Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 29 aprel – 03 may 2024

Kapital bazarları


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları

1 may 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 20 investor iştirak etmiş və tələb təklifdən 7% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,8999% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 26,49% hissəsi daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,4989% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,4905 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 7 may 2024-cü il tarixində diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 1 il, ümumi həcmi isə 90 milyon manat təşkil edəcəkdir.

1 may 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.



Korporativ qiymətli kağızlar

29 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin illik faiz dərəcəsi 12 %, nominal dəyəri 1 000 manat, ödəniş dövrü isə hər ayda bir dəfə olan istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 9 investor iştirak etmişdir. Yerləşdirilmiş istiqrazların həcmi nominal qiymətlə 500 000 manat təşkil etmişdir.


ABŞ kapital bazarı


Ötən həftənin əvvəlində ABŞ-da açıqlanmış əmək bazarı hesabatına əsasən əmək haqqı xərcləri 2024-cü ilin ilk rübündə 2023-cü ilin sonuncu rübünün göstəricisi ilə müqayisədə 1,2%, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 5%  artım göstərmişdir ki, bu hal ekspertlərin gözləntilərindən çox olmuşdur. Əlavə olaraq açıqlanan digər hesabatda dünyanın ən böyük iqtisadiyyatının daşınmaz əmlak bazarında əvvəlki ilin fevral ayından bu günədək ən yüksək qiymət artımı müşahidə edilmişdir. Bu iki hesabat inflyasiyanın artması və iqtisadi artımın azalması (staqflyasiya) hallarının mövcudluğuna dair narahatçılıq yaratsa da, həftənin sonrakı günlərində açıqlanan makroiqtisadi göstəricilər inflyasiya təzyiqlərinin azaldığına işarə etmişdir. Belə ki, işsizlik hesabatına əsasən aprel ayında ABŞ-da kənd təsərrüfatı xaric digər sektorlarda 175 min yeni iş yeri yaradılmışdır. Bu göstərici gözləntilərdən az olması ilə yanaşı ötən ilin noyabr ayından bəri müşahidə edilən ən aşağı göstərici olmuşdur. Həmçinin, aprel ayında əmək haqqı artımı cəmi 0,2% təşkil etmişdir, ki bu da son ildə qeydə alınmış ən zəif artım tempi olmuşdur. Əlavə olaraq, işsizlik dərəcəsi cüzi artaraq 3,9% təşkil etmişdir. Bu makroiqtisadi göstəricilər fonunda ABŞ mərkəzi bankının ötən həftə baş tutan görüşündə uçot faiz dərəcəsini dəyişməklə bağlı hər hansı bir qərar verilməmişdir. ABŞ mərkəzi bankının rəsmilərinin bəyanatında yaranmış staqflyasiya narahatçılığının əbəs olduğu bildirilmiş, faiz dərəcəsinin azaldılmasına isə mövcud makroiqtisadi mühitdə hazır olmadıqlarına işarə edilmişdir. Ümumilikdə ABŞ əmək bazarının son göstəricilərinin nəticəsində ekspertlər faiz dərəcəsinin əvvəlki həftələrdə olan gözləntilərə nisbətən daha tez endiriləcəyi ehtimalının artdığını qeyd edirlər. Buna baxmayaraq son həftə ABŞ dövlət istiqrazlarının gəlirliklərində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.




Əmək bazarının mənfi dinamikası və inflyasiya təzyiqlərinin azalması fonunda faiz dərəcələrinin daha yaxın zamanda endirilməsi ehtimalının artması həftə ərzində fond bazarı indekslərinin cüzi də olsa irəliləməsinə təkan verən əsas amil olmuşdur.  Ölkənin aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 0,55% artım nümayiş etdirmişdir. Artım indeksi təşkil edən əksər sektorların şirkətlərinin səhmlərində qeydə alınmışdır. Ən böyük yüksəliş göstərən kommunal xidmətlər (3,35%), tikinti və daşınmaz əmlak (1,54%) və elektronika sənayəsi vı İKT sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Bu arada texnologiya sektorunun nəhənglərindən biri olan Apple şirkəti  (ticarət simvolu: AAPL) rüblük gəlirinin açıqlamışdır. Apple şirkətinin rüblük gəliri gözləniləndən 0,5 milyard ABŞ dolları çox olmaqla 90,8 milyard ABŞ dolları təşkil etmişdir. Şirkətin Çin bazarındakı satışları da gözləntiləri üstələyən bir başqa göstərici olmuşdur. Həmçinin, şirkət rəhbərliyi səhm geri alınması üçün 110 milyard ABŞ dolları ayırdıqlarını və dividend odənişlərinin hər səhmə görə 0,25 ABŞ dollarına artıracaqlarını bildirmişdirlər. Bu xəbərlər nəticəsində Apple şirkətinin (ticarət simvolu: AAPL)  səhmlərinin qiymətində 6% artım olmuşdur.





VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası
Son həftə avrozonada enerji və qida məhsullarını çıxmaqla ölçülən əsas inflyasiya dinamikasında azalma müşahidə edilmişdir. Bu rəqəm ötən aya nisbətən 0,2% azalaraq 2,7% təşkil etmişdir. Avropa Mərkəzi Bankı rəsmiləri mövcud makroiqtisadi göstəricilərə əsaslanaraq növbəti ilədək inflyasiyanın hədəflənən 2% göstəricisinə qayıdacağına əminliklərinin artdığını bildirmişdirlər. Digər tərəfdən ABŞ əmək bazarının makroiqtisadi göstəriciləri dərc edildikdən sonra inlflyasiya təzyiqlərinin nisbətən zəiflədiyi müşahidə edilmişdir və ABŞ uçot faiz dərəcəsinin endirilmə tarixinin əvvəlki gözləntilərə nisbətən çox uzaq tarixdə olmayacağı ehtimalları artmışdır. Nəticə olaraq ötən həftə ərzində ABŞ dollarının avroya nisbətən cuzi zəifləməsi müşahidə edilmişdir.



USD/JPY məzənnəsinin dinamikası
Yaponiya yeninin ABŞ dollarına nisbətdə dinamikasında ötən həftə kəskin dəyişiklik müşahidə olunmuşdur. Belə ki, son dönəm tarixi minimumlarında olan yen həftə ərzində ABŞ dollarına qarşı möhkəmlənmişdir. Buna səbəb isə Yaponiya mərkəzi bankının valyuta bazarına müdaxilə etməsi olmuşdur. Yaponiya mərkəzi bankı rəsmi olaraq müdaxilə etmələri barədə məlumat verməsə də, bankın hesablarındakı dəyişikliklər müdaxilənin baş tutduğuna işarə etmişdir.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da mərkəzi bankın ötən həftə baş tutan görüşündə faiz dərəcələrini olduğu kimi saxlaması qara qızılın qiymətinə mənfi təsir göstərmişdir. Ümumilikdə yüksək faiz dərəcəsi fonunda iqtisadi artım templəri zəiflərə və enerji resurslarına tələbatda azalma müşahidə edilir. Əlavə olaraq Yaxın Şərqdəki münaqişənin nisbətən səngiməsi, neft bazarında qeyri müəyyənliyin azalmasına zəmin yaratmışdır. Nəticə olaraq həftə ərzində neftin qiymətində geriləmə müşahidə olunmuşdur. Belə ki, WTI markalı Amerika xam neftinin iyun fyuçerslərinin qiyməti həftəlik 6,85%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 5,95% azalmışdır.


Qızıl qiymətlərinin dinamikası
Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 1,64% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 308,60 ABŞ dolları etmişdir. Yaxın Şərqdəki münaqişənin intensivliyinin azalması sarı metalın “təhlükəsiz” investisiya statusunda tələbatına mənfi təsir göstərmiş və nəticə etibarı ilə qiymətinin geriləməsinə təsir göstərmişdir.