Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 15 aprel – 19 aprel 2024

Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


16 aprel 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 18 investor iştirak etmiş və tələb təklifi 4% üstələmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,45% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (51%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,0661% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1419 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 23 aprel 2024-cü il tarixində diskontlu, dövlət qisamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 1 il, ümumi həcmi isə 120 milyon manat təşkil edəcəkdir.





Korporativ qiymətli kağızlar


Kapital Bank ASC
kütləvi təklif üsulu ilə tədavül müddəti 7 il, illik faiz dərəcəsi 7%, hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi həcmi isə 35 milyon ABŞ dolları olan təmin edilməmiş subordinasiya olunmuş istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində yekunlaşmışdır. Hərracda 104 investor iştirak etmiş və istiqrazlar nominal dəyəri 35 milyon ABŞ dolları həcmində yerləşdirilmişdir.


18 aprel 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) Listinq Komitısinin qərarı ilə “Kəpəz” BOKT MMC-nin ümumi dəyəri 500 min manat, illik faiz dərəcəsi 14%; BOKT “İnternational” ASC-nin ümumi dəyəri 250 min manat, illik faiz dərəcəsi 15%; “GL” ASC-nin ümumi dəyəri 500 min manat, illik faiz dərəcəsi 12 % olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan istiqrazların nominal dəyəri 1 000 manat təşkil edir, yerləşdirilməsi isə birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirilmənin başlamasına ən az 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsindən açıqlanacaqdır.

 
ABŞ kapital bazarı


Ötən həftə ABŞ Ticarət Departamenti tərəfindən açıqlanan hesabata əsasən mart ayında pərakəndə satışlarda 0,7% artım müşahidə edilmişdir. Bu artım tempi gözlənilən 0,3% artımdan kifayət qədər yüksək olmuşdur. Əlavə olaraq Ticarət Departamenti fevral ayındakı artım rəqəmlərinə yenidən hesablayaraq onları 0,9%-ə yüksəltmişdir. Artım əsasən yanacaq və  məişət malları kateqoriyasında qeyd edilmişdir. Həmçinin, daşınmaz əmlak bazarındakı mövcud təklif sıxlığı bazarda qiymətlərinin artımına səbəb olmuşdur. Qeyd edilən makroiqtisadi trendlər inflyasiyaya təkan verməkdədir. Bu məlumatlar fonunda ABŞ mərkəzi bankının rəsmilərinin öz çıxışlarında yaxın aylarda uçot faiz dərəcisini azaldılması üçün yetərli iqtisadi səbəblərin olması haqda şübhələrinin olduğunu və uçot faiz dərəcəsinin ilin sonunadək endirilməməsi ehtimalının olduqca real görsənməsini bildirmişdirlər. Nəticə olaraq, bazar iştirakçılarının faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağına dair inamı artmış və bu da öz növbəsində ABŞ dövlət istiqrazlarının gəlirliliklərində artıma  səbəb olmuşdur.



Son həftə ABŞ-ın səhm bazarında azalma müşahidə edilmişdir. Yaxın Şərqdaki gərgin geosiyası vəziyyət, habelə yüksək faiz dərəcələrinin daha uzun müddət qalacağı gözləntiləri buna əsas səbəblərdən olmuşdur.  Ölkənin aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 3,05% geriləmə nümayiş etdirmişdir. İndeksi təşkil edən sektorlardan ən böyük ucuzlaşma elektronika sənayesi və İKT (-6,27%), məişət malları və əhali üçün xidmətlər (-4,15%), tikinti və daşınmaz əmlak (-3,65%), rabitə xidmətləri (-2,29%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində qeydə alınmışdır.





Yüksək texnologiyalı yarımkeçirici mikrosxemlər istehsalı üçün avadanlıqlarının təchizatçısı olan ASML Holdings şirkətinin rüblük gəlirlərinin gözləniləndən az olması, mikrosxem istehsal edən şirkətlərin və öz növbəsində yüksək texnologiyalar sahəsindəki böyük şirkətlərin səhmlərinin qiymətlərinin azalmasına təsir göstərmişdir. Yarımkeçirici  mikrosxemlər sektorunu təmsil edən şirkətlərin səhmlərinə investisiya edən investisiya fondlarının (ETF) bazar kapitalizasiyasında son həftə azalma müşahidə edilmişdir.



Valyuta bazarları


EUR/USD məzənnəsinin dinamikası

Aropa Mərkəzi Bankının iyunda uçot faiz dərəcəsini azaldacağı barədə xəbərlər, eyni zamanda isə ABŞ mərkəzi banklarının uçot faiz dərəcələrinin ilin sonunadək dəyişdirməmək ehtimallarının əsaslı güclənməsi ABŞ dollarının avroya qarşı ötən həftədə möhkəm qalmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası

ABŞ uçot faiz dərəcəsinin yüksək qalması, Yaponiya mərkəzi bankının bazara müdaxilə etməyə tələsməməsi, həmçinin spekulyasiya edən bazar iştirakçılarının sayının çoxluğu, ABŞ dollarının yenə qarşı son həftə olduğu kimi möhkəm qalmasına səbəb olmuşdur.




USD/JPY məzənnəsinin dinamikası

ABŞ uçot faiz dərəcəsinin yüksək qalması, Yaponiya mərkəzi bankının bazara müdaxilə etməyə tələsməməsi, həmçinin spekulyasiya edən bazar iştirakçılarının sayının çoxluğu, ABŞ dollarının yenə qarşı son həftə olduğu kimi möhkəm qalmasına səbəb olmuşdur.

Əmtəə bazarları


Neft bazarının dinamikası

Yaxın Şərqdəki geosiyası vəziyyətin ağır qalmasına baxmayaraq, İran və İsrailin  qarşılıqlı təmkinli cavabları, aktiv münaqişə olacağı ehtimalını azaltmışdır.  Bunun nəticəsində həftə ərzində qara qızılın qiymətində cüzi azalma müşahidə olunmuşdur. Belə ki,  WTI markalı Amerika xam neftinin may fyuçerslərinin qiyməti həftəlik 2.66%, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 3,12% enmişdir.


Qızıl qiymətlərinin dinamikası

Sarı metalın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 1,67% artaraq bir Troy unsiyası (31,1 qram) üçün yeni rekord hədd sayılan 2 413,80 ABŞ dollarına çatmışdır. Yaxın Şərqdəki geosiyasi vəziyyətdə gərgin olaraq qalması, həmçinin ABŞ mərkəzi bankının uçot faiz dərəcəsinə müdaxiləsinin vaxtının gözləniləndən çox uzanması, investorlar tərəfindən təhlükəsiz alternativ olaraq gördüyü qızıla marağın artmasına səbəb olmuşdur.