Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 10 iyun – 21 iyun 2024

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 28 investor iştirak etmiş və tələb təklifdən 116% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,23% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (54%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,9869% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,28 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 25 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat təşkil edəcəkdir.



Korporativ qiymətli kağızlar

11 iyun 2024-cü il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əlavə buraxılan səhmləri Bakı Fond Birjasında “premium bazar” seqmentində listinqə daxil edilmişdir. Səhmlərin sayı 322 milyon ədəd, ilkin təklif qiyməti 0,27 manat təşkil edir. Səhmlərin yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının müddəti 11 iyun – 10 sentyabr 2024-cü il tarix aralıqlarını əhatə edir. Səhmlərin bir investor üçün minimum alış həcmi 100 ədəd, maksimum alış həcmi isə 75 min ədəd təşkil edir. Abunə yazılışı başa çatdıqdan sonra səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcəkdir. Abunə yazılışı başa çatdıqdan 2 iş günü ərzində yerləşdirmənin keçirilmə vaxtı ictimaiyyətə açıqlanacaq və abunə yazılışı bitəndən 5 iş günü ərzində yerləşdirmə başlanacaqdır. Abunə yazılışı üzrə yerləşdirmə müddəti maksimum 7 iş günü təşkil edir. ABB səhmlərinin buraxılışı və yerləşdirilməsi üzrə anderrsayter xidmətləri ABB-İnvest İnvest İnvestisiya Şirkəti QSC tərəfindən həyata keçirilir.


“Kapital Bank”  ASC-nin “premium bazar” seqmentində listinqə daxil edilmiş illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 il, nominal dəyəri 100 manat olan təmin edilməmiş istiqrazlarının abunə yazılışı üsulu ilə keçirilən yerləşdirillrməsi 10 iyun 2024-cü il tarixində yekunlaşmışdır. Hərracda 42 investor iştirak etmişdir. İstiqrazların yerləşdirilmiş həcmi nominal dəyəri ilə 50 milyon manat təşkil etmişdir. Həmçinin, 11 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları, illik faiz dərəcəsi 7%, nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 7 il olan təmin edilməmiş subordinasiya edilmiş istiqrazları Bakı Fond Birjasında “premium bazar” seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi 24 iyun 2024-cü il tarixində keçiriləcəkdir. Əlavə olaraq, 13 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin buraxılış həcmi 50 milyon manat, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 il olan təmin edilməmiş istiqrazları Bakı Fond Birjasında “premium bazar” seqmentində listinqə daxil edilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi abunə üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 25 iyun 2024-cü il tarixinə kimi davam edəcəkdir. İstiqrazlar üzrə yerləşdirmə 27 iyun 2024-cü il tarixində baş tutacaqdır.


“Express Lombard”  ASC-nin “standart bazar” seqmentində şərti-listinqə daxil edilmiş səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 11 iyun 2024-cü il tarixində yekunlaşmışdır. Hərracda 3 investor iştirak etmişdir. Səhmlərin ilkin təklif qiyməti 200 manat, yerləşdirilmiş həcmi isə 996 min manat təşkil etmişdir.


14 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında “ACCESSBANK” QSC-nin nominal dəyəri 1 000 ABŞ dolları, illik faiz dərəcəsi 6%, buraxılış həcmi 2,5 milyon ABŞ dolları, tədavül müddəti 18 ay olan təmin edilməmiş istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 2 investor iştirak etmişdir. Kəsmə və ortaölçülü gəlirlilik 6% təşkil etmişdir. İstiqrazların reallaşdırılmış həcmi 2,5 milyon ABŞ dolları təşkil etmişdir. Əlavə olaraq, 20 iyun 2024-cü il tarixində “ACCESSBANK” QSC-nin buraxılış həcmi 5 milyon manat, nominal dəyəri 1 000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 18 ay olan təmin edilməmiş istiqrazları Bakı Fond Birjasında “standart bazar” seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

