Çip istehsalçısı Nvidia-dan rekord gəlir

Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın bu ilin ikinci rübündə gəlirləri 13,51 milyard dollar təşkil edib. Şirkətin gəlirləri bazar gözləntilərini üstələyib.

Nvidia aprel-iyun dövrü üzrə balans hesabatını dərc edib.

Şirkətin bu ilin ikinci rübündəki gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 101% artımla rekord səviyyəyə çataraq 13,51 milyard dollar təşkil edib. Nvidia, 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar gəlirlər əldə etmişdi.

Şirkətin bu dövrdəki gəlirləri 11,22 milyard dollarlıq bazar gözləntilərini aşıb. Nvidia üçüncü rüb üçün gəlir proqnozunu 16 milyard dollar olaraq açıqlayıb.


Bu dövrdə Nvidia-nın xalis mənfəəti rüblük müqayisədə 203 faiz, illik müqayisədə isə 9,5 dəfə artaraq təxminən 6,2 milyard dollar təşkil edib. Nvidia 2022-ci ilin eyni rübündə 656 milyon dollar xalis mənfəət əldə etmişdi.


2022-ci ilin ikinci rübündə Şirkətin səhmbaşına 0,26 dollar olan dividendi,  bu ilin eyni dövründə 2,48 dollara yüksəlib.


Açıqlamada Nvidia-nın Baş direktoru Jensen Huang, yeni kompüter dövrünün başladığını qeyd edərək, "Dünyadakı şirkətlər ümumi təyinatlı kompüterlərdən sürətləndirilmiş proseslərə və məhsuldar süni intellektə keçirlər",- deyib.


Nvidia-nın bazar dəyəri may ayında süni intellekt çiplərinə artan tələbin təsiri ilə 1 trilyon dollara çatıb.


Şirkətin səhmlərinin bahalaşması digər çip istehsalçılarının və süni intellekt proqramlarını inkişaf etdirən şirkətlərin də səhmlərinin dəyər qazanmasına kömək edib.