KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
3 mart 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi rəqabətli hərrac formasında, 18 mart 2026-cı il tarixində həyata keçiriləcəkdir.
9 fevral 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “Legion Financial” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 600 min manat olan səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Səhmlərin yerləşdirilməsi 12 mart 2026-cı il tarixində yekunlaşmışdır.
ABŞ kapital bazarı
İstehlakçı qiymət indeksinin (CPI) illik miqyasda dəyişimi fevral ayında 2,4%, volatil qida və enerji qiymətləri istisna olunan baza istehlakçı qiymət indeksi (core CPI) isə 2,5% səviyyəsində sabit qalmışdır.
Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 7 mart tarixində bitən həftə üçün 213 min səviyyəsində qalmışdır. 28 fevralda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 21 min azalaraq 1,850 milyon nəfərə çatmışdır.
Miçiqan Universiteti tərəfindən keçirilən və ABŞ-da istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, həmçinin, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən ənənəvi sorğunun cari ilin mart ayı üzrə ilkin nəticəsi açıqlanmış, sorğunun nəticəsi 55,5 bənd təşkil etmişdir ki, bu da əvvəlki ay üzrə analoji göstəricidən 1,1 bənd az olsa da, proqnoz edilən göstəricini 0,7 bənd üstələmişdir. Göstəricidə əsas azalma şəxsi maliyyə ilə bağlı rəylərin pisləşməsindən irəli gəlmişdir. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir.
Geridə qoyduğumuz həftə ərzində ABŞ dövlət istiqrazlarının gəlirlilik əyrisinin demək olar ki, bütün nöqtələri üzrə gəlirlilikdə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,13 faiz bəndi artaraq 4,28% təşkil etmişdir.
Ötən həftə geosiyasi gərginliklər və yüksək neft qiymətlərinin yaradacağı inflyasiya ilə bağlı narahatlıqlar, fond bazarı indekslərinin səviyyəsini həftə ərzində aşağı salmışdır.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,60% azalmışdır ki, bu da artıq indeksin 3-cü ardıcıl həftədir ki, azaldığını bildirir. Dəyər artımı energetika (2,00%) və kommunal xidmətlər (0,47%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə maliyyə xidmətləri (3,32%), məişət malları və əhali üçün xidmətlər (3,13%) və sənaye istehsalı (3,11%) sektorunlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, “Space Exploration Technologies” şirkəti iyun ayında ilkin kütləvi yerləşdirmə (IPO) etmək fikrindədir və “NASDAQ” və “NYSE” birjalarının hansında listinq olunacağı barədə daxili müzakirələr davam edir. “NASDAQ” şirkəti, “SpaceX” kimi nəhəng özəl şirkətlərin cəlbi məqsədilə, onların “NASDAQ 100” indeksinə daxil olunmasını tezləşdirməyi düşünür (hal-hazırda şirkətlərin bu indeksə girməsi üçün səhmləri minimum 1 il ictimaiyyətə açıq olmalıdır, dəyişiklik isə bu müddəti 1 aya endirə bilər).
Oracle (ticarət simvolu: ORCL) və “Silver Lake” şirkətləri, “TikTok” sosial şəbəkəsinin ABŞ əməliyyatlarının satın alınmasındakı brokerlik xidmətinə görə ABŞ hökumətinə 10 milyard ABŞ dolları ödəyəcək. Qeyd edək ki, “TikTok”-un ABŞ əməliyyatlarının 80%-i bu iki şirkətə 14 milyard ABŞ dollarına satılmışdı. Əlavə olaraq, “Oracle”, 2026-cı maliyyə ilinin üçüncü rübü (fevrala qədərki 3 ay) üçün maliyyə hesabatlarını açıqlamış, illik miqyasda gəlirlər 84% artmışdır. Həmçinin, şirkətin kapital xərcləri 18,6 milyard ABŞ dollarına bərabər olmuşdur ki, bu da investor gözləntilərinin ortalaması olan 14 milyard ABŞ dollarından yüksək olmuşdur. Şirkətin icrası başa çatmamış öhdəliklərinin də 523 milyard ABŞ dollarından 553 milyarda artması, süni intellekt üçün tələb ilə bağlı investorların narahatlıqlarını səngitmiş, şirkətin səhmlərinin dəyəri hesabatlardan sonra 15% artmışdır.
“Yeni bulud” (“neocloud”) şirkəti “Nebius Group”-un (ticarət simvolu: NBIS) səhmləri “NVIDIA” (ticarət simvolu: NVDA) şirkəti ilə əməkdaşlıq razılaşmasını açıqladıqdan sonra 16%-ə yaxın artmışdır. Əməkdaşlıq çərçivəsində şirkətlər “Nebius”-un “full-stack” məlumat mərkəzləri infrastrukturunun həcmini artırmaq və “inference” proseslərini təkmilləşdirmək üçün birgə işləyəcək (“inference”, süni intellekt modellərinin təlimdən (“training”) sonra göstərdiyi gündəlik fəaliyyətdir). Əlavə olaraq, “NVIDIA” “Nebius” şirkətinə 2 milyard ABŞ dolları investisiya edəcək ki, bu da “Nebius”-un 2030-a qədər tikiləcək və 5 giqavat enerji sərfiyyatı olacaq məlumat mərkəzlərində “NVIDIA” sistemlərindən istifadə etməsini dəstəkləyəcək.
