KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
27 avqust 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 10 investor iştirak etmiş və tələb təklifdən 83% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,49% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 45%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 105 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,4618% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0616 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 3 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 100 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları birqiymətli hərrac üsulu ilə tam həcmdə yerləşdirilmişdir. Hərracda 1 investor iştirak etmişdir.
26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 30 milyon ABŞ dolları, illik gəlirlilik faizi 7%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş subordinasiya olunmuş istiqrazları “premium bazar” seqmentində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinə kimi davam edəcəkdir. Yerləşdirilmə 26 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” ASC-nin nominal dəyəri 1000 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları “standart bazar” seqmentində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 29 sentyabr 2024-cü il tarixinə kimi davam edəcəkdir. Yerləşdirilmə 30 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları birqiymətli hərrac üsulu ilə tam həcmdə yerləşdirilmişdir. Hərracda 1 investor iştirak etmişdir.
ABŞ kapital bazarı
Son həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Həftənin ən gözlənilən xəbəri açıqlanmış əsas şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi olmuşdur. Qeyd edək ki, ölkə iqtisadiyyatındakı qiymət dinamikasını əks etdirən bu göstərici ABŞ mərkəzi bankının öz pul siyasətini həyata keçirərkən ən çox diqqət etdiyi göstəricidir. Sözügedən göstərici iyul ayında əvvəlki ayda olduğu kimi 2% artım nümayiş etdirmişdir ki, bu da ekspertlərin proqnozlaşdırdığı artım miqyası ilə eynidir. Əlavə olaraq, illik miqyasda əsas şəxsi istehlak xərcləri qiymət indeksi (core PCE) iyul ayı üçün 2,6% artım göstərmişdir ki, bu da proqnozlaşdırılan göstəricidən 0,1 faiz bəndi, ötən ilin iyul ayının göstəricisi ilə isə eyni olmuşdur. Beləliklə, açıqlanmış şəxsi istehlak xərcləri qiymət indeksinin (core PCE) dinamikasından o qənaətə gəlmək olar ki, son dövrdə ABŞ mərkəzi bankının həyata keçirdiyi sərt pul siyasəti öz bəhrəsini verməkdədir və ABŞ iqtisadiyyatındakı inflyasiya təzyiqləri səngimişdir. Bir digər açıqlanmış makroiqtisadi göstərici ABŞ-da istehlakçıların gəlir və xərclərinin dinamikası olmuşdur. İyul ayı üzrə ABŞ istehlakçılarını xərcləri 0,5% artmışdır ki, bu da əvvəlki aya nisbətən 0,2 fasiz bəndi çox olsa da ekspertlərin proqnozlaşdırdığı miqyasda olmuşdur. ABŞ istehlakçılarının gəlirləri isə iyul ayı üzrə 0,3% artım nümayiş etdirmişdir ki, bu da həm proqnozlaşdırılan, həm də əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi çox olmuşdur. Sön dövrdə ABŞ-ın əmək bazarında səngimə müşahidə edildiyini nəzərə alsaq, ABŞ-da istehlakçıların iqtisadi baxımdan kifayət qədər sağlam mövqedə olduqları müsbət hal olmuşdur. Ötən həftə, həmçinin, ABŞ-da rüblük ÜDM dinamikasının açıqlanmışdır. Açıqlanan göstəriciyə əsasən ABŞ-da cari ilin ikinci rübü üçün ÜDM artımı 3% təşkil etmişdir ki, bu da əvvəlki rübə və proqnozlaşdırılan göstəriciyə nisbətən 0,1 faiz bəndi çox olmuşdur. Ümumilikdə, ötən həftənin makroiqtisadi xəbərləri fonunda ekspertlərdə ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini 25 baza bəndi azaldacağına dair konsensus rəy formalaşmışdır; azalmanın 50 baza bəndi olmasına verilən ehtimallar isə azalmışdır. Nəticə olaraq, son həftə qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində cüzi azalma, uzunmüddətli dövlət istiqrazlarının gəlirliliklərində isə artım müşahidə edilmişdir. 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 10 baza bəndi artaraq 3,91% təşkil etmişdir.
Qeyd edək ki, gələn həftə ABŞ-da avqust ayı üzrə iqtisadi aktivliyi bildirən menecer sorğularının (PMI) nəticlələri və avqust ayı üzrə əmək bazarının makroiqtisadi göstəriciləri açıqlanacaqdır. Hər iki göstərici ABŞ mərkəzi bankının sentyabr ayında baş tutacaq görüşü ərəfəsində ekspertlər tərəfindən maraqla gözlənilir.
