Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 22 iyul – 26 iyul 2024

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


23 iyul 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 18 investor iştirak etmiş və tələb təklifdən 64% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,4396% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 39%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 70 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,254% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,2407 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 30 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 60 milyon manat təşkil edəcəkdir.



Korporativ qiymətli kağızlar


25 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 1,6 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə  5 il olan təmin edilməmiş istiqrazları “standart bazar” seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə baş tutacaqdır.

ABŞ kapital bazarı

Ötən həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Bu göstəricilərdən biri də ABŞ mərkəzi bankının inflyasiya ölçüsü olaraq ən üstünlük verdiyi əsas şəxsi istehlak xərcləri qiyməti indeksi (Core PCE) olmuşdur. Qeyd edək ki, sözügedən indeks ABŞ-da istehlakçıların dəyişkən olan enerji və qida məhsulları xaric digər məhsul və xidmətlər üçün ödədikləri qiymət səviyyəsinin ölçür. Qeyd olunan indeksə əsasən iyun ayı üzrə ABŞ-da istehlakçılar üçün qiymətlərin səviyyəsi may ayı ilə müqayisədə 0,1 faiz bəndi çox olsa da ekspertlərin proqnozlaşdırdığı kimi 0,2% atım nümayiş etdirmişdir. Həmçinin, əsas şəxsi istehlak xərcləri qiymət indeksi iyun ayı üçün illik 2,6% artmışdır ki, bu göstərici də proqnozlaşdırılandan 0,1 faiz bəndi çox olsa da, ötən ilin iyun ayının göstəricisi ilə eynidir. Ötən həftə, həmçinin ABŞ-da cari ilin ikinci rübü üzrə ÜDM qiymət indeksi açıqlanmışdır. Bu göstəriciyə əsasən ABŞ-da cari ilin ikinci rübündə istehsal olunmuş məhsul və xidmətlərin qiymət səviyyəsi 2,3% artmışdır ki, bu da cari ilin birinci rübünə olan göstəricidən 0,8 faiz bəndi, cari ilin ikinci rübü üçün ekspertlərin proqnozlaşdırdığı göstəricidən isə 0,3 faiz bəndi az olmuşdur. Bir digər əhəmiyyət kəsb edən açıqlanmış makroiqtisadi göstərici isə şəxsi gəlir və xərclərin aylıq dinamikası olmuşdur. Belə ki, iyun ayı ABŞ-da istehlakçıların şəxsi gəliri əvvəlki aya nisbətdə 0,3 faiz bəndi, proqnozlaşdırlan göstəricidən isə 0,2% faiz bəndi az olmaqla, 0,2% artım nümayiş etdirmişdir. İstehlakçıların şəxsi xərcləri isə may ayı ilə nisbətdə 0,1 faiz bəndi az olmaqla iyun ayı üzrə proqnozlaşdırıldığı kimi 0,3% artmışdır. Yuxarıda qeyd olunan makroiqtisadi göstəricilər ABŞ iqtisadiyyatında qiymət artımı təzyiqlərinin səngiyən tendesiyaya sərgilədiyinə işarə etməkdədir. Digər tərəfdən, ABŞ-da cari ilin ikinci rübü üzrə açıqlanmış ilkin illik ÜDM göstəricisi əvvəlki rüb ilə müqayisədə 2,8% artmışdır ki, bu da həm proqnozlaşdırılan göstəricidən 0,8 faiz bəndi, həm də cari ilin ilk rübünə olan göstəricidən 1,4 faiz bəndi çox olmuşdur. Əlavə olaraq, S&P Global tərəfindən açıqlanmış ABŞ-da iqtisadi aktivlik səviyyəsini bildirən sorğunun (PMI) iyun ayı üzrə ilkin göstəricisi 55 bənd təşkil etmişdir ki, bu da proqnozlaşdırılan göstəricidən 0,8 bənd, əvvəlki ayın göstəricindən isə 0,2 bənd çox olmuşdur. Qeyd edək ki, PMI göstəricisi 50 bənddən çox oldquda iqtisadiyyatda artımı, 50 bənddən az olduqda isə müvafiq olaraq azalmanı bildirir. Beləliklə, ötən həftə ABŞ mərkəzi bankının nümayəndələrinin çıxışlarına nəzər yetirsək, ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər ABŞ mərkəzi bankı tərəfindən həyata keçirdiyi pul siyasəti fonunda müsbət qarşılanmışdır. Əlavə olaraq, ABŞ mərkəzi bankının nümayəndələri həyata keçirilən pul siyasətinin ABŞ iqtisadiyyatında inflyasiya təzyiqinin azalmasını iqtisadi inkişafa zərər vermədən “balanslı” şəkildə təmin etməkdə effektiv davam etdiyinə işarə etmişlərdir. Nəticə olaraq, ekspertlər tərəfindən ABŞ mərkəzi bankının sentyabr ayındakı görüşündə uçot faiz dərəcəsini azaldacağına verilən ehtimal 100%-ədək yüksəlmişdir. Ümumilikdə, ABŞ dövlət istiqrazlarının gəlirliliklərində ötən həftə azalma qeyd olunmuşdur. ABŞ və ümumi olaraq dünyada mühum müqayisə bazası (bençmark) olan 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 0,05 faiz bəndi azalaraq həftənin sonuna 4,20% təşkil etmişdir.




Qeyd edək ki, gələn həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanacaq. Ötən həftənin müsbət makroiqtsadi xəbərləri fonunda ABŞ əmək bazarına dair makroiqtisadi göstəricilər maraqla gözlənilir. Ekspertlər iyul ayı üzrə işsizlik səviyyəsinin 4,1% səviyyəsində olacağını proqnozlaşdırırlar. Əlavə olaraq, fermer təsərrüfatı xaric digər sahələrdə aylıq işçi sayı dinamikası da gələn həftə açlqlanan mühüm makroiqtisadi göstəricilərindən biri olacaq. Həmçinin, gələn həftə ABŞ mərkəzi bankının növbəti görüşü baş tutacaq. Qeyd olunan görüşdə uçot faiz dərəcəsinin  endirələcəyi ekspertlər tərəfindən gözlənilməsə də, ABŞ mərkəzi bankının nümayəndələrinin rəy və çıxışları cari il üzrə neçə dəfə uçot faiz dərəcəsinin azaldılacağı barədə ekspertlərdə fikir formalaşdırmağa faydalı olacaq.

Son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 0,83% azalma nümayiş etdirmişdir. Ən çox dəyər itirən məişət malları və əhali üçün xidmətlər (2,77%), elektronika sənayesi və İKT  (2,08%), və rabitə xidmətləri (1,66%)  sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşlar. Ən çox dəyər qazanan kommunal xidmətlər (1,48%), səhiyyə (1,41%) mədənçıxarma və xammal sənayesi (1,35%)  sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində müşahidə edilmişdir.



Ötən həftə “Möhtəşəm Yeddiliyi” təşkil edən şirkətlərin səhmlərinin dəyərində azalma müşahidə edilmişdir.



Ötən həftə Tesla (ticarət simvolu:TSLA) şirkətinin açıqlanmış rüblük maliyyə göstəriciləri ekspertlərin gözləntilərindən aşağı olmuşdur. Şirkətin rüblük gəliri əvvəlki ilin eyni rübü ilə müqayisədə 2% artaraq 25,5 milyard ABŞ dolları (qeyri GAAP) təşkil etsə də, rəqiblər tərəfindən təzyiqlər nəticəsində qiymət azaltma və endirimlər nəticəsində şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,4% azalaraq 1,81 milyar ABŞ dolları (qeyri GAAP) olmuşdur. Beləliklə, şirkətin səhm başına düşən mənfəəti 0,52 ABŞ dolları təşkil etmişdir ki, bu da ekspertlər tərəfindən proqnozlaşdırılan 0,62 ABŞ dollarından az olmuşdur. Ötən həftə, həmçinin Alphabet (ticarət simvolu:GOOGL) şirkətinin rüblük hesabatı açıqlanmışdır. Şirkətin maliyyə göstəricilər ekspertlərin proqnozlaşdırdığı göstəricilərdən daha yaxşı olmuşdur. Belə ki, şirkətin rüblük gəliri 84,74 milyard ABŞ dolları (qeyri GAAP), səhm başına düşən mənfəəti isə 1,89 ABŞ dolları təşkil etmişdir ki, bu da müvafiq olaraq proqnozlaşdırılan 84,19 ABŞ dolları gəlir  və 1,84 ABŞ dolları səhm başına düşən mənfəətdən çox olmuşdur. Buna baxmayaraq şirkətin səhmlərinin dəyərində azalma müşahidə edilmişdir. Rüblük maliyyə göstəricilərinin yaxşı olmasına baxmayaraq, şirkətin suni intellekt sahəsinə sərmayesinin artırması, beləliklə də kapital xərclərinin rüblük 91% artması səhm qiymətinin enməsinə əsas səbəb olmuşdur.