“Alphabet” (ticarət simvolu: GOOGL) şirkəti tarixinin ən böyük satınalmasını tamamlamış, 32 milyard ABŞ dollarına “Wiz” kibertəhlükəsizlik startapını satın almışdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Avropa Mərkəzi Bankının idarə heyətinin sədri Kristin Laqard, neft qiymətlərinin artdığı bu dövrdə inflyasiyanın cilovlanması üçün lazımi tədbirlərin görüləcəyini, neft qiymətlərinin iqtisadiyyata təsirinin əvvəlki illərdən daha az olduğunu vurğulamışdır. Lakin bu çıxış investorları qane etməmiş, EUR/USD məzənnəsi son 7 ayın ən aşağı həddinə enmişdir. ABŞ dollarının qlobal xam neft bazarındakı ticarətdə əsas yer tutması, dolların avro qarşısında yüksəlişinin əsas səbəbi olmuşdur.
USD/JPY məzənnəsinin dinamikası
Yaponiyanın istifadə etdiyi neftin 95%-nə yaxınını Yaxın Şərqdən idxal etməsi, bu neftin 70%-nin isə Hörmüz boğazından keçməsi, Yaponiyanın iqtisadi böyüməsi və inflyasiya ilə bağlı narahatlıqları gücləndirmişdir. Yaponiyanın Maliyyə Naziri Satsuki Katayamanın valyuta bazarına müdaxilə etmək üçün tam hazır olduğunu bildirməsi və hökumətin strateji neft ehtiyatlarının bir hissəsini istifadəyə buraxması da, investorların narahatlığını azaltmamış, ABŞ dolları Yaponiya yeni qarşısında son 20 ayın ən yuxarı səviyyəsinə yüksəlmişdir.

ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
ABŞ və İran arasında davam edən hərbi münaqişənin üçüncü həftəsində də neft qiymətləri sürətlə artmağa davam etmişdir. Həftənin çərşənbə günü neftin qlobal bazardakı təklifini artırmaq üçün Beynəlxalq Enerji Agentliyi üzvləri strateji xam neft ehtiyatlarından 400 milyon bareli satışa çıxarmağa razılıq vermişdir. Agentliyin mart ayı üçün olan hesabatında müharibənin neft hasilatını günlük 8 milyon barel, ümumilikdə isə 250 milyon barel azaltdığı qeyd olunmuşdur. Qiymət artımları, uçuşların ləğvi və iqtisadi qeyri-müəyyənlik isə illik tələb artımını 640 min barel azaltmışdır.
İranın Hörmüz boğazından keçən tankerləri vurmasının qarşısını almaq üçün ABŞ Prezidenti Donald Tramp hərbi gəmilərdən ibarət müşayiətçi koalisiya yaratmaq təklifi irəli sürmüş, lakin bu təklif ABŞ-ın müttəfiqləri tərəfindən soyuq qarşılanmışdır. İran, boğazdan keçən neftin ABŞ dolları əvəzinə Çin yuanı ilə alındığı təqdirdə təhlükəsizliyinə təminat verdiyini bildirmiş, ABŞ isə danışıqlarda mövqeyini gücləndirmək üçün İranın neft ixracının 90%-nin keçdiyi, Fars körfəzində yerləşən Xərq adasındakı hərbi hədəflərə zərbələr endirmişdir (neft terminalları və anbarların isə boğazın açılmadığı təqdirdə hədəf alınacağı bildirilmişdir).
Hörmüz boğazına alternativ olaraq, Səudiyyə Ərəbistanı neftinin üçdə ikisini neft kəmərləri vasitəsilə Qırmızı dənizə, Birləşmiş Ərəb Əmirlikləri isə ölkədə hasil olunan neftin yarısını oxşar şəkildə, boğazdan xaricdə yerləşən Əl-Füceyrə şəhərinə göndərir. Lakin İranın Əl-Füceyrə şəhərinə davamlı hücumları, Qətər, Küveyt və Bəhreyn üçün alternativ ticarət yolunun olmaması, və Yəməndə yerləşən və İranın müttəfiqi olan Husilər təşkilatının Qırmızı dənizdən keçəcək gəmilərə hücum edəcəyi ilə bağlı narahatlıqlar, neftin qiymətindəki geosiyasi risk premiumunun bu həftə də artmasına səbəb olmuşdur.
Nəticədə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 8,59%, Brent markalı Avropa neftinin may fyuçerslərinin qiyməti isə 11,27% artmışdır.
Qızılın qiymətinin dinamikası
Dünyada davam edən münaqişələrin yaratdığı geosiyasi və inflyasiya riskləri, qızıla olan tələbi yüksək saxlasa da, neftə olan tələbin kəskin artımı əsas ticarət valyutası olan ABŞ dollarının dəyərinin daha sürətlə artmasına gətirib çıxarmışdır. Nəticədə, qızılın 2026-cı ilin aprel ayı üçün olan fyuçerslərinin qiyməti 1,88% azalaraq 5061,7 ABŞ dollarına çatmışdır.