Səhm bazarında ötən həftənin ən diqqət cəlb edən xəbəri NVidia şirkətinin (ticarət simvolu: NVDA) rüblük maliyyə hesabatlarını açıqlaması olmuşdur. Qeyd edək ki, şirkətin rüblük maliyyə göstəriciləri ekspertlərin gözlədiklərindən daha yaxşı olmuşdur.
Müsbət maliyyə göstəricilərinə baxmayaraq NVidia şirkətinin (ticarət simvolu: NVDA) səhmlərinin dəyəri ötən həftə ərzində 7,73% enmişdir. Buna əsas səbəb şirkətin süni intellekt sahəsinə böyük həcmdə vəsait investisiya etməyində qərarlı olması, və bu halın investorlar tərəfindən ehtiyatla qarşılanması olmuşdur. Ümumilikdə, son həftə ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 0,24% yüksəlmişdir. Ən çox artımı isə maliyyə xidmətləri (2,95%), sənaye istehsalı (1,69%) və mədənçıxarma və xammal sənayesi (1,65%) sektorlarını təmsil edən şirkətlərin səhmləri nümayiş etdirmişlər. Ən çox azalma elektronika sənayesi və İKT (1,62%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Avqust ayı üzrə Avrozonada inflyasiya 2,2% təşkil etmişdir ki, bu da 2021-ci ilin iyul ayından bu günə ən aşağı göstərici olmuşdur. Qiymət təzyiqinin səngiməsi Avropa Mərkəzi Bankının sentyabr ayında baş tutacağı görüşündə uçot faiz dərəcəsini azaldacağı ehtimallarını artırmışdır. Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi xəbərlər fonunda ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini 50 baza bəndi azaldacağı ehtimalları azalmışdır, ümumilikdə, ekspertlər birmənalı olaraq azalmanın 25 baza bəndi təşkil edəcəyi fikrində həmfikir olmuşlar. Nəticə olaraq, ötən həftə ABŞ dolları avroya qarşı dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftənin əvvəli Yaponiyada açıqlanmış avqust ayı üzrə istehsal sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) nəticələrinin proqnoz ediləndən yüksək olması Yaponiya yeninin ABŞ dollarına qarşı qısamüddətli dəyər qazanmasına səbəb olmuşdur. Lakin həftə ərzində ABŞ-da açıqlanmış makroiqtisadi xəbərlər fonunda ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini az miqyasda azaldacağı ehtimallarının güclənməsi yenin ABŞ dollarına qarşı yenidən dəyər itirməsinə səbəb olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə neftin dəyərində azalma müşahidə edilmişdir. Buna əsas səbəb dünyanın iki ən böyük neft istehlakçıları olan ABŞ və Çində neftə tələbatın azalması və OPEC+ ölkələrinin neft hasilatını artırma planları olmuşdur. Belə ki, OPEC+ nümayəndələrinin qeyri-rəsmi məlumatlarına əsasən təşkilat üzvləri oktyabr ayından etibarən neft hasilatını gündəlik 180 min barel artırmağı planlaşdırırlar. Habelə, Çində avqust ayı üzrə istehsal sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) nəticələrinin proqnoz ediləndən zəif açıqlanması Çində neftə olan tələbatın gözləniləndən daha gec artacağına işarə etmişdir. Əlavə olaraq, ABŞ-da iyun ayındakı neft istehlakının 2020-ci ildəki COVİD-19 pandemiyasından bu yana qeyd edilən ən aşağı fəsli minimuma endiyi açıqlanmışdır. Yaxın Şərqdəki geosiyasi vəziyyətin gərgin olması belə neftə olan tələbatın azalması, həmçinin, yaxın gələcəkdə neft hasilatının artması amillərinin mənfi təsirini aradan qaldıra bilməmişdir. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin oktyabr fyuçerslərinin qiyməti həftəlik 1,71%, Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,28% azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Son həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərin müsbət olması ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini sentyabrda 50 baza bəndi endirəcəyi ehtimallarını azaltmışdır. Faiz dərəcələrinin gözləniləndən az miqyasda endirilmə ehtimalı faiz gəliri gətirməyən aktiv olan qızılın qiymətinə mənfi təsir edən əsas amil olmuşdur. Nəticə olaraq, ötən həftədə qızılın sentyabr fyuçerslərinin qiyməti 0,69% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 493,80 ABŞ dolları təşkil etmişdir.