ABŞ kapital bazarı


Son iki həftədə ABŞ-da açıqlanmış işsizlik üzrə həftəlik hesabata əsasən işsizlik müavinəti üçün ilk dəfə müraciət edən vətəndaşların sayı proqnozlaşdırılan saydan 20 min, iki həftə öncəsinə olan saya nisbətdə isə 9 min artmışdır. Parallel olaraq açıqlanmış bir başqa makroiqtisadi göstərici olan may ayı üçün istehlak qiymətləri indeksi (CPI) əvvəlki ayın göstərcicsindən 0,3%, proqnozlaşdırılan göstəricisən isə 0,1% az olmaqla aylıq 0% təşkil etmişdir. Həmçinin, illik istehlak qiymətləri indeksi may üçün 3,4% olmuşdur ki, bu göstərci də ötən ilin may ayı üçün olan göstərici ilə eyni olmaqla proqnozlaşdırılan göstəricidən 0,1% azdır. Əlavə olaraq, açıqlanmış pərakəndə satış hesabatına əsasən may ayı üçün ABŞ iqtisadiyyatında pərəkəndə satış dinamikası ötən aya nisbətda 0,3 faiz bəndi artaraq 0,1% artım göstərsə də, proqnozlaşdırılandan 0,2% artımdan az  olmuşdur. Bir digər maraq kəsb edən açıqlanmış makroiqtisadi göstərici istehsal qiymətləri indeksi (PPI) olmuşdur. Belə ki, may ayı üçün bu göstərici proqnozlaşdırlan 0,1% və əvvəlki aya olan 0,5% artım göstəricilərindən tutarlı qədər az olmaqla -0,2% təşkil etmişdir. Yuxarıda qeyd olunan makroiqtisadi göstəricilər, ələxsus istehlakçı (CPI) və istehsalçı (PPI) tərəfindən sərgilənən qiymət dinamikası ABŞ-da inflyasiyanın səngiməsində müsbət siqnal kimi qarşılanır və ABŞ mərkəzi bankının inflyasiya göstəricisini planlaşdırdığı həddə (2%) azaltmaq üçün həyata keçirdiyi pul siyasətinin heç də uğursuz olmadığına işarə edir.


Digər tərəfdən ABŞ mərkəzi bankının açıqlamasına əsasən ABŞ-da sənaye istehsalı may ayında 0,9% artmışdır ki, bu da ötən ilin noyabr ayından bəri ən yüksək göstərici olmaqla proqnozlaşdırılandan çox olmuşdur. Həmçinin, açıqlanmış iyun ayı üçün olan istehsalat və xidmət sektorundakı aktivliyi bildirən makroiqtisadi ilkin göstərici (PMI) ötən aya nisbətən 0,3 bənd, proqnozlaşdırılan göstəriciyə nisbətdə isə 0,7 bənd çox olmaqla 51,7 bənd təşkil etmişdir. Qeyd edək ki, 50 bəndən yuxarı göstərici iqtisadiyyatda artımı bildirir. Beləliklə, son dönəm azalan qiymət artımı və iş bazarı fonunda bəzi ekspertlər tərəfindən səsləndirilən ABŞ iqtisadiyyatının staqflyasiya ilə üzləşəcəyi ehtimallarının tutarlı əsası olmadığı aşkarlannmışdır.


ABŞ mərkəzi bankının iyun ayındakı görüşündə uçot faiz dərəcəsini hazırkı həddə saxlamışdır. Digər tərəfdən, ABŞ mərkəzi bank rəsmiləri ilin sonunadək mövcud makroiqtisadi dinamikanın davam etməsi şəraitində uçot faiz dərəcəsini azaldacağına işarə etmişdirlər. Qeyd olunan makroiqtisadi göstəricilər fonundan son iki həftədə ABŞ dövlət istiqrazlarının gəlirlilik faizlərində cüzi azalma müşahidə edilmişdir.



