KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Korporativ qiymətli kağızlar
27 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında “Legion Financial” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 550 min manat olan adi səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılşında 2 investor iştirak etmiş, yerləşdirilmiş səhmlərin həcmi isə 260 min manat təşkil etmişdir.
28 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 100 investor iştirak etmiş, hərrac üzrə ortaçəkili gəlirlilik 18% təşkil etmiş, istiqrazlar isə tam həcmdə yerləşdirilmişdirlər.
ABŞ kapital bazarı
ABŞ-da son həftənin əvvəli makroiqtisadi təqvim baxımdan seyrək olsa da, həftənin ortasından sonuna doğru bir sıra əhəmiyyətli makroiqtisadi göstəricilər dərc edilmişdir. Bu göstəricilərdən biri “Conference Board” tərəfindən dərc edilən və ABŞ iqtisadiyyatında avqust ayı üzrə istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, habelə, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən istehlakçı inamı indeksi (Conference Board Consumer Confidence Index) olmuşdur. Sözügedən indeks əvvəlki ayın göstəricisindən 1,3 bənd az olsa da, cari ilin avqust ayı üzrə proqnoz edilən göstəricini 0,9 bənd üstələyərək 97,4 təşkil etmişdir. Bildirək ki, qeyd olunan indeks 0-200 bənd arası səviyyədə ölçülür və 100 bənd istehlakçıların xərclərinə münasibətdə neytral, 100-dən aşağı göstərici istehlakçıların qənaətə meylli, 100-dən artıq göstərici isə müvafiq olaraq istehlakçıların xərcləməyə meylli olduğunu bildirir. ABŞ-da istehlakçıların iqtisadi mühit haqda rəy və gözləntilərini bildirən bir başqa makroiqtisadi göstərici də həftənin sonuna doğru dərc edilmiş Miçiqan Universiteti tərəfindən keçirilən ənənəvi sorğunun cari ilin avqust ayı üzrə yekun nəticəsi olmuşdur. Sözügedən sorğunun nəticəsi 58,2 bənd təşkil etmişdir ki, bu da həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji nəticəsindən 0,2 bənd az olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir. Beləliklə də, istehlakçıların qənaət etməyə meyllərinin artmasına işarə edir. İstə “Conference Board”, istərsə də Miçiqan Universiteti tərəfindən keçirilən sorğuların nəticələrinə baxdıqda, istehlakçıların xərclərinə ehtiyatla yanaşdıqları və qənaətə meylli olduqları barədə nəticə çıxarmaq mümkündür. Qeyd etmək olar ki, bu hal istehlakçılar tərəfindən ABŞ-da tətbiq edilən tariflər və onların təsirindən yaranan qeyri-müəyyənlikdən qaynaqlanır.
İstehlakçılarda ABŞ iqtisadiyyatı barədə müəyyən narahatçılıqlar olsa da, ötən həftənin cümə axşamı ABŞ İqtisadi Analizlər Bürosu (Bureau of Economic Analysis) tərəfindən ikinci dəfə dərc edilmiş ABŞ iqtisadiyyatının ÜDM göstəricisinin rüblük dinamikası kifayət qədər müsbət tendensiya nümayiş etdirmişdir. Belə ki, açıqlanmış göstəriciyə əsasən cari ilin ikinci rübündə ABŞ-da ÜDM həcmi rüblük 3,3% (illik miqyasda) artmışdır. Qeyd edək bu göstərici cari ilin ikinci rübü üçün proqnoz edilən göstəricidən 0,2 faiz bəndi, əvvəlki rübün göstəricisindən isə 0,3 faiz bəndi çox olmuşdur.
Bir digər əhəmiyyətli makroiqtisadi göstərici ötən həftənin son iş günü ABŞ İqtisadi Analizlər Bürosu tərəfindən açıqlanmış və ABŞ mərkəzi bankının ən üstünlük verdiyi inflyasiya göstəricisi olan volatil qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri qiymət indeksi (core PCE price index) olmuşdur. Qeyd olunan indeksə əsasən ABŞ iqtisadiyyatında cari ilin iyul ayı üzrə qiymət artımı 0,3% təşkil etmişdir ki, bu da həm proqnoz edilən göstərici ilə, həm də əvvəlki ayın analoji göstəricisi ilə eyni olmuşdur. Əlavə olaraq, ABŞ iqtisadiyyatında şəxsi gəlir və istehlak həcmləri iyul ayı üzrə proqnoz edilən kimi müvafiq olaraq 0,4% və 0,5% artmışdır. Qeyd edək istər şəxsi gəlir, istərsə də şəxsi istehlak həcmindəki artım əvvəlki ayın analoji göstəricilərindən 0,1 faiz bəndi çox olmuşdur.
Əmək bazarı göstəricilərinə gəldikdə isə ötən həftə ilə nisbətdə cüzi irəliləyiş müşahidə edilmişdir. Belə ki, 23 avqust 2025-ci il tarixinə bitən həftə üzrə ABŞ-da işsizlik müavinətinə ilkin müraciətlərin sayı 229 min olaraq açıqlanmışdır ki, bu da proqnoz edilən saydan 1 min, əvvəlki həftə üzrə müvafiq saydan isə 6 min az olmuşdur.
Ötən həftənin bir başqa diqqət cəlb edən hadisəsi ABŞ prezidenti Donald Trampın ABŞ mərkəzi bankının idarə heyətinin üzvü Liza Kuku (Lisa Cook) vəzifəsindən azad edəcəyini bildirməsi olmuşdur. Tramp Liza Kukun ipoteka kreditləri ilə bağlı fırıldaqçılıq aktı törətdiyini bildirmişdir. Liza Kuk isə, öz növbəsində, prezidentin qərarının qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edək ki, ABŞ mərkəzi bankı rəsmi olaraq bəyan etmişdir ki, məhkəmənin istənilən qərarına əməl edəcəkdir. Sözügedən hal ABŞ prezident administrasiyasının ABŞ mərkəzi bankının fəaliyyətinə müdaxilə edəcəyi narahatçılıqlarını yenidən artırmışdır. ABŞ mərkəzi bankı ilə bağlı bir digər vacib xəbər bankın idarə heyətinin üzvü Kristofer Uollerin (Christopher Waller) bəyanatı olmuşdur. Bildirək ki, ABŞ mərkəzi bankının təşkil olunan son görüşündə Uoller uçot faiz dərəcələrinin cari ilin sentyabr ayında 0,25 faiz bəndi endirilməsini dəstəkləmişdir. Uoller öz bəyanatında yenidən bu addımı dəstəklədiyini bildirmişdir. O, bu mövqeyini əmək bazarının zəifləmə riskinin artması, habelə, ABŞ-da iqtisadi aktivliyin tutarlı səviyyədə səngiməsi ilə əsaslandırmışdır. Əlavə olaraq, Uoller növbəti 3-6 aylıq dövrdə uçot faiz dərəcələrinin daha da endirilməsini gözlədiyini bildirmişdir.
Son həftənin makroiqtisadi göstəriciləri və ABŞ federal bankının rəsmilərinin çıxışları fonunda ABŞ dövlət istiqrazlarının gəlirlilikləri azalmışdır (müvafiq olaraq qiymətləri artmışdır). Qısa və ortamüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilikləri uzunmüddətli dövlət istiqrazlarının gəlirlilikləri ilə müqayisədə daha çox azalmışdır. ABŞ-da inflyasiya səviyyəsinin proqnoz edilən səviyyədə aylıq dəyişməz qalması, ABŞ mərkəzi bankının uçot faiz dərəcələrini endirəcyinə işarə verməsi, habelə, son hərraclarda emissiya olunan ABŞ dövlət istiqrazlarına yüksək tələb buna əsas səbəblərdən olmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna 0,03 faiz bəndi azalaraq 4,23% təşkil etmişdir.
Bayram həftəsonunu və yayın qeyri-rəsmi bitməsi ilə birgə ABŞ səhm bazarında ticarət həcminin nisbətən az olması fonunda ABŞ-ın əksər fond bazarı indekslərinin göstəriciləri ötən ərzində cüzi dəyər itirmişdir. (Bildirmək istərdik ki, növbəti həftənin bazar ertəsi ABŞ-da Əmək Günü qeyd olunur və ABŞ fond bazarı bağlı olacaq.) Diqqət çəkən məqam o olmuşdur ki, kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmləri daha yaxşı nəticə nümayiş etdirmişdir. Kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin dəyərini təmsil edən “Russell 2000” fond bazarı indeksi bütün əsas ABŞ fond bazarı indekslərindən yüksək nəticə göstərmişdir və ardıcıl üçüncü həftədir ki “S&P 500” indeksindən daha üstün performans nümayiş etdirmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, “artım” səhmləri dəyər qazanmış, “dəyər” səhmlərinin qiymətləri isə azalmışdır.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500”-ün göstəricisi ötən həftə ərzində 0,10% azalmışdır.
Qeyd edək ki, ən çox dəyər artımı energetika (2,55%) sektorunu təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Ən çox dəyər itirən isə qida məhsulları və pərakəndə ticarət (2,05%) və kommunal xidmətlər (2,00%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşdur.
ABŞ fond bazarında ötən həftənin ən vacib hadisəsi “Nvidia” şirkətinin çərşənbə günü (ticarət simvolu: NVDA) rüblük maliyyə hesabatlarını açıqlaması olmuşdur. Ümumilikdə, şirkətin maliyyə göstəriciləri ekspertlərin proqnozlarını üstələmişdir.
Buna baxmayaraq, rüblük maliyyə hesabatların açıqlanmasından sonra şirkətin səhmləri dəyər itirmişdir. Belə ki, çərşənbə günündən həftənin sonuna şirkətin səhmlərin dəyəri 4,09% azalmışdır. Buna əsas səbəb şirkətin gəlirlərinin 88,27%-ni təşkil edən məlumat mərkəzi seqmenti üzrə gəlirin ekspertlər tərəfindən proqnoz ediləndən az olmasıdır. Qeyd etmək lazıdır ki, ardıcıl ikinci rübdür ki, sözügedən seqment üzrə şirkətin gəliri proqnoz edilən göstəricidən arxada qalır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Daha öncə ABŞ mərkəzi bankının idarə heyətinin sədri Cerom Pauelin Cekson Houlda təşkil olunan ənənəvi simpoziumdakı çıxışında ABŞ-da pul-kredit siyasətinin yumşalacağına dair işarə verməsi nəticəsində dəyər itirən ABŞ dolları ötən həftənin ilk günü yenidən avroya qarşı dəyər qazanmışdır. Buna səbəb olaraq Pauelin çıxışına baxmayaraq valyuta bazarı iştirakçılarının ABŞ əmək bazarının əsas makroiqtisadi göstəricilərinin açıqlanması ərəfəsində ABŞ-da uçot faiz dərəcələrinin endirləcəyinə artıq qərar verilmiş bir hal kimi baxmadıqlarını qeyd etmək olar. Lakin, ötən həftənin çərşənbə axşamından başlayaraq ABŞ dolları avroya nisbətdə dəyər itirməyə başlamışdır. ABŞ prezident administrasiyasının ABŞ mərkəzi bankının fəaliyyətinə qarışmasına dair narahatçılıqlarının artması, ABŞ iqtisadiyyatında inflyasiya səviyyəsinin dəyişməz qalması, ABŞ istehlakçılarının iqtisadi gözləntilərinin birmənalı olmaması, habelə, ABŞ mərkəzi bankı idarə heyəti üzvü Uollerin ABŞ-dakı uçot faiz dərəcələri barədə mövqeyi ABŞ dollarının dəyər itirməsində başlıca amillər olmuşdur. Həmçinin, Avropa Mərkəzi Bankının nümayəndələrinin çıxışlarında faiz dərəcələrini növbəti dəfə endirmə vaxtı barədə qeyri-müəyyən fikir bildirməkləri avronun ABŞ dollarına nisbətdə möhkəmlənməsinə səbəb olmuşdur. Nəticə etibarı ilə, bir həftə əvvələ nisbətdə ABŞ dolları avroya qarşı dəyər qazanmış olsa da, ötən həftənin çərşənbə axşamından başlayaraq ABŞ dolları avroya qarşı dəyər itirməyə başlamışdır.
USD/JPY məzənnəsinin dinamikası
Son həftənin ilk günü valyuta bazarı iştirakçılarının ABŞ mərkəzi bankının idarə heyətinin sədri Cerom Pauelin Cekson Houldakı çıxışındakı ABŞ-ın yaxın gələcəkdəki pul-kredit siyasətinin istiqaməti haqda işarələrini daha təmkinlə qarşılamağa başlaması fonunda ABŞ dolları ötən həftənin ilk günü Yaponiya yeninə qarşı dəyər qazanmışdır. Lakin, çərşənbə axşamından başlayaraq ABŞ-da prezident administrasiyası ilə ABŞ mərkəzi bankı arasında gərginliyin artması, ABŞ-da dərc olunan makroiqtisadi göstəricilərin və ABŞ mərkəzi bankı nümayəndəsinin bəyanatının ABŞ-ın pul-kredit siyasətinin yumşalma ehtimallarını artırması ABŞ dollarının Yaponiya yeninə nisbətdə dəyər itirməsinə səbəb olmuşdur. Əlavə olaraq, Yaponiyada iyul ayı üzrə işsizlik səviyyəsinin proqnoz ediləndən daha çox azalaraq 2,3% təşkil etməsi, habelə, Yaponiya iqtisadiyyatında inflyasiya dərəcəsinin Yaponiya mərkəzi bankının hədəflədiyi səviyyədən yuxarı olması Yaponiya mərkəzi bankının yaxın gələcəkdə faiz dərəcələrini artıracağıma münbit şərait yaratmışdır. Bu hal isə, öz növbəsində, ABŞ dollarının yenə qarşı dəyər itirməsinə bir digər səbəb olmuşdur. Nəticə etibarı ilə, Yaponiya yeni bir həftə əvvəlin sonuna olan məzənnəyə nisbətdə ötən həftənin sonuna ABŞ dollarına qarşı cüzi dəyər itirsə də, son həftənin çərşənbə axşamından başlayaraq ABŞ dollarına qarşı mövqeyini bərpa etməyə başlamışdır.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə ərzində neftin dünya bazarındakı qiymətinə əsas təsir bazardakı təklif tərəfindən olmuşdur. Daha doğrusu yaxın gələcəkdə təklifin azalma ehtimallarının artması neftin dəyərinə müsbət təsir etmişdir. Belə ki, son həftə ərzində Ukrayna ordusunun Rusiyanın neft infrastrukturuna endirdiyi zərbələrin intensivliyini artırması Rusiyanın neft ixracına təsir edəsi səviyyədə fəsadlara yol açmışdır. Həmçinin, Ukrayna və Rusiya arasında danışıqlara başlanması ilə bağlı Rusiya tərəfindən turarlı cavab gəlməməsi Rusiyanın neft ixracına əlavə sanksiyaların tətbiq edilməsi ehtimallarını artırmışdır. Əlavə olaraq, ABŞ-da iqtisadiyyatın rüblük proqnoz ediləndən daha yüksək tempdə artması, habelə, ABŞ-da açıqlanan son makroiqtisadi göstəricilər fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcələrini sentyabrda endirəcəyi ehtimallarının güclənməsi neftə olan tələbin artmasına da səbəb ola biləcək amillərdir. Qeyd olunan amillərin nəticəsində son həftə ərzində dünya bazarında neft dəyəri qazanmışdır. Belə ki, WTI markalı Amerika xam neftinin oktyabr fyuçerslərinin qiyməti 0,55%, Brent markalı Avropa neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,39% artmışdır.
Qızılın qiymətinin dinamikası
Tariflərlə bağlı dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik və geosiyası amil qızılın dəyərində əks olunmaqda davam etsə də son həftə ərzində qızılın dünya bazarındakı qiymətinə təsir edən ən vacib amil ABŞ-dakı makroiqtisadi mühit və onun fonunda ABŞ mərkəzi bankının yaxın gələcəkdəki pul-kredit siyasətinin istiqaməti olmuşdur. Belə ki, son həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər, habelə, ABŞ mərkəzi bankından gələn bəyanatlar ABŞ-da sentyabr ayında uçot faiz dərəcələrinin endiriləcəyi ehtimallarını əsaslı şəkildə artırmışdır. Nəzərə almaq lazımdır ki, faiz gəliri gətirməyən qızılın dəyərinə yüksək faizlərin mövcud olduğu iqtisadi mühit mənfi təsir edir. Beləliklə də, ABŞ iqtisadiyyatında faiz dərəcələrinin endirilməsi ehtimallarının artması dünyadakı tarif və geosiyasi qeyri-müəyyənliyin davam etdiyini də nəzərə alsaq investorlar tərəfindən qızıla olan tələbin artmasına təkan verir. Artan tələb isə öz növbəsində qızılın dünya bazarındakı qiymətində öz əksini tapmaqdadır. Ümumilikdə, ötən həftə ərzində qızılın dekabr fyuçerslərinin qiyməti 2,86% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 3 516,30 ABŞ dolları təşkil etmişdir.