Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 18 – 23 noyabr 2024

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

19 notyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır.

21 noyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 17 investor iştirak etmiş və tələb təklifdən 47% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 10,70% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 13%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 76 milyon 787 min 500 manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 10,2323% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1694 faiz bəndi az olmuşdur. Qeyd edək ki, Bakı Fond Birjasında 26 noyabr 2024-cü il tarixində tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli, 28 noyabr tarixində isə tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli   istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçirələcəkdir. 26 noyabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat,  28 noyabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi isə 80 milyon manat təşkil edəcəkdir.



Korporativ qiymətli kağızlar


18 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 750 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə  2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə rəqabətli üsul ilə keçirilən hərrac yekunlaşmışdır. Hərracda 3 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


19 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Falcon Finance” BOKT MMC -nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə  18 ay olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli üsul ilə keçirilən hərrac yekunlaşmışdır. Hərracda 2 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


20 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə  2 il olan təmin edilməmiş istiqrazları “standart bazar” seqmentində listinqə daxil edilmişdir. İstiqrazların nominal həcmi 1 milyon manat təşkil edir.


ABŞ kapital bazarı


Ötən həftə ABŞ-da makroiqtisadi təqvimin nisbətən seyrək olmasına baxmayaraq bir sıra makroiqtisadi göstəricilər diqqət cəlb etmişdir. ABŞ-da əmək bazarının dinamikasını əks etdirən həftəlik işsizlik müavinətinə ilkin müraciətlərin sayı olduqca müsbət işarə vermişdir. Belə ki, 16 noyabr 2024-cü il tarixinə bitən həftə üzrə işsizlik müavinətinə ilkin müraciətlərin sayı 213 min təşkil etmişdir, bu da əvvəlki həftənin göstəricisindən 6 min, ekspertlərin proqnoz etdiyi saydan isə 7 min az olmuşdur. Bildirmək istərdik ki, işsizlik müavinətinə ilkin müraciətlərin sayı 2024-cü ilin aprel ayından bəri açıqlanan ən aşağı göstərici olmuşdur.


Ötən həftə açıqlanan bir digər makroiqtisadi göstəricisi Miçiqan Universiteti tərəfindən keçirilən və noyabr ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun yekun nəticələri olmuşdur. Sözügedən sorğunun nəticəsi 71,8 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 2,1 bənd, əvvəlki ayın göstəricisindən isə 1,2 bənd az olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər çox olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Miçiqan Universitetinin keçirdiyi ənənvi sorğunun nəticələri proqnoz ediləndən az olsa da, son həftə açıqlanmış “S&P Global” tərəfindən keçirilən noyabr ayı üzrə ABŞ iqtisadiyyatında aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələri ABŞ iqtisadiyyatı haqda müsbət işarələr vermişdir. İstehsalat sahəsi üzrə PMI göstəricisi 48,8 bənd təşkil etmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi göstəricidən 0,1 bənd az olsa da əvvəlki ayın göstəricisini 0,3 bənd üstələmişdir. Xidmət sektoru üzrə PMI isə həm proqnoz edilən göstəricini, həm də əvvəlki ayın nəticəsini 2 bənd üstələyərək noyabr ayı üçün 57 bənd təşkil etmişdir. Ümumilikdə, məcmu PMI göstəricisi noyabr ayı üçün 55,3 olaraq açıqlanmışdır və bu göstərici proqnoz edilən səviyyədən 1 bənd, əvvəlki ayın analoji göstəricisndən isə 1,2 bənd çox olmuşdur. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivliyin artmasını, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmasını bildirir. Son dövrdə ABŞ-da istehsalat sahəsinin dinamikasında azalma müşahidə edildiyini nəzərə alsaq, noyabr ayı üzrə istehsalat sahəsinin PMI göstəricisi kifayət qədər müsbət qarşılanmışdır.


Son həftənin makroiqtisadi xəbərləri fonunda qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilikləri artmış, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilikləri isə azalmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi 0,02 faiz bəndi azalaraq 4,41% təşkil etmişdir.



Ümumilikdə, hazırda ABŞ-da əsas makroiqtisadi fokus dekabr ayında baş tutacaq ABŞ mərkəzi bankının cari ildəki son görüşünə yönəlmişdir. ABŞ mərkəzi bankı nümayəndələri ötən həftə öz çıxışlarında ABŞ-da qısamüddətli faizlərin enməsinə uyğun mühitin formalaşdığını bildirmişdirlər. Buna baxmayaraq, ABŞ mərkəzi bankının nümayəndələri faizlərin azalma miqyası və tezliyini əmək bazarı və inflyasiya dinamikasını müəyyən edəcəyini vurğulamışdırlar.


Məlumat üçün bildirək ki, gələn həftə ABŞ-da cari ilin üçünü rübü üzrə ÜDM göstəricisinin növbəti açıqlanması baş tutacaqdır. Ekspertlər, ABŞ ÜDM-nin rüblük 2,8% artım nümayiş etdirəcəyini proqnoz edirlər.


Yeni seçilmiş ABŞ prezidentinin administrasiyasına təyinatlar ilə bağlı qeyri-müəyyənliyə, habelə, Ukraynadakı münaqişənin fonunda geosiyasi gərginliyin artmasına baxmayaraq, ötən həftə ABŞ-ın fond bazarı yüksəlişdə olmuşdur. ABŞ-ın aparıcı fond bazarı indekslərinin hamısında artım müşahidə edilmişdir.



Əlavə olaraq, bildirək ki, kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin performansı böyük bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin performansını üstələmişdir. Qeyd olunan məqam “Russell 2000” və “S&P 400 Midcap” fond bazarı indekslərinin həftəlik dinamikasında öz əksini tapmışdır.


ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” həftə ərzində 1,68% artmışdır. Ən çox artım mədənçıxarma və xammal sənayesi (3,08%), kommunal xidmətlər (2,78%) energetika (2,68%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. ABŞ-ın aparıcı hedc fondlarının mədənçıxarma və xammal sənayesi sektorunu təşkil edən şirkətlərin səhmlərinə olan investisiyalarının həcmlərini artırması həmin sektoru təmsil edən şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsinin əsas səbəbi olmuşdur. Ekspertlərin rəylərinə əsasən bu hal ABŞ-dakı iqtisadi aktivlikdəki gözlənilən artımdan xəbər verə bilər. Energetika sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərlərinin artmasına dünya bazarında neftin qiymətinin yüksəlməsi təkan vermişdir. Kommunal xidmətlər sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərlərin artmasına əsas səbəbi isə süni intellekt sahəsindəki şirkətlərin enerjiyə olan tələbatının artması olmuşdur.




Rabitə xidməti sektorunu təmsil edən şirkətlərin nisbətən az artım göstərməsinin əsas səbəbi ABŞ Ədliyyə Departamentinin “Alphabet” şirkətini (ticarət simvolu: GOOGL) bölmək planları olmuşdur. Belə ki, qeyd olunan xəbər fonunda şirkətin səhmlərinin dəyəri ötən həftə ərzində 4,48% azalmışdır.

Ötən həftənin ən gözlənilən hadisəsi “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) rüblük maliyyə göstəricilərinin açıqlanması olmuşdur. Ümumilikdə, şirkətin maliyyə göstəriciləri proqnozları üstələmişdir. Buna baxmayaraq şirkətin səhmlərinin dəyərində həftə ərzində əsaslı dəyişiklik olmamışdır. İnvestorlar şirkətin cari maliyyə göstəricilərindən razı qalsalar da, bəzi ekspertlərə görə şirkətin növbəti rübə olan proqnozları investorların gözlədiklərindən az olmuşdur.

Bir digər maraq cəlb edən hadisə “Tesla” şirkətinin (ticarət simvolu: TSLA) səhmlərinin dəyərinin son həftə ərzində də yüksəlməyə davam etməsi olmuşdur. Belə ki, ötən həftə ərzində şirkətin səhmlərinin dəyəri 9,93% artmışdır. Yeni ABŞ prezident administrasiyasının verəcəyi iqtisadi qərarların şirkətin maraqlarına uyğun olacağı gözləntiləri sözügedən artımın əsasını təşkil edən amil olmuşdur.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Avrozonadakı noyabr ayı üzrə iqtisadi aktivlikdə azalma müşahidə edilmişdir. Belə ki, “Hamburq Kommersiya Bankı” (HCOB) tərəfindən keçirilən noyabr ayı üzrə Avrozona iqtisadiyyatında aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) nəticələri gözləntilərin əksi olaraq 48,1 bəndə enmişdir ki, bu da əvvəlki ay üzrə olan analoji göstəricidən 1,9 bənd az olmuşdur. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivliyin artmasını, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmasını bildirir. Xidmət sektoru üzrə PMI da, həmçinin, son iki aydakı artımdan sonra azalma nümayiş etdirmişdir. Əlavə olaraq, PMI göstəricisinə əsasən Avrozonadakı istehsalat sahəsi tənəzzül ilə üzləşmişdir. Avrozonanın ən böyük iki iqtisadiyyatı olan Almaniya və Fransa üzrə PMI göstəriciləri də geriləmişdir. Bu xəbər Avropa Mərkəzi Bankının dekabr ayında faiz dərəcələrini endirəcəyi ehtimallarını artırmışdır. Lakin, Avropa Mərkəzi Bankının üstünlük verdiyi inflyasiya göstəricisi olan Avrozonadakı əmək haqqı həcminin son üç ayda 5,4%-lik artım göstərməsi Bankın faiz dərəcələrini planladığı miqyas və  tezlikdə azaltmasına mane ola bilər. Digər tərəfdən isə ABŞ iqtisadiyyatının artım nümayiş etdirməsi ABŞ dollarına tələbi artırmışdır. Nəticə olaraq, son həftə ərzində avro ABŞ dollarına qarşı dəyər itirmişdir.




USD/JPY məzənnəsinin dinamikası

Ötən həftə Yaponiyada açıqlanmış istehlak qiymətləri indeksi (СPI) oktyabr ayı üzrə illik miqyasda 2,3% artım nümayiş etdirmişdir ki, bu da əvvəlki ayın analoji göstəricisinə nisbətən 0,2 faiz bəndi az olmuşdur. Bu hal Yaponiya mərkəzi bankının faiz dərəcələrini artırmasına təzyiq göstərməkdədir. Buna baxmayaraq Yaponiya mərkəzi bankının nümayəndələri öz çıxışlarında Yaponiya yeninin uzun müddət ərzində dəyər itirdiyini əsas gətirərək faiz dərəcələrini artıracaqlarına dair işarələr vermişdirlər. Əlavə olaraq son həftə Yaponiyada açıqlanmış noyabr ayı üzrə istehsalat sahəsindəki iqtisadi aktivliyi bildirən menecer sorğularının (PMI) ilkin nəticələri proqnoz edilən göstəricidən az olmuşdur. Bu fonda Yaponiya hökumətinin iqtisadi stimullaşdırıcı tədbirlər görəcəyi ehtimallarını artırmışdır. Ümumilikdə, son həftənin ortalarına doğru Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirsə də, Yaponiya hökumətinin və Yaponiya mərkəzi bankının çıxışları həftənin sonuna yenin həftənin əvvəlindən itirdiyi dəyəri geri qazanmasına səbəb olmuşdur. Nəticə olaraq, ötən həftənin sonuna Yaponiya yeni ABŞ dollarına qarşı cüzi dəyər itirmişdir.




ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Ötən həftə dünya bazarında neftin dəyərində artım müşahidə edilmişdir. Dünyanın ən böyük neft idxalçısı olan Çində hökumətin iqtisadi aktivliyi stimullaşdırıcı addımlar atması neftin qiymətinə müsbət təsir edən səbəblərdən olmuşdur. Əlavə olaraq, dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistanda neft istehlakında artım müşahidə edilmişdir ki, bu da neftin dəyərinə müsbət təsir etmişdir. Ötən həftə neftin dəyərinin artmasına əsas səbəb isə geosiyasi amil olmuşdur. Belə ki, Ukraynadakı münaqişədə gərginliyin artması dünya bazarında neftin qiymətinə geosiyasi risk premiumu əlavə etmişdir. Ümumilikdə, ötən həftə ərzində WTI markalı Amerika xam neftinin yanvar fyuçerslərinin qiyməti 6,46%, Brent markalı Avropa neftinin yanvar fyuçerslərinin qiyməti isə 5,81% artmışdır.

Qızıl qiymətlərinin dinamikası

ABŞ dollarının möhkəmlənməsinə baxmayaraq dünya bazarında qızılın dəyəri ötən həftə artmışdır. Ekspertlərin rəylərinə əsasən son həftə qızılın qiymətindəki artım geosiyasi amildən qaynaqlanmışdır. Belə ki Ukraynadakı münaqişənin şiddətinin artması, ABŞ və Rusiya arasında hərbi münaqişə ehtimallarını artırmışdır. Bu fonda investorların “təhlükəsiz liman” investisiya seçimi kimi qəbul etdikləri qızıla tələbat artmışdır. Nəticə olaraq, son həftə qızılın noyabr fyuçerslərinin qiyməti 5,62% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 709,90 ABŞ dolları təşkil etmişdir.