Son iki həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 2,20% artım nümayiş etdirmişdir. Ən çox artım elektronika sənayesi və İKT (5,94%), məişət malları və əhali üçün xidmətlər (2,79%) və tikinti və daşınmaz əmlak (1,34%) sektorunu təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Ən çox dəyər itkisi isə kommunal xidmətlər (0,79%), energetika (0,27%) maliyyə xidmətləri (0,36%) sektorunu təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.



Qeyd edək ki, “möhtəşəm yeddiliyi” təşkil edən şirkətlərin hamısnın səhmləri son iki həftədə dəyər qazanmışdır.



VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Son iki həftəlik dövrün əvvəllərində ABŞ açıqlanmış makroiqtisadi göstəricilərin (istehlak qiyməti indeksi və iş bazarı hesabatı) inflyasiyanın səngiməsinin təsiri baxımdan proqnozlaşdırılandan da müsbət açıqlanması ABŞ mərkəzi bankının görüşü ərəfəsində uçot faiz dərəcəsinin azaldılacağı ehtimallarının artmasına təsir edərək ABŞ dollarının avroya nisbətdə dəyər itirməsinə səbəb olmuşdur. Lakin, ABŞ mərkəzi bankının mövcud uçot faiz dərəcəsini saxlaması və ümumilikdə uçot faiz dərəcəsini azaltmaq vaxtına təmkinli yanaşması, habelə ABŞ-da açıqlanan digər makroiqtisadi göstəricilərə əsasən ABŞ iqtisadiyyatının artımda olması son iki həftəlik dövrdə ABŞ dollarının yenidən avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası


Ötən iki həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər itirməyə davam etmişdir. ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmaqda tələsməməyi, həmçinin Yaponiya mərkəzi bankı rəsmilərinin ara sıra verdikləri bəyanatlardan başqa valyuta bazarına real müdaxilə etməməkləri Yaponiya yeninin dəyər itiməsinin əsas səbəbləridir.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası

ABŞ-da açıqlanmış istehsalat və xidmət sektorundakı aktivliyi bildirən makroiqtisadi göstəricinin (PMI) proqnozlaşdırılandan artıq olması, və bu göstərici fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmaqda daha təmkinli davranması, ABŞ iqtisadiyyatında yüksək faiz dərəcələrinin gözləniləndən daha uzun müddət davam edəcəyinə işarə etmişdir. Qeyd edək ki, yüksək faiz dərəcələri iqtisadi aktivliyə mənfi təsir etməklə bərabər neftə olan tələbatın da zəifləməsinə səbəb olur. Lakin, Yaxın Şərqdəki münaqişənin yenidən alovlanması və vacib neft daşınma dəhlizi olan Qırmızı dənizdə tankerlərə yaranan təhlükə neftin qiymətinə müsbət təsir etmişdir. Həmçinin yay fəslinin gəlməsi ilə dünyada səyahətə çıxan insanların sayının artımı fonunda neftə olan tələbat da artmışdır. Belə ki, “JPMorgan”-ın hesabatına əsasən iyun ayında gündəlik neft tələbatında 1,4 milyon barel artm müşahidə edilmişdir. Nəticə olaraq,  WTI markalı Amerika xam neftinin iyul fyuçerslərinin qiyməti həftəlik (8,79%), Brent markalı Avropa neftinin avqust fyuçerslərinin qiyməti isə (7,06%) artmışdır.

Qızıl qiymətlərinin dinamikası


Ötən iki həftədə qızılın iyun fyuçerslərinin qiyməti 0,49% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 316,40 ABŞ dolları təşkil etmişdir. ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmağa təmkinli yanaşması ABŞ-da yüksək faiz dərəcələrinin gözləniləndən daha uzun müddət müşahidə ediləcəyinə əsas vermişdir. Bu hal “faiz gəliri gətirməyən” investisiya aləti olan qızılın qiymətinə mənfi təsir etmişdir. Həmçinin, son iki həftədə ümumilikdə dünyadakı geosiyasi vəziyyətin gərginləşməsi də investorlar tərəfindən “təhlükəsiz” investisiya kimi qəbul edilən qızıla olan tələbatın yüksək səviyyədə qalmasına səbəb olmuşdur.