Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 15 iyul – 19 iyul 2024

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


16 iyul 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 15 investor iştirak etmiş və tələb təklifdən 133% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,2% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (57%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,057% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,4682 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 23 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 70 milyon manat təşkil edəcəkdir.



 

Korporativ qiymətli kağızlar


16 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Finans Kredit” MMC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 200 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə  2 il olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 1 investor iştirak etmişdir və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


17 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “Level Leasing”  ASC-nin adi səhmlərinin abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılışında 4 investor iştirak etmişdir və səhmlər 50 min manat həcmdə nominal qiymətlə olan tam  yerləşdirilmişdir.


ABŞ kapital bazarı


Ötən həftə ABŞ-da nisbətən sakit makroiqtisadi təqvim olmuşdur. Buna baxmayaraq açıqlanmış bir sıra makroiqtisadi göstəricilər maraq kəsb etmişdir. Bu göstəricilərdən biri ABŞ iqtisadiyyatındakı yanacaq və avtomobil sahələri xaric aylıq pərakəndə satış dinamikası olmuşdur. Belə ki, qeyd olunan satışlarda iyun ayı üzrə 0,9% artım muşahidə edilmişdir ki, bu da proqnozlaşdırılan artımdan 0,7 faiz bəndi, may ayının artımından isə 0,5 faiz bəndi çox olmuşdur. Həmçinin, ABŞ mərkəzi bankının açıqladığı göstəriciyə əsasən ABŞ-da iyun ayı üzrə aylıq sənaye istehsalında 0,6% artım olmuşdur ki, bu göstərici də proqnozlşdırılandan 0,3 faiz bəndi çox olsa da, may ayının göstəricisindən 0,3 faiz bəndi az olmuşdur. Digər tərəfdən isə açıqlanan göstəricilərə əsasən ABŞ əmək bazarında səngimə davam etməkdədir. Belə ki, ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı həftəlik 20 min artaraq 243 min təşkil etmişdir ki, bu da son 9 ayın ən yüksək həftəlik göstəricisidir. Həftənin bir başqa maraqlı hadisəsi ABŞ mərkəzi bankının rəhbərinin çıxışı olmuşdur. Çıxışın məzmununa əsasən ABŞ mərkəzi bankı ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin azaldığını qəbul etməkdədir və “qiymət artımı və iqtisadi inkişafın məqbul balansının yarandığını” müşahidə edir. Ümumilikdə həftə ərzində ABŞ dövlət istiqrazlarının gəlirliliklərində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.



Qeyd edək ki, gələn həftə bir sıra əhəmiyyətli makroiqtisadi göstəricilər açıqlanacaq. ABŞ mərkəzi bankının ən çox üstünlük verdiyi inflyasiya göstəricisi (Core PCE -  enerji və qıda malları xaric şəxsi istehlak xərcləri indeksi) ekspertlər tərəfindən aylıq 0.1% artacağı proqnozlaşdırılır. Ekspertlərin bir başqa proqnozuna əsasən gələn həftə açıqlanacaq ABŞ istehlakçılarının fərdi gəlir və xərcləri göstəricisində iyun ayı üzrə müvafiq olaraq 0,4% 0,3% artım müşahidə olunacağı gözlənilir. Gələn həftə, həmçinin, ABŞ iqtisadiyyatının ÜDM-nin rüblük dinamikası açıqlanacaqdır. Ekspertlərə əsasən dünyanın ən böyük iqtisadiyyatının ÜDM-nin cari ilin ikinci rübündə artımı 1,9% təşkil edəcəkdir.


Son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 1,97% azalma nümayiş etdirmişdir. Ən çox dəyər itirən elektronika sənayesi və İKT  (5,48%), məişət malları və əhali üçün xidmətlər (1,92%) və kommunal xidmətlər (1,57%)  sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşlar. Ən çox dəyər qazanan isə tikinti və daşınmaz əmlak (1,30%) maliyyə xidsektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində müşahidə edilmişdir. Ümumilikdə, ABŞ iqtisadiyyatındakı istehlak qiymətlərinin dinamikasında səngimə səhm bazarına müsbət təsir etmişdir. Elektonika və İKT sektorunun səhmlərinə mənfi təsir edən əsas xəbər ABŞ dövlət rəsmilərinin yarımkeçirici istehsal edən şirkətlərin Çin ilə yüksək texnologiyalar üzrə əməkdaşlıqlarını davam etdirəcəyi təqdirdə onların məhsullarının ixracına qarşı tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıqları olmuşdur.



Gələn həftə ABŞ-da bir çox şirkətin rüblük maliyyə hesabatlarının açıqlanacağı gözlənilir. Ekspertlər Tesla şirkətinin (ticarət simvolu:TSLA) maliyyə göstəricilərinin bundan əvvəlki rüblə müqayisədə daha yüksək olacağını təxmin edirlər. Həmçinin, ekspertlər Alphabet (ticarət simvolu:GOOG) şirkətinin də maliyyə göstəricilərinin keçən ilin müvafiq rübündəki göstəricidən daha yuxarı olacağını gözləyirlər.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə içi ABŞ dolları avroya qarşı dəyər itirməsinə baxmayaraq həftənin sonuna doğru yenidən dəyər qazanmışdır. Nəticə olaraq, həftənin sonuna ABŞ dollarının avroya nisbətdə cuzi dəyər qazanmışdır. Avropa Mərkəzi Bankı nümayəndələri rəsmi çıxışlarında Avrozonada inflyasiya təzyiqlərinin hələ də yüksək olduğunu və hədəflədikləri inflyasiya dərəcəsinə gələn ilin sonuna kimi nail olmağın çətin olduğunu vurğulamışlardır. Digər tərəfdən ABŞ mərkəzi bankının ABŞ iqtisadiyyatındakı qiymət artımı dinamikasının gözlənilən tempdə olmasına işarə etməsi, habelə ABŞ-dakı sənaye istehsalındakı artımın proqnozlaşdırılandan yüksək olması ABŞ dollarının avroya qarşı son həftə dəyər qazanmasına səbəