Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 25 mart – 29 mart 2024

Vacib məlumat: bu icmalda əksini tapan məlumatlar, faktlar və şərhlər investisiya məsləhəti vermək məqsədi daşımır.


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) pul siyasətinə dair növbəti iclasında uçot faiz dərəcəsi 0,25 faiz bəndi endirilərək 7,50%-ə çatdırılmışdır. Uçot faiz dərəcəsinin endirilməsi ölkədə inflyasiya təzyiqinin azaldılması ilə əlaqələndirilmişdir. Mərkəzi Bank illik inflyasiyanın 2%-6% arasında olmasını hədəfləyir. Son açıqlanmış statistik göstəricilərə görə Azərbaycanda illik qiymət artımı cari ilin fevral ayında 0,8% təşkil etmişdir. Uçot faiz dərəcəsi ölkədə kredit və kapital bazarında qısa müddətli faiz dərəcələrinə təsir etmək məqsədi ilə Mərkəzi Bank tərəfindən istifadə olunan pul siyasəti alətlərindən biridir.



29 mart 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 21 investor iştirak etmiş və tələb təklifi 47% üstələmişdir. Buna baxmayaraq, Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (61%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,92% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,06 faiz bəndi yüksək olmuşdur. Qeyd edək ki, 2 aprel 2024-cü il tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 1 il, ümumi həcmi isə 120 milyon manat təşkil edəcəkdir.





Korporativ qiymətli kağızlar


Kapital Bank ASC
kütləvi təklif üsulu ilə tədavül müddəti 7 il, illik faiz dərəcəsi 7%, hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi həcmi isə 35 milyon ABŞ dolları olan istiqrazlar buraxır. İstiqrazlar abunə yazılışı vasitəsi ilə yerləşdiriləcək və abunə yazılışının başlama tarixi barədə BFB tərəfindən məlumat veriləcəkdir. Qeyd edək ki, bu istiqrazlar subordinasiya olunmuş borc qiymətli kağız statusu ilə buraxılır. Bu cür istiqrazlar üzrə investorların tələb hüquqları bütün digər kreditorların, o cümlədən əmanətçilərin tələb hüquqları təmin edildikdən sonra icra edilir. İstiqrazların emissiya prospektində açıqlanmış məlumatlara əsasən, Kapital Bank ASC 2023-cü ildə aktivlərini əvvəlki il ilə müqayisədə 9,1%, faiz gəlirlərini isə 12,2% artırmağa müvəffəq olmuşdur. Bununla yanaşı, qeyd olunan dövrdə bankın faiz xərcləri 43,7%, qeyri-faiz xərcləri isə 74,5% artmışdır ki, bu da bankın 2023-cü il üzrə xalis mənfəətinə mənfi təsir göstərmiş və bankın xalis mənfəəti 2023-cü ildə əvvəlki il ilə müqayisədə 19,6% azalmışdır.

27 mart 2024-cü il tarixində BFB-də “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi  həcmi isə 400 min  manat olan adi, adlı səhmləri yerləşdirilmişdir. Abunə yazılışı vasitəsi ilə təşkil olunmuş kütləvi yerləşdirmədə 1 investor iştirak etmiş və səhmlər nominal dəyər ilə tam yerləşdirilmişdir.


