KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
7 may 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 18 investor iştirak etmiş və tələb təklifdən 19% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,3989% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 25,80% hissəsi daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,2019% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,3127 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 14 may 2024-cü il tarixində dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq dövlət istiqrazların tədavül müddəti 3 il, ümumi həcmi isə 90 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
8 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Effektinvest” MMC-nin illik faiz dərəcəsi 14%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir və yerləşdirilmənin başlanmasına 2 gün qalmış hərracın baş tutacağı tarix Bakı Fond Birjasının internet səhifəsində investorlara açıqlanacaqdır.
10 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin illik faiz dərəcəsi 12%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan istiqrazları standart bazar seqmqntində listinqə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir və yerləşdirilmənin başlanmasına 2 gün qalmış hərracın baş tutacağı tarix Bakı Fond Birjasının internet səhifəsində investorlara açıqlanacaqdır.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da işsizlik üzrə həftəlik hesabat açıqlanmışdır. Hesabata əsasən işsizlik müavinəti üçün müraciətlərin sayı 231 min olmuşdur ki, bu da ötən ilin avqust ayından bəri ən yüksək göstərici olmuşdur. Qeyd edək ki, bu göstərici son bir neçə ayın ən yüksək göstəricisi olmaqla yanaşı, gözləntilərdən 19 min müraciət daha artıq olmuşdur.
Həftə ərzində işsizlik ilə yanaşı həmçinin istehlakçıların iqtisadi artım və inflyasiya üzrə gözləntilərinə dair növbəti sorğunun nəticələri açıqlanmışdır. Sorğu nəticələrinə əsasən ABŞ-da istehlakçılar iqtisadi artım templərinin növbəti aylarda daha zəif olmasını, inflyasiyanın isə bir qədər sürətlənəcəyini gözləyirlər. Belə ki, istehlakçılar bu ilin sonuna qədər inflyasiyanın 3,5% səviyyəsində qalacağını, uzunmüddətli inflyasiyanın isə 3,1% olacağını proqnozlaşdırırlar ki, bu da ABŞ mərkəzi bankının inflyasiya üzrə hədəf göstəricisindən (2%) müvafiq olaraq 1,5 və 1,1 faiz bəndi yüksəkdir. İşsizliyin artması fonunda cari inflyasiyanın və inflyasiya gözləntilərinin yüksək qalması ABŞ iqtisadiyyatında staqflyasiya əlamətlərinin üzə çıxmasına zəmin yaratmışdır. Bu şəraitdə faiz dərəcələrinin cari ilin sentyabr ayına qədər endirilməsi ehtimalı azalmışdır. Faiz dərəcələrinin cari səviyyədə daha uzun müddət qalması gözləntilərinin artmasına baxmayaraq ABŞ dövlət istiqrazlarının gəlirlilik əyrisində ciddi dəyişiklik müşahidə edilməmişdir.
ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 1,85% artım nümayiş etdirmişdir. Artım indeksi təşkil edən bütün sektorlarının şirkətlərinin səhmlərində qeydə alınmışdır. Ən böyük irəliləyiş kommunal xidmətlər (4,18%), maliyyə xidmətləri (3,08%), mədənçıxarma və xammal sənayəsini (2,58%) təmsil edən şirkətlərin səhmlərinin qiymətində olmuşdur. Səhm bazarında həftənin ən nəzərə çarpan qiymət dəyişikliyi Walt Disney şirkətinin səhmlərində (ticarət simvolu: DIS) baş vermişdir. Şirkətin açıqladığı 22,1 milyard ABŞ dolları olan rüblük gəliri analitiklərin gözlədiyi 20,53 milyard ABŞ dollarından çox olsa da, şirkət onlayn video biznesinin artım templərində zəifləmə olduğunu bəyan etmişdir. Bu xəbər fonunda şirkətin səhmlərinin dəyəri 9,5% azalmışdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Son həftənin ilk günlərində ABŞ dollarının avroya qarşı dəyər qazanmasına baxmayaraq, həftənin sonuna doğru ABŞ-da açıqlanan işsizlik göstəricisi üzrə rəqəmlər ABŞ dollarının avroya qarşı dəyər itirməsi tendesiyasına təkan vermişdir. Lakin ABŞ mərkəzi bankının rəsmilərinin uçot faiz dərəcəsinin azaldılacağı barədə təmkinli açıqlamaları, həmçinin, valyuta bazarı iştirakçılarının da ABŞ mərkəzi bankının son dönəm faiz dərəcəsi dəyişikliyi barədə izlədiyi kifayət qədər ehtiyyatlı davranışı həftənin son gününə ABŞ dollarının avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur. Nəticə olaraq sözügedən valyuta cütlüyünün dinamikasında əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftə Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirmişdir. ABŞ-da ötən həftə açıqlanan makroiqtisadı göstrəricilərin əks etdirdiyi kimi, istehlakçıların ABŞ-da inflyasiyanın dinamkisanında narahatçılığına işarə etmişdir. Bu isə öz növbəsində ABŞ mərkəzi bankının veriləcək uçot faiz dərəcəsi azaltma qərarı vaxtı baxımdan ehtiyyatlı davranmağa təsir etmişdir. Əks tərəfdən isə, bir həftə əvvəlki valyuta bazarı müdaxiləsinə baxmayaraq, Yaponiya mərkəzi bankının hərəkətsizliyi müşahidə edilmişdir. Nəticə olaraq, Yaponiya yeni ABŞ dollarına nisbətdə yenidən dəyər itimə dinamikasına keçmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
İraq və BƏƏ-nin OPEK ilə razılaşdırılmış kvotalarından artıq neft çıxarmağa davam etməkdədir. Həmçinin aprel ayı üzrə Rusiya OPEK+ ilə anlaşdığından gündəlik 300 min barel daha çöx neft istehsal etmişdir. ABŞ-da son həftə açıqlanan makroiqtisadi göstərici isə istehlakçıların xərcləmək və səyahət etmək niyyətlərində mənfi dinamikanın müşahidə edildiyinə işarə etmişdir. Bu amillər qara qızılın qiymətinin aşağı enməsinə təsir göstərməkdədir. Digər tərəfdən isə vacib neft arteriyalarının keçdiyi Yaxın Şərqdəki geosiyasi vəziyyət yenidən gərginləşməkdədir. Əlavə olaraq isə açıq okeanda tankerlərdə mövcud olan neftin həcmi may ayının əvvəlinə 14% azalaraq 57,56 milyon barel təşkil etmişdir. Qeyd olunan son iki amil neftin dəyər qazanmasına təsir edəcək amillərdir.
Nəticə olaraq neftin qiyməti son həftə nisbətən stabil qalmışdır. Belə ki, WTI markalı Amerika xam neftinin iyun fyuçerslərinin qiyməti həftəlik 0,19% artmış, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 0,21% azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 2,88% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 375 ABŞ dolları etmişdir. ABŞ-da açıqlanmış işsizlik ilə bağlı makroiqtisadi xəbərlər əmək bazarı dinamikasında səngimənin olduğuna işarə etmişdir. Bu isə investorlar tərəfindən faiz dərəcəsinin yaxın gələcəkdə endirləcəyi inamını artırmaqdadır. Bu hal, qızılın qiymətinin artmasına müsbət təsir edir. Əks tərəfdən isə, ABŞ-da istehlakçıların mövcud inflyasiya rəqəmlərinin heç də arzu olunan azalma meyliliyində olmaması düçüncəsi ABŞ dollarının ucuzlaşmasına, dolayısı ilə də qızılın dəyərinin azalmasına təyziq göstərir. Ümumilikdə, qızılın qiyməti son həftə nisbətən stabil qalmışdır. Görünən odur ki, investorlar daha çox gözləmə mövqelərindədirlər, və önümüzdəki həftə ABŞ-da açıqlanacaq vacib makroiqtisadi göstəricilərə əsasən (istehlak qiymətləri, istehsal qiymətləri indeksləri, pərakəndə satış rəqəmləri) hərərkət etmək niyyətindədirlər.