KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı gəlirlilik dərəcələri emitenti qanə etmədiyi səbəbindən hərrac baş tutmamışdır. Qeyd edək ki, 9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 60 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “KƏPƏZ BOKT” MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə baş tutacaq və 10 dekabr 2025-cı il tarixindən başlayaraq 10 təqvim günü davam edəcəkdir.
11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “FINCA Azerbaijan” MM QBKT-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 3 milyon ABŞ dolları, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə, 18 dekabr 2025-ci il tarixində baş tutacaq.
ABŞ kapital bazarı
Ötən həftənin ən vacib makroiqtisadi xəbəri ABŞ mərkəzi bankının (FED) 10 dekabrdakı görüşünün nəticəsində aldığı qərar olmuşdur. Belə ki, ABŞ mərkəzi bankı əmək bazarının vəziyyəti və məşğulluq artımı ilə bağlı artan narahatlıqlar fonunda uçot faiz dərəcəsini ekspertlərin proqnozuna uyğun olaraq 25 baza bəndi azaltmışdır. Nəticə olaraq, uçot faiz dərəcəsinin aşağı həddi 3,50%, yuxarı həddi isə 3,75% təşkil etmişdir. Bununla da ABŞ mərkəzi bankının idarə heyəti artıq ardıcıl üçüncü görüşdür ki, faizlərin 25 baza bəndi endirilməsi qərarını verir. Buna baxmayaraq, faiz endirimi qərarı yekdil olmamışdır. 8 heyət üzvü və heyətin sədri 25 baza bəndi endirim qərarı versə də, 1 səs 50 baza bəndi endirimi, 2 səs isə faizlərin sabit saxlanılması yönündə olmuşdur.
Faiz qərarından sonra paylaşılan idarə heyətinin üzvlərinin makroiqtisadi proqnozlarında, növbəti illər üçün ÜDM böyümə göstəricisi gözləntisi artırılmış, işsizlik gözləntisi eyni qalmış, şəxsi istehlak xərcləri (PCE) üzrə təxminlər isə azaldılmışdır. Nəticə olaraq, növbəti il üçün median faiz dərəcəsi üzrə gözlənti 3,4 faiz bəndi təşkil etmişdir ki, bu da 2026-cı il ərzində sadəcə 1 səfər faiz endirimi olacağına işarə edir.
ABŞ mərkəzi bankının idarə heyətinin sədri Cerom Pauel görüşdən sonrakı mətbuat konfransında çıxış etmişdir. İstehlakçı xərclərinin sabit qaldığını, biznes xərclərinin isə artdığını bildirən Pauel, növbəti il üçün ÜDM böyüməsinin 1,7% olaraq proqnoz edildiyini bildirmişdir, hansı ki sentyabrdakı proqnozlardan yüksəkdir. Əmək bazarında isə həm işə alımların, həm də işdən çıxarmaların aşağı səviyyədə olduğunu, işsizlik səviyyəsinin isə 2025-ci ilin sonunda pik həddinə çatacağını, sonrakı ildə isə nisbətən azalacağını açıqlamışdır. İnflyasiya 2022-ci ildən bəri əhəmiyyətli həcmdə azalsa da, hələ də mərkəzi bankın 2% hədəfindən yuxarıda qalmaqda davam etmişdir, növbəti il üçün isə 2,4% təşkil edəcəkdir.
Son olaraq, ABŞ mərkəzi bankının idarə heyəti, mərkəzi bank rezervlərinin mövcud səviyyəsinin yetərli olmadığı qənaətinə gəlmiş, nəticə olaraq dekabr ayında 40 milyard ABŞ dolları dəyərində, sonrakı aylarda isə oxşar səviyyədə qısamüddətli ABŞ dövlət istiqrazlarının satın alınması qərarı alınmışdır. Bu qərarın əsas səbəbi, bazarda repo və digər qısamüddətli faizlərin likvidliyin azalması ilə yüksəlməsinin qarşısının alınmasıdır.
Ötən həftənin əmək bazarı göstəriciləri bazarın vəziyyəti ilə bağlı qarışıq siqnallar vermişdir. İşsizlik müavinətinə ilk dəfə müraciət edənlərin sayı ötən həftənin göstəricisindən və proqnoz ediləndən yüksək olmuş, 6 dekabra qədərki həftə üçün 236 min təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı isə 101 min azalaraq 1,838 milyon təşkil etmişdir.
Geridə qoyduğumuz həftə ərzində qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilikləri azalmış, 10 və 30 il tədavül müddəti olan dövlət istiqrazlarının gəlirliliklərində isə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,05 faiz bəndi artaraq 4,19% təşkil etmişdir.
ABŞ mərkəzi bankının faiz dərəcələrini endirməsi kiçik bazar kapitalizasiyalı şirkətlərin kredit əldə etmə qabiliyyətinə daha böyük təsir etdiyi üçün, onların daxil olduğu indekslərdə artım görülmüş, süni intellekt köpüyü ilə bağlı narahatlıqların artması isə “NASDAQ Composite” kimi texnologiya yönümlü indekslərdə və “Russell 1000 Growth” kimi böyümə yönümlü səhmlərdən təşkil olunan indekslərdə geriləməyə gətirib çıxarmışdır.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,63% azalmışdır. Ən çox artan mədənçıxarma və xammal sənayesi (2,40%), maliyyə xidmətləri (2,37%), sənaye istehsalı (1,40%) və qida məhsulları və pərakəndə ticarət (1,22%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə elektronika sənayesi və İKT (1,98%) və kommunal xidmətlər (1,09%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur.
Business Machines” (ticarət simvolu: IBM) şirkəti, “Confluent” (ticarət simvolu: CFLT) adlı məlumat infrastrukturu şirkətinin hər səhmi üçün 31 ABŞ dolları ödəyərək şirkəti satın alacağını açıqlamışdır. Nəticə olaraq “Confluent” şirkətinin səhmləri 29% dəyər qazanmışdır.
“Warner Bros Discovery” (ticarət simvolu: WBD) şirkətinin satın alınması uğrunda mübarizə öncəki həftə də davam etmişdir. “Paramount Skydance” (ticarət simvolu: PSKY) şirkəti “Warner Bros” şirkətinin tamamını almaq üçün səhmbaşına 30 ABŞ dolları ödəməyi təklif etmişdir. Bu qiymət, “Netflix”-in (ticarət simvolu: NFLX) təklifindən səhmbaşına 2,25 dollar çox olsa da, “Netflix”-in təklifində “Warner Bros” daxilindəki kabel televiziya brendləri satınalmaya daxil etməmiş, beləliklə ümumi təklif dəyəri “Warner Bros” səhmdarları tərəfindən səhmbaşına 31-32 ABŞ dolları arasında qiymətləndirilmişdir. Xəbərdən sonra “Paramount Skydance” səhmləri 9%, “Warner Bros” səhmlərinin dəyəri 4% artmış, “Netflix” səhmləri isə 3% dəyər itirmişdir.
“Walt Disney Co” (ticarət simvolu: DIS) şirkəti “OpenAI” startapına 1 milyard ABŞ dolları dəyərində investisiya etmiş, həmçinin “Disney”-in əqli mülkiyyətlərinin “Sora” və “ChatGPT” tərəfindən istifadəsinə icazə vermişdir. Xəbərdən sonra “Disney” şirkətinin səhmlərinin qiyməti 2,5% artmışdır.
ABŞ “NVIDIA” (ticarət simvolu: NVDA) şirkətinin “H200” süni intellekt qrafik prosessorlarının (GPU) Çinə satışına icazə vermişdir. Bu qrafik kartlar hal-hazırda Çinə ixrac olunmasına icazə verilən ən güclü kart olan “H20”-dən 6 qat daha çox hesablama gücünə malikdir. Çindəki bütün “H200” satış gəlirlərinin 25%-i isə ABŞ hökumətinə ödəniləcəkdir. Lakin Çin hökumətinin ölkədəki şirkətlərə yerli “GPU”-lardan istifadə etməsi barədə təzyiq göstərməsi, “H200”-ün isə hal-hazırkı “Blackwell” və yaxın gələcəkdə istifadəyə veriləcək “Rubin” arxitekturalı “GPU”-lar ilə müqayisədə qat-qat aşağı hesablama gücünə malik olması, Çində “H200”-lərə yaranacaq tələbin həcmi ilə bağlı şübhə doğurur.
“Structure Therapeutics” (ticarət simvolu: GPCR) şirkəti çəki atma dərmanı sınaqlarının 2-ci mərhələsinin uğurla keçdiyini açıqlamış, nəticələrə əsasən, dərman “Eli Lily and Co” (ticarət simvolu: LLY) şirkətinin anoloji dərmanından daha effektiv olmuşdur. Nəticə olaraq, şirkətin səhmlərinin dəyəri 102% yüksəlmişdir.
Elektrik enerjisi avadanlıqları istehsalçısı “GE Vernova” (ticarət simvolu: GEV) şirkəti ötən həftə rüblük dividendi hər səhm üzrə 0,25 ABŞ dollarından 0,5 ABŞ dollarına, 2028-ci ilə qədər illik gəlir proqnozunu 45 milyard ABŞ dollarından 52 milyard ABŞ dollarına, faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) marjası proqnozunu isə 14%-dən 20%-ə yüksəltmişdir. Bununla da ötən il “General Electric” (ticarət simvolu: GE) şirkətindən ayrılmış “GE Vernova” şirkətinin səhmləri xəbərdən sonra 15%, 2025-ci il ərzində isə 110%-dən çox artmışdır.
“Palantir Technologies” (ticarət simvolu: PLTR) şirkətinin səhmlərinin dəyəri ABŞ hərbi dəniz qüvvələri ilə tədarük zəncirinin idarə edilməsi bağlı müqavilə imzaladığı xəbərindən sonra 3% artmışdır.
Peyk operatoru “EchoStar” (ticarət simvolu: SATS) şirkətinin səhmləri “SpaceX” şirkətinin ilkin kütləvi yerləşdirilməsinin (IPO) 2026-cı ildə həyata keçiriləcəyi ilə bağlı xəbərlər əsasında 10%-dən artıq yüksəlmişdir. Qeyd edək ki, “Echostar” şirkəti “SpaceX” startapına tezlik spektrlərini satmaqla “SpaceX”-də 3%-lik pay əldə etmişdir. Bu xəbərə əlavə olaraq, “Planet Labs” (ticarət simvolu: PL) şirkəti də üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlamış, gəlir illik 33% artmış, yerinə yetirilməmiş satış sifarişləri isə 3 qatına çıxmışdır. Hesabatlardan sonra şirkətin səhmləri 40%-ə yaxın, bazarda kosmik sənaye ilə bağlı yaranmış nikbinlik səbəbilə “AST SpaceMobile” (ticarət simvolu: ASTS) şirkətinin səhmləri 13%, “Rocket Lab” (ticarət simvolu: RKLB) şirkətinin səhmləri isə 8% artmışdır.
Verilənlər bazası üçün proqram təminatı və süni intellekt üçün məlumat mərkəzləri ilə tanınan “Oracle” (ticarət simvolu: ORCL) şirkəti 2025-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatlarını açıqlamışdır. Səhm üzrə mənfəət (EPS) göstəricisi 2,26 ABŞ dolları təşkil etmiş, bu da gözləntilərdən 38%, əvvəlki il ilə müqayisədə 54% artmışdır. Lakin üçüncü rüb üzrə gəlir, xüsusi ilə bulud xidmətləri gəliri investorların gözləntilərini qarşılamamışdır. Əlavə olaraq, 2026-cı ilin birinci rübü üçün kapital xərclərinin planlaşdırılandan 15 milyard ABŞ dolları daha artıq olacağı qeyd olunmuşdur. Nəticələrdən sonra “Oracle” şirkətinin səhmləri 11% dəyər itkisi ilə üzləşmişdir. Bunun nəticəsində, süni intellekt (AI) məlumat mərkəzləri ilə əlaqəli bir sıra şirkətlərin səhmləri, o cümlədən aparat təminatı şirkətləri “Sandisk” (ticarət simvolu: SNDK), “Western Digital” (ticarət simvolu: WDC), “Seagate Technology Holdings” (ticarət simvolu: STX), “Micron Technology” (ticarət simvolu: MU), şəbəkə şirkətləri “Arista Networks” (ticarət simvolu: ANET) və “Vertiv Holdings” (ticarət simvolu: VRT) səhmləri 10%-ə yaxın dəyər itirmişdir.
