Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 21 – 25 oktyabr 2024

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

22 oktyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır. Qeyd edək ki, 29 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat təşkil edəcəkdir.




Korporativ qiymətli kağızlar


22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Unibank KB” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 20 milyon manat, illik gəlirlilik faizi 11,5%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə  3 il olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 23 investor iştirak etmiş, istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


24 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Diadem” ASC-nin ilkin ticarət qiyməti 750 manat, ümumi buraxılış həcmi 100 min 500 manat olan “standart bazar” seqmentində listinqə daxil edilmiş adi səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılışında 2 investor iştirak etmiş, səhmlər tam həcmdə yerləşdirilmişdir.

24 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GEOENGİNEERİNG” ASC-nin ilkin ticarət qiyməti 10 min manat, ümumi buraxılış həcmi 90 min manat olan adi səhmləri “standart bazar” seqmentində listinqə daxil edilmişdir. Səhmlərin yerləşdirilməsi abunə üsulu ilə həyata keçiriləcəkdir. Anunə yazılışı 25-29 oktyabr 2024-cü il tarixlərində baş tutacaq, səhmlərin yerləşdirilməsi isə 30 oktyabr 2024-cü il tarixində həyata keçiriləcəkdir.


25 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Caspian Equipment Company” ASC-nin ilkin ticarət qiyməti 1 000 manat, ümumi buraxılış həcmi 100 min manat olan “standart bazar” seqmentində listinqə daxil edilmiş adi səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılışında 1 investor iştirak etmiş, səhmlər tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı

Ötən həftə ABŞ makroiqtisadi təqviminin nisbətən seyrək olmasına baxmayaraq açıqlanmış bir sıra makroiqtisadi göstəricilər diqqət cəlb etmişdir. Bu makroiqtisadi göstəricilərdən biri “S&P Global” tərəfindən keçirilən oktyabr ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələri olmuşdur. İstehsalat sahəsi üzrə PMI göstəricisi 47,8 bənd təşkil etmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi göstəricidən 0,3 bənd, əvvəlki ayın göstəricisindən isə 0,5 bənd çox olmuşdur. Xidmət sektorun üzrə PMI da, həmçinin, proqnoz edilən göstəricini 0,3 bənd, əvvəlki ayın göstəricisini isə 0,1 bənd üstələyərək oktyabr ayı üçün 55,3 bənd təşkil etmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivliyin artmasını, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmasını bildirir. Həftənin bir başqa müsbət makroiqtisadi göstəricisi Miçiqan Universiteti tərəfindən keçirilən və  oktyabr ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun yekun nəticələri olmuşdur. Sözügedən sorğunun nəticəsi 70,5 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 1,5 bənd, əvvəlki ayın göstəricisindən isə 1,6 bənd çox olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər çox olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Ötən həftə, həmçinin, ABŞ Siyahıyaalma Bürosu tərəfindən sentyabr ayı üzrə tez xarab olmayan mallar (durable goods) üzrə sifarişlərin dinamikasını əks etdirən ilkin göstərici açıqlanmışdır. Belə ki, sentyabr ayı ərzində ABŞ-da tez xarab olmayan mallar üzrə sifarişlərin həcmi 0,8% azalmışdır. Qeyd edək ki, ekspertlər sentyabr ayında sözügedən mallar üzrə sifarişlərin həcminin  1% azalmasını proqnoz etmişdirlər, əvvəlki ay üzrə isə qeyd olunan sifarişlərin həcmində dəyişiklik 0% təşkil etmişdir. Ötən həftə açıqlanmış işsizlik müavinətinə ilkin müraciətlərin sayı əmək bazarına dair müsbət işarə vermişdir. 19 oktyabr 2024-cü il tarixinə olan ABŞ-da işsizlik müavinətinə ilkin müraciətlərin həftəlik sayı 227 min təşkil etmişdir ki, bu da proqnoz edilən saydan 15 min, bir həftə əvvəlki saydan isə 14 min az olmuşdur. Ekspertlər əmək bazarının canlanmasını “Helen” qasırğasının fəsadlarının gözləniləndən daha tez müddətdə aradan qaldırılması ilə əlaqələndirirlər. Ümumilikdə, son həftənin makroiqtisadi xəbərləri müsbət olsa da, ABŞ dövlət istiqrazlarının investorlar tərəfindən aktiv satışının artması müşahidə edilmişdir. Nəticə olaraq, ötən həftə ABŞ dövlət istiqrazlarının qiyməti azalmış, gəlirlilikləri isə müvafiq olaraq artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi ötən həftə ərzində artaraq 4,25% təşkil etmişdir.



Ötən həftə ABŞ dövlət istiqrazlarının qiymət və gəlirlilik dinamikasına makroiqtisadi göstəriciləri az təsir etmişdir, əsas təsir edən amil investorlarda müddət premiumu (term premium) tələbinin artması olmuşdur. Qeyd edək ki, mahiyyətcə müddət premiumu investorların istiqrazı saxladığı müddətdə faizlər dəyişməsi riskinə görə tələb etdiyi kompensasiyanı bildirir. Nyu Yorkdakı ABŞ mərkəzi bankının iqtisadçıları Tobias Adriyan (Tobias Adrian), Riçard Kramp (Richard Crump) və Emanuel Mönx (Emanuel Moench) tərəfindən yaradılan və 1961-ci ildən bəri olan dövrə ABŞ dövlət istiqrazlarının müddət premiumunu təxmin edən modelinə (ACM model) nəzər salsaq bu halı bariz şəkildə görə bilərik.


Ekspertlərin fikrinə görə investorların ABŞ dövlət istiqrazlarına görə gözlədikləri müddət premiumunun yüksəlməsi ABŞ dövlət borcundan artmasından və noyabrda baş tutacaq ABŞ prezident seçkiləri ərəfəsindəki siyasi qeyri-müəyyənlikdən qaynaqlanır. Əlavə olaraq, investorlar ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirmə dövrünün daha səthi olacağını ehtimal edirlər. Ümumilikdə, “ICE BofA MOVE” İndeksinə əsasən ABŞ dövlət istiqrazlarının volatilliyi ötən həftə artmışdır. Qeyd edək ki, sözügedən indeks 2, 5, 10 və 30 illik faiz dərəcəsi svoplarının 1 aylıq opsionlarının dəyəri əsasında hesablanır.

Gələn həftə ABŞ-da oktyabr üzrə əmək bazarının makroiqtisadi göstəriciləri, cari ilin 3-cü rübü üzrə ÜDM-in ilkin göstəricisi, habelə, sentyabr ayı üzrə istehlakçıların gəlir və xərclərinin dinamikası açıqlanacaqdır. Ekspertlər ABŞ-da kənd təsərrüfatı sahəsi xaric digər sahələrdə oktyabr ayında 110 min yeni iş yeri yaradıldığını proqnoz edirlər. Həmçinin, ekspertlər ABŞ ÜDM-nin ilkin göstəricisinin 3,0% artım nümayiş etdirəcəyi barədə konsensus fikrə sahibdirlər.


Ötən həftə ABŞ fond bazarı dəyər itirmişdir. ABŞ-ın üç böyük fond bazar indeksindən yalnız “NASDAQ” cüzi artım nümayiş etdirmişdir. Ümumilikdə, böyük bazar kapitalizasiyalı şirkətlərin səhmləri kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərindən, artım səhmləri isə dəyər səhmlərindən daha yaxşı performans nümayiş etdirmişdirlər. Artım səhmlərinin daha yaxşı performansı İKT yönümlü “NASDAQ” fond bazarı indeksinin dinamikasında öz əksini tapmışdır.



ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” 6 həftə müntəzəm artım nümayiş etdirdikdən sonra ötən həftə geriləmişdir. İndeks həftə ərzində 0,96% azalmışdır. Ən çox azalma mədənçıxarma və xammal sənayesi (3,76%), səhiyyə (2,96%) sənaye istehsalı (2,78%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. Dəyər qazanan isə məişət malları və əhali üçün xidmətlər (0,65%)  sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşdur.

Ötən həftə “S&P 500” fond bazarı indeksinə daxil olan 112 şirkət rüblük maliyyə göstəricilərini açıqlamışdırlar. Ötən həftə fond bazarında ən diqqət cəlb edən hadisə “Tesla” şirkətinin (ticarət simvolu: TSLA) səhmlərinin dəyərinin 21,97% artması olmuşdur. Şirkətin güclü rüblük maliyyə göstəriciləri buna əsas səbəb olmuşdur. Belə ki, şirkətin ümumi və əməliyyat marjasının yaxşılaşması, borc yüklənməsinin az olması, həmçinin 2025-ci il üçün satış proqnozlarının 20-30% artırması investorlar tərəfindən müsbət qarşılanmışdır. Əlavə olaraq, şirkətin enerji sektorundakı məhsullarına tələbatın artması və 2025-ci ildən başlayaraq daha çox əlçatan modellərinin istehsalını planlaması da şirkətin səhmlərinin dəyərinə müsbət təsir etmişdir. Bir digər gözəçarpan hadisə “General Motors” şirkətinin (ticarət simvolu: GM) rüblük maliyyə göstəricilərinin ekspertlərin proqnozlarını üstələməsi olmuşdur. Bu fonda şirlkətin səhmlərinin dəyəri ötən həftə ərzində 5,88% artmışdır. Həftənin mənfi xəbərlərindən diqqət cəlb edən isə “McDonald’s” şirkətinin (ticarət simvolu: MCD) səhmlərinin 7,57% dəyər itirməsi olmuşdur. Buna əsas səbəb şirkətin bir sıra restoranlarında E.coli bakteriyası nəticəsində zəhərlənmə hadisələrinin baş verməsi olmuşdur.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Son dövrdə Avrozonada ABŞ-dan fərqli olaraq iqtisadi inkişaf tempinin səngiməsi və, nəticə olaraq, Avropa Mərkəzi Bankının faiz dərəcələrini endirməkdə qərarlı olması ABŞ dollarının avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur. Qeyd olunan trend ötən həftə də davam etmişdir. Lakin, həftənin sonuna doğru Avrozonada iqtisadi aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) nəticələrinin ümumilikdə gözləntiləri üstələməsi avronun dəyərinin daha da enməsinin qarşısını almışdır. Xüsusi ilə də Avrozonanın lokomotivi olan Almaniyanın PMI göstəricilərinin ekspertlərin proqnoz etdiyindən daha yaxşı olması avroya dəyər qatmışdır. Belə ki, Almaniya iqtisadiyyatının xidmət sektoru üzrə PMI göstəricisi son 4 ay azalmanın ardından 51,4 bənd ilə artım nümayiş etdirmişdir. Həmçinin, istehsalat üzrə PMI da 40,6 bənddən 42,6 bəndə qədər artmışdır ki, bu da ekspertlərin proqnoz etdiyindən 1,9 bənd çox olmuşdur. Sözügedən göstəricilərin açıqlanmasının ardından avro ABŞ dollarına qarşı dərhal 0,35% dəyər qazanmışdır. Ümumilikdə Almaniya iqtisadiyyatının müsbət işarələr verməsinə baxmayaraq investorlar və ekspertlər bu amilin Avropa Mərkəzi Bankının faiz dərəcələrini yaxın gələcəkdə endirməsinə əngəl olmayacağı barədə həmfikir olmuşlar. Nəticə olaraq, ötən həftənin sonuna avro ABŞ dollarına nisbətdə yenidən dəyər itirməyə başlamışdır.