Gələn həftə ABŞ-da bir çox şirkətin rüblük maliyyə hesabatlarının açıqlanacağı gözlənilir. Microsoft (ticarət simvolu:MSFT), Apple (ticarət simvolu:AAPL), Amazon (ticarət simvolu:AMZN) və Meta Platforms (ticarət simvolu:META) şirkətlərinin rüblük maliyyə hesabatları investorlar tərəfindən xüsusi maraq ilə gözlənilir. Qeyd olunan şirkətlər üzrə ekspertlərin səhm başına mənfəət üzrə konsensus proqnozları aşağıdakı kimidir:



VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası

Ötən həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər ABŞ-da inflyasiyanın səngiməsinə işarə etsə də, ekspertlər tərəfindən ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini gələn həftə baş tutacaq görüşündə azaltmayacağı gözlənilir. Həmçinin, ABŞ-da illik ÜDM-in rüblük dinamikası proqnozlaşdırılandan yüksək olmuşdur ki, bu fakt da ABŞ dollarına olan tələbatın artdığına işarə edir. Digər tərəfədən isə, Avrozonanın lokomotivi olan Almaniya iqtisadiyyatının iyul ayı üzrə aktivliyini bildirən sorğunun (PMI) nəticlələri 87 bənd olaraq açıqlanmışdır ki, bu da proqnozlaşdırılan göstəricidən 2,9 bənd, əvvəlki ayın göstəricisindən isə 1,6 bənd az olmuşdur. Almaniyada səngiyən iqtisadi aktivlik fonunda Avropa Mərkəzi Bankının sentyabr ayında uçot faiz dərəcəsini azaldacağına ekspertlər tərərfindən verilən ehtimal 95% təşkil etmişdir. Yuxarıda qeyd olunan makroiqtisadi xəbərlər fonunda ötən həftə ABŞ dolları avroya nisbətdə dəyər qazanmışdır.




USD/JPY məzənnəsinin dinamikası

Gələn həftə baş tutacaq Yaponiya mərkəzi bankının görüşü ərəfəsində Yaponiya mərkəzi bankının nümayəndələri öz çıxlşlarında Yaponiyada həyata keçirilən pul siyasətini normallaşdıracağına dair işarə vermişdirlər. Gələn həftə baş tutacaq görüş fonunda, ekspertlər tərəfindən Yaponiya mərkəzi bankının uçot faiz dərəcəsini artıracağına dair verdikləri ehtimallar əsaslı yüksəlmişdir. Həmçinin, ABŞ-da İKT və texnologiya sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyər itirməsi da Yaponiya yeninin ABŞ dollarına olan məzənnəsinin güclənməsinə təsir etmişdir. Ümumilikdə, ötən həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər qazanmağa davam etmişdir.



ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Dünyanın iki ən böyük neft istehlakçılarından biri olan Çində neftə olan tələbatın iyun ayında 8,1% azalmasının açıqlanması, həmçinin, Avrozona da iqtisadi aktivliyin proqnozlaşdırılandan az olması neftin qiymətinə mənfi təsir etmişdir. Digər tərəfdən isə ABŞ-da kommersiya neft ehtiyatlarınında azalması, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini sentyabrdan başlayaraq azaldacağı ehtimallarının artması və Yaxın Şərqdəki geosiyasi vəziyyətin gərgin qalması neftə tələbatın artmasına, və öz növbəsində neftin qiymətinə müsbət təsir etmişdir. Nəticə olaraq, ötən həftə ərzində  WTI markalı Amerika xam neftinin sentyabr fyuçerslərinin qiyməti həftəlik (1,88%), Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə (1,82%) azalmışdır.

Qızıl qiymətlərinin dinamikası

ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərinin enməsi, həmçinin, dünyadakı geosiyasi vəziyyətin gərgin olaraq qalması qızılın qiymətinə müsbət təsir etmişdir. Digər tərəfdən isə, ABŞ-da ÜDM göstəricisinin proqnozlaşdırılandan daha yaxşı açıqlanması və  Çində iqtisadi artımın səngiməsi fonunda Çin höküməti tərəfindən qızıl alışının azaldılması qızıla olan tələbatı azaltmaqla qızılın qiymətinə mənfi təsir etmişdir. Ümumilikdə, ötən həftədə qızılın avqust fyuçerslərinin qiyməti 0,75% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 381 ABŞ dolları təşkil etmişdir.