilərə uyğun olsa da, əvvəlki ayın göstəricisindən az olmuşdur. Əlavə olaraq aprel ayında ümumi pərakəndə satışları göstəricisində, ekspertlər tərəfindən 0,40% artım gözlənilsə də, heç bir artım qeydə alınmışdır. Pərakəndə satışlarda mart ayında 0,60% artım olduğunu nəzərə aldıqda, ABŞ-da istehlakçıların aprel ayında qənaətə üstünlük verdiyi müşahidə edilmişdir.
Bu əhəmiyyətli makroiqtisadi göstəricilər ölkədə qiymət artımının nisbətən səngiməsinə işarə etməklə, ABŞ mərkəzi bankının hədəflədiyi inflyasiya göstəricilərinə nail olmaqda atdığı addımların planlaşdırılmış siyasətə uyğun getdiyini göstərmişdir. Belə ki, inflyasiyanın zəifləməsi və tədricən ABŞ mərkəzi bankı tərəfindən hədəf göstəriciyə (2%) yaxınlaşması ABŞ mərkəzi bankı hazırda apardığı sərt pul siyasətinin yaxın zamanda nisbətən yumşaldılmasına zəmin yaratmaqla mərkəzi bank rəsmilərini daha qətiyyətli addımlar atmağına təkan verir. Bu hadisələr fonunda bazar iştirakçılarının bu ilin sonuna doğru ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaldacağına inamı artmışdır. Belə ki, ABŞ mərkəzi bankının bu ilin sentyabr ayındakı iclasında uçot faiz dərəcəsini azaldacağı ehtimalı 80,76%-a qədər yüksəlmişdir. Səngiyən inflyasiya göstəricisi və ondan irəli gələn ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaldacağı ehtimallarının artması fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində azalma qeyd edilmişdir. Azalma qısa müddətli istiqrazların gəlirliliyində 0,01-0,02%, uzun müddətli istiqrazların gəlirliliyində isə 0,08% təşkil etmişdir.
Pul siyasətinin yumşaldılması ehtimallarının artması fonunda ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 1,54% artım nümayiş etdirmişdir. Sənaye istehsalı sahəsindəki şirkətlərin səhm dəyərindəki cüzi azalma (0,28%) istisna olmaqla, indeksi təşkil edən bütün sektorlarının şirkətlərinin səhmlərinin qiymətlərində artım qeydə alınmışdır. Ən böyük irəliləyiş elektronika sənayesi və İKT (3,06%), tikinti və daşınmaz əmlak (2,51%), səhiyyə (1,89%) sahələrini təmsil edən şirkətlərin səhmlərinin müşahidə edilmişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda ABŞ dolları avroya qarşı dəyər itirmişdir. ABŞ-da inflyasiyanın zəifləməsi və bununla da uçot faiz dərəcələrinin endirilməsi ehtimalının artması, avroya nisbətdə ABŞ dollarını daha az cəlbedici etmiş və bu valyutaya tələbatın azalmasına səbəb olmuşdur.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftənin ilk yarısı Yaponiya yeni ABŞ dollarına qarşı dəyər qazanmağa başlasa da, həftənin sonuna doğru son dövrlərdə olduğu kimi dəyər itirməyə başlamışdır. Nəticə etibarı ilə həftə sonuna məzənnədə əhəmiyyətli dəyişiklik qeyd edilməmişdir. Buna əsas səbəb Yaponiya mərkəzi bankının iki həftə əvvəl bazara müdaxilə etməsinə baxmayaraq, bu həftə bu cür aktivliyin göstərməməsi olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Son həftə ərzində neftin qiymətində cüzi artım müşahidə edilmişdir. Dünyanın ən böyük iki neft istehlakçısından biri olan Çində sənaye istehsalının aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,70% faiz artması bazarda nikbinlik yaratsa da, Çində neft emalı həcmlərinin azalması xəbərləri neftin qiymətinin daha da çox artmasının qarşını almışdır. Həmçinin, ABŞ-da açıqlanan makroiqtisadi göstəriclər yaxın gələcəkdə faiz dərəcələrinin azaldılacağı ehtimalını artırmaqla, ABŞ dolları qarşılığında satılan neftin qiymətinə müsbət təsir etmişdir. Nəticə olaraq neftin qiyməti son həftə nisbətən stabil qalmışdır. Belə ki, WTI markalı Amerika xam neftinin iyun fyuçerslərinin qiyməti həftəlik 2,30%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 1,44% artmışdır.
Qızıl qiymətlərinin dinamikası
Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 1,79% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 417,40 ABŞ dolları etmişdir. ABŞ-da inflyasiya təzyiqlərinin nisbətən səngiməsi və nəticə olaraq ABŞ mərkəzi bankının sentyabrda uçot faiz dərəcəsini azaldacağı ehtimalının güclənməsi qızılın qiymətində artıma təkan vermişdir. Yüksək faiz dərəcələri mövcudluğunda faiz gəliri gətirməyən investisiya aləti olan qızılın “saxlama” xərci çox olduğundan, yaxın gələcəkdə faiz dərəcələrinin azalması ehtimalının artması qızılın qiymətinin dinamikasına müsbət təsir etməkdədir.