“Broadcom” (ticarət simvolu: AVGO) şirkəti maliyyə ilinin dördüncü rübü üzrə maliyyə hesabatlarını açıqlamış, həm gəlir və səhm başına düşən mənfəət (EPS) göstəriciləri, həm də növbəti il üçün gözləntilər (guidance) üzrə proqnozları üstələmişdir. Lakin hesabatlardan sonra keçirilmiş video konfransda açıqlanmış satışlar investorları qane etməmiş, “Broadcom” səhmləri, həmçinin “Broadcom”-un tədarük zəncirinin bir parçası olan şirkətlər, o cümlədən "Celestica" (ticarət simvolu: CLS), “TTM Technologies” (ticarət simvolu: TTMI) və “Lumentum Holdings” (ticarət simvolu: LITE) şirkətlərinin səhmlərinin qiymətləri 10%-ə yaxın eniş göstərmişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Avropa mərkəzi bankının sədri Kristin Laqardın ötən həftəki çıxışına əsasən, mərkəzi bankın dekabrdakı makroiqtisadi proqnozlar hesabatında, 2026-cı il üçün ÜDM-nin böyüməsi göstəricisi təxminlərinin daha yuxarı olacağını, hal-hazırkı pul-kredit siyasətinin isə yerində olduğunu bildirmişdir. Bu da investorlar tərəfindən 18 dekabrda Avropa mərkəzi bankının faizləri indiki səviyyəsində saxlayacağı gözləntilərini artırmışdır. ABŞ-da isə mərkəzi bankın idarə heyətinin 10 dekabr görüşündə faizlərin endirməsi ilə iki iqtisadi bölgə arasındakı faiz dərəcəsi fərqi böyümüş, nəticə olaraq avro ABŞ dollarına qarşı dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Yaponiyanın istehsalçı qiymət indeksi (PPI) noyabrda aylıq miqyasda 0,3%, illik miqyasda isə 2,7% artmış, bu da proqnoz edilən səviyyələr ilə paralel olmuşdur.
Ötən həftə Yaponiya mərkəzi bankının idarə heyətinin sədri Kazuo Ueda uzunmüddətli dövlət istiqrazlarının faizləri həddən artıq yüksələrsə, mərkəzi bankın bazara müdaxilə edəcəyini və istiqraz alacağını bildirmişdir. Qeyd edək ki, ötən həftə Yaponiyanın 10 il tədavül müddətli dövlət istiqrazları 2008-dən bəri ən yüksək gəlirlilik səviyyəsinə çatmışdır. Nəticə etibarilə, mərkəzi bankın pul kütləsinin həcmini artıracağı ilə bağlı narahatlıqlar, Yaponiya yeninin qiymətinə mənfi təsir göstərmişdir. Lakin ABŞ mərkəzi bankının faiz endirimi etməsi, Yaponiya mərkəzi bankının isə faizləri artıracağı gözləntilərinin artması, Yaponiya yeninin dəyərini nisbətən geri qazanmasına səbəb olmuşdur.

ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Amerika Neft İnstitutunun (API) dərc etdiyi məlumata əsasən, 5 dekabr 2025-ci il tarixində bitən həftədə ABŞ-ın xam neft inventarları 4,8 milyon barel həcmində və ardıcıl 3-cü həftədir ki eniş göstərmişdir. Bununla da, ABŞ xam neft inventarlarının bu il üçün olan artışı sadəcə 121 min barel təşkil edir. Əlavə olaraq, ABŞ-ın Venezuelanın neft tankerini ələ keçirməsi, Venezuelanın neft ixracını yavaşlatmış, həmçinin Ukraynanın Rusiyanın Qara dənizdəki qüvvələrinə və neft emalı zavodlarına zərbələr endirməyə davam etməsi, geosiyasi risklərin yüksəldiyinə işarə etmişdir. Bunlara baxmayaraq, növbəti il üçün ekspertlərin neftin dünya bazarındakı təklifinin tələbi xeyli üstələcəyi gözləntiləri, neftin qiymətinin yüksəlməsinə mane olmuşdur.
Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin yanvar fyuçerslərinin qiyməti 4,39%, Brent markalı Avropa neftinin növbəti ilin fevral fyuçerslərinin qiyməti isə 4,13% azalmışdır.
Qızılın qiymətinin dinamikası
Ötən həftə 10 dekabrda keçirilmiş ABŞ mərkəzi bankının idarə heyətinin görüşündə faizlərin endirilməsi qərarı verilmişdir, bu da faiz gəliri qazandırmayan qızılın fürsət xərcini azaltmışdır.
Hindistandakı pensiya fondlarına ötən həftə qızıl birja ticarət fondlarına (ETF) investisiya edilməsinə icazə verilmişdir. Həmçinin, 2025-ci ilin üçüncü rübündə ölkədə qızıla investisiya məqsədli tələb həcm olaraq ötən ilə nəzərən 20%, dəyər olaraq isə ötən ilə nəzərən 67% artmışdır. Qeyd edək ki, 2025-ci ildə investisiya tələbi ümumi qızıl tələbinin 40%-ni təşkil etmişdir.
Bununla da, qızılın 2026-cı ilin fevral ayı üçün olan fyuçerslərinin qiyməti 2,01% artaraq 4 328,3 ABŞ dollarına çatmışdır.