ABŞ kapital bazarı


Qısa həftə ərzində ABŞ iqtisadiyyatı üzrə açıqlanmış son statistik göstəricilər investorlar tərəfindən müsbət qarşılanmış və ABŞ-ın aparıcı fond bazarı indekslərinə müsbət təsir göstərmişdir. Belə ki, yenilənmiş göstəricilərə əsasən 2023-cü ilin son rübündə dünyanın ən iri iqtisadiyyatı 3,4% artım nümayiş etdirmişdir ki, bu da əvvəl açıqlanmış göstəricidən 0,2 faiz bəndi çoxdur. Ümumilikdə, 2023-cü il üzrə ABŞ iqtisadiyyatının artım tempi 2022-ci ilin artım tempi ilə müqayisədə 0,6 faiz bəndi sürətlənərək 2,5%-ə çatmış və mütləq rəqəmlərdə 27,9 trilyon ABŞ dolları təşkil etmişdir. Ümumi daxili məhsul ilə yanaşı işsizlik üzrə açıqlanmış son makro statistik göstəricilər investorlar tərəfindən müsbət qarşılanmışdır. Belə ki, işsizlik müavinətinin alınması üçün müraciət edən şəxslərin sayı həftə ərzində 210 min nəfər təşkil etmişdir ki, bu da əvvəlki həftə və gözləntilərdən 2 min nəfər az olmuşdur. İqtisadiyyatın artım templərinin hələ də yüksək qalması ABŞ mərkəzi bankı tərəfindən  cari ilin iyun ayında faiz dərəcəsini endirmək ehtimalını 75%-dən 64%-ə azalmasını şərtləndirən faktorlardan olmuşdur. Buna baxmayaraq, həftə ərzində ABŞ dövlət istiqrazlarının gəlirliliyi əhəmiyyətli dərəcədə dəyişməmişdir.


ABŞ-ın aparıcı fond indeksi olan S&P 500 həftə ərzində 0,24 faiz artım nümayiş etdirmişdir. İndeksdə ən böyük payı olan texnologiya (elektronika sənayesi və İKT) sektorunun səhmlərinin dəyərində 0,75% azalma qeydə alınsa da, digər sektorlarda olan artım S&P 500-in həftəlik müsbət artımına təkan vermişdir. Ən çox artım kommunal xidmətlər sektorunda (+2,96%) və enerji sektorunda (+1,92%) qeydə alınmışdır.


Enerji sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyər qazanması neft və qaz qiymətlərinin artımı fonunda müşahidə edilmişdir. Neft qiymətlərinin artımı fonunda enerji sektorunun nəhənglərindən olan Exxon Mobil Corporation şirkətinin səhmləri (ticarət simvolu: XOM) ilin əvvəlindən bəri 16,26%, Chevron Corporation şirkətinin səhmləri (ticarət simvolu: CVX) 5,75%, ConocoPhillips şirkətinin səhmləri isə (ticarət simvolu: COP) 9,66% faiz artmışdır. Ümumilikdə, S&P 500 indeksinin enerji sektorunun (sektorun səhmlərinə investisiya edən fondun payının (ETF) ticarət simvolu: XLE) ilin əvvəlindən bəri göstərdiyi 12,57%-lik artımı ilə indeksin ən çox artan sektoru olmuşdur.  



VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası

Həftə ərzində ABŞ dolları digər əsas valyutalar, o cümlədən avroya qarşı cüzi möhkəmlənmə nümayiş etdirmişdir. ABŞ-da ümumi daxili məhsulun artım templərinin yenilənmiş göstəricisinin daha öncə açıqlanmış göstəricidən daha yuxarı olması, işsizlik üzrə son statistikanın gözləntilərdən daha yaxşı olması dünyanın əsas ehtiyat valyutasının dəyər qazanması şərait yaradan əsas faktorlardan olmuşdur.


USD/JPY məzənnəsinin dinamikası

Yaponiya mərkəzi bankının pul siyasətinə həsr olunmuş son iclasında faiz dərəcəsi və “kəmiyyət yumşaldılması” proqramına edilmiş və çoxdan gözlənilən dəyişikliklərə baxmayaraq, dünyanın ən iri dördüncü iqtisadiyyatının milli valyutası ABŞ dollarına qarşı ucuzlaşmaqda davam edərək həftə ərzində son 34 ilin ən aşağı həddinə çatmışdır. Məlumat üçün bildirək ki, Yaponiya mərkəzi bankı son iclasında faiz dərəcəsini 2007-ci ildən bəri ilk dəfə olaraq yüksəltmək və 2013-cü ildən bəri apardığı “kəmiyyət yumşaldılması” proqramı çərçivəsində bəzi riskli aktivlərin kapital bazarından alınmasını dayandırmaq qərarı vermişdir. Xatırladaq ki, Yaponiya mərkəzi bankı  deflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrini mənfi 0,1% səviyyəsində müəyyən etmiş və cari ilin mart ayınadək mənfi faiz dərəcələri tətbiq edən yeganə mərkəzi bank olmuşdur.


ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Həftə ərzində OPEC+ ölkələri tərəfindən neft hasilatının könüllü azaldılması planlarının cari ilin ikinci rübünün sonuna qədər dəyişməyəcəyi gözləntiləri, Rusiyanın iri neft emalı zavodlarına hücumlar və ABŞ-da işlək neft buruqlarının sayında azalma neft qiymətlərinin artmasına təkan verən əsas faktorlar olmuşdur. Bu hadisələr fonunda WTI markalı Amerika xam neftinin may fyuçerslərinin qiyməti həftəlik 3,2%, Brent markalı Avropa neftinin may fyuçerslərinin qiyməti isə 2,4% artım nümayiş etdirmişdir.

Qızıl və bitkoin qiymətlərinin dinamikası

ABŞ-da fevral ayı üzrə açıqlanmış inflyasiyaya dair makrostatistik göstəricilərin gözləntilərə uyğun olması və nəticə etibarı bu hadisənin cari ilin iyun ayında ABŞ mərkəzi bankı tərəfindən pul siyasətinin yumşaldılması ehtimalına müsbət təsiri qızılın qiymətinin daha da çox artmasına təkan vermişdir. Faiz dərəcələrinə həssas olan qiymətli metalın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 3,1% artaraq bir Troy unsiyası (31,1 qram) üçün yeni rekord hədd sayılan 2 254,80 ABŞ dollarına çatmışdır.

Qızılın qiyməti ilə yanaşı bəzən “rəqəmsal qızıl” adlandırılan bitkoinin qiymətində də həftə ərzində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, bazar kapitalizasiyası 1,4 trilyon ABŞ dolları olan kriptovalyutanın martın 28-i bağlanış qiyməti həftəlik 10,9% artım nümayiş etdirərək bir bitkoin üçün 70 744,95 ABŞ dollarına çatmışdır. Cari ilin yanvar ayında 10 ilə yaxın davam edən mülahizələrdən sonra ABŞ kapital bazarına nəzarət orqanı (SEC – Securities Exchange Commission) tərəfindən aktivlərin idarə olunması ilə məşğul olan 11 şirkətə bilavasitə bitkoinə investisiya edən investisiya fondlarının yaradılması və həmin fondların paylarını (ETF – exchange traded funds) birjalara çıxardaraq geniş investor kütləsinə satılmasına icazə verilmişdir. Bitkoin əsaslı bu alətlərin sadəliyi, əlçatanlığı və digər müsbət xüsusiyyətləri pərakəndə və institusional investorların böyük marağına səbəb olmuş və nəticədə martın sonu bitən rüb ərzində bitkoin əsaslı investisiya fondlarına xalis investisiya axınının məbləği 12,1 milyard ABŞ dollarına çatmışdır. Ən çox xalis investisiya axını dünyanın ən iri aktiv idarəçisi (idarəetmədə olan müştəri aktivlərinin həcmi 10 trilyon ABŞ dolları) BlackRock Inc. tərəfindən yaradılmış iShares Bitcoin Trust (ticarət simvolu: IBIT) adlı investisiya fondu üzrə qeydə alınmışdır. Ticarətə başlandığı tarixdən (11 yanvar 2024-cü il) martın 28-nə qədər bu fonda xalis investisiya axını 13,9 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da iShares Bitcoin Trust-nı kapital bazarı tarixində ən sürətlə artan və birjada ticarət olunan investisiya fonduna çevirmişdir.