Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
23 aprel 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 16 investor iştirak etmiş və tələb təklifdən 20% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,24% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 25,33% hissəsi daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,8892% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,6204 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 30 aprel 2024-cü il tarixində dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 3 il, ümumi həcmi isə 120 milyon manat təşkil edəcəkdir
Korporativ qiymətli kağızlar
29 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 500 min manat, illik faiz dərəcəsi 12%, nominal dəyəri 1 000 manat olan istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.
ABŞ kapital bazarı
Həftə ərzində ABŞ-da mərkəzi bankın ən çox izlədiyi makrostatistik göstəricilərindən biri olan fərdi istehlak xərcləri indeksi açıqlanmışdır. Bu indeks inflyasiya göstəricilərindən biri hesab olunur və cari ilin mart ayı üzrə 2,7% təşkil etmişdir ki, bu da əvvəlki ayın göstəricisindən çox olsa da, proqnozlara uyğun gəlmişdir. Eyni zamanda, açıqlanmış göstəricilərə əsasən cari ilin mart ayında ABŞ iqtisadiyyatının əsasını təşkil edən ev təsərrüfatları tərəfindən mal və xidmətlərin istehlakında artım qeydə alınmışdır. Əhali istehlakının artması iqtisadiyyatda inflyasiya təzyiqlərinin yaxın zamanlarda yüksək qalması gözləntilərini daha da artıraraq, borc bazarında faiz dərəcələrinin artmasına səbəb olmuşdur.
Həftə ərzində açıqlanmış digər mühüm makroiqtisadi göstərici ABŞ-da iqtisadi artım templərinin cari ilin əvvəlində zəifləməsinə işarə etmişdir. Belə ki, bu ölkənin ÜDM-i ilkin hesablamalara əsasən cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artmışdır ki, bu da gözləntilərdən 0,9 faiz bəndi az olmuşdur. Yüksək inflyasiya fonunda ölkə iqtisadiyyatının artım templərinin zəifləməsi ABŞ iqtisadiyyatının staqflyasiya ilə üzləşməsi riskini artırmışdır və bu şəraitdə investorlar qısa və orta müddətli dövlət istiqrazlarında mövqelərini azaltmağa meylli olmuşdur.
Son həftə ABŞ-ın səhm bazarında artım müşahidə edilmişdir. Yüksək faiz dərəcələrinə baxmayaraq ümumilikdə şirkətlərin açıqlanan rüblük gəlirlərinin analitiklərin gözləntilərini üstələməsi buna əsas səbəb olmuşdur. Ölkənin aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 2,67% artım nümayiş etdirmişdir. Artım indeksi təşkil edən bütün sektorların şirkətlərinin səhmlərində qeydə alınmışdır. Ən böyük artım elektronika sənayesi və İKT (3,75%) və məişət malları və əhali üçün xidmətlər (3,62%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində qeydə alınmışdır.
Ümumilikdə, S&P 500 fond bazarı indeksini təşkil edən şirkətlərin 78%-nin rüblük gəlirləri analitiklərin gözlədiyi rəqəmlərdən artıq olmuşdur. “Möhtəşəm Yeddiliyi” (Magnificent Seven) təşkil edən şirkətlərin səhmlərinin dinamikası bu müsbət trenddə yer almışdır. Microsoft (ticarət simvolu: MSFT), Alphabet (ticarət simvolu: GOOG) və Meta Platforms (ticarət simvolu: META) şirkətlərinin rüblük göstəricilərinin olduqca yaxşı olması S&P 500 fond bazarı indeksinin noyabr ayının əvvəlindən bəri ən böyük artımına səbəb olmuşdur. Microsoft və Alphabet şirkətlərinin səhmləri açıqlanan rüblük gəlirlərinə uyğun tendesiya göstərsə də, Meta Platforms və Tesla şirkətlərində bu hal tamamilə əksinə olmuşdur. Qeyd edək ki, Meta Platforms şirkətinin rüblük gəlirinin gözləntilərdən yüksək olmasına baxmayaraq, şirkətinin rüblük hesabatının açıqlamasından sonra səhmlərində (-10%) enmə müşahidə edilmişdir. Səhmlərinin dəyər itirməsinə səbəb proqnozlaşdırılan gəlirinin az olmasından qaynaqlanır. Belə ki, şirkət rəhbərliyi yaxın gələcəkdə suni intellekt və bənzər qabaqcıl texnologiyalara kifayət qədər böyük məbləğlər investisiya edəcəklərini bildirmişdir. Tesla şirkətinin rüblük gəlirinin gözləniləndən az olmasına baxmayaraq, şirkətin səhmlərinin dəyərində artım müşahidə edilmişdir. Buna səbəb isə şirkətin ucuz elektrik avtomobil modelləri istehsal etmək planlarını bildirməkdir. Bu addım investorlar tərəfində müsbət qarşılanmışdır və şirkətin satışlarının artacağına ümidləri artırmışdır. Qeyd edək ki, önümüzdəki həftə “Möhtəşəm Yeddilik”-dən Apple (ticarət simvolu: AAPL) və Amazon (ticarət simvolu: AMZN) şirkətlərinin rüblük hesabatları dərc ediləcəkdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə ABŞ dolları avroya nisbətən cuzi artaraq ümumilikdə möhkəm qalmaqda davam etmişdir. Bunun səbəbi ötən həftə ABŞ-da dərc olunan makroiqtisadi göstəricilərin inflyasiyanın yüksək olaraq qalmasını göstərməsi və bu göstəricilərə reaksiya olaraq ABŞ mərkəzi bankının yaxın aylarda uçot dərəcəsini azaltmayacağına əsaslı zəmin olması, eyni zamanda isə Avropa Mərkəzi Bankının tam əksi olaraq iyun ayında uçot faiz dərəcəsini azaldacağı siqnallarının güclənməsidir.
USD/JPY məzənnəsinin dinamikası
Yapon yeninin ABŞ dollarına qarşı dəyər itirməsi bu həftə də davam etmişdir. ABŞ-dakı yüksək uçot dərəcəsi fonunda Yaponiya mərkəzi bankının uçot faiz dərəcəsini artırmaqda qətiyyətli olmaması yenin ABŞ dollara nisbətən tarixi minimumlarda olmağına əsas səbəbdir. Yaponiya mərkəzi bankının son həftə bəyanatında trend inflyasiyanın 2% civari qalması, və nəzərlərini daha çox ortamüddətli inflyasiyanı proqnozlaşdırmağa yönəldəcəklərini bildirməsi, yaxın zamanda bazara müdaxilə ehtimalını azaltmışdır. Nəticə olaraq, yen həftə sonuna ABŞ dollarına nisbətdə daha da dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Yaxın Şərqdəki geosiyası gərginliyin həllinin yaxın görsənməməsi, həmçinin Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumlarını davam etdirəcəyini bildirməsi qara qızılın qiymətinin artımına təzyiq göstərsə də, ABŞ dollarının möhkəmlənmə tendensiyasının davam etməsi, habelə Çinin mart ayında sənaye artımının azalması neftin qiymətinin nisbətən stabil qalmasına səbəb olmuşdur. Həftə ərzində qara qızılın qiymətində cüzi yüksəliş müşahidə olunmuşdur. Belə ki, WTI markalı Amerika xam neftinin may fyuçerslərinin qiyməti həftəlik 2,38%, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 2.87% artmışdır.
Qızıl qiymətlərinin dinamikası
Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə -2,76% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 347,20 ABŞ dolları etmişdir. Son həftələrdəki yüksəlişə bazar korreksiyası olaraq müşahidə edilən cüzi azalmaya baxmayaraq, sarı metalın qiyməti yüksək qalmaqdadır. ABŞ-da açıqlanan makroiqtisadı göstəricilər, Yaxın Şərq və Ukraynadakı geosiyası vəziyyətin qarışıq qalması qızılı investorlar üçün ələxsus son dönəmdəki “təhlükəsiz” investisiya seçimi kimi saxlamaqdadır.