USD/JPY məzənnəsinin dinamikası

Ötən həftə Yaponiyada oktyabr üzrə əsas istehlak qiymətləri indeksi (core CPI) açıqlanmışdır. Yaponiyada əsas inflyasiya göstəricisi olan sözügedən indeks oktyabr ayı üzrə illik 1,8% artım nümayiş etdirmişdir ki, bu da ekspertlərin proqnoz etdiyindən 0,1 faiz bəndi çox olsa da əvvəlki ayın göstəricisindən 0,2 faiz bəndi az olmuşdur. Qeyd olunan göstərici cari ilin aprel ayından bu günə olan en aşağı göstərici olmuşdur. Xidmət sektorunun qiymət artımının göstəricisi də, həmçinin 0,1 faiz bəndi azalaraq 2,6% təşkil etmişdir ki, bu da son 4 ayda ən aşağı göstərici olmuşdur. İnflyasiya göstəricisinin Yaponiya mərkəzi bankının hədəflədiyi 2% səviyyəsindən aşağı olması bankın nümayəndələrində məyusluq yaratmışdır. Bu fonda gələn həftə baş tutacaq görüşdə Yaponiya mərkəzi bankının nümayəndələrinin faiz dərəcələrini artıracağı ehtimalları azalmışdır. Beləliklə də, ABŞ mərkəzi bankı ilə Yaponiya mərkəzi bankının həyata keçirdiyi pul siyasətləri arasında fərqlərin davam edəcəyi ehtimalları zəmin qazanmışdır. Nəticə olaraq, ötən həftə də Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirməyə davam etmişdir.



ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Dünyada neftə olan tələbatda səngimə olmasına, habelə, Çinin qəbul etdiyi stimullaşdırıcı iqtisadi tədbirlərin hələlik neft istehlakı həcminə əhəmiyyətli təsirlə nəticələnməsi neftin dünya bazarındakı qiymətinə mənfi təsir edən amillər olmuşdurlar. Buna baxmayaraq, istər Yaxın Şərqdəki müharibə ehtimalları, istərsə də ABŞ-da noyabrda baş tutacaq prezident seçkiləri ərəfəsindəki qeyri-müəyyənlik baxımdan ötən həftə neftin dəyərinə geosiyasi amilin təsiri daha güclü olmuşdur. Xüsusilə Yaxın Şərqdə olası müharibə ilə birlikdə vacib neft arteriyası olan bölgədən neftin tədarükünün azalması ehtimallarının aktual qalması neftin dəyərinin enməsinin qarşısını almışdır. Beləliklə də, WTI markalı Amerika xam neftinin dekabr fyuçerslərinin qiyməti həftəlik 4,50%, Brent markalı Avropa neftinin dekabr fyuçerslərinin qiyməti isə 4,09% artmışdır.

Qızıl qiymətlərinin dinamikası

Son dövrdə olduğu kimi qızılın dünya bazarında dəyərinə ən böyük təsir edən geosiyasi amil olmuşdur. Yaxın Şərqdəki münaqişədə tərəflərin atəşkəs razılaşmasından uzaq olması, habelə, ABŞ-da baş tutacaq prezident seçkilərinin yaratdığı qeyri-müəyyənlik “təhlükəsiz” investisiya seçimi olan qızılın dəyərinin yüksək qalmasına əsas səbəblər olmuşdurlar. Nəticə olaraq, qızılın noyabr fyuçerslərinin qiyməti ötən həftə 0,89% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 742,20 ABŞ dolları təşkil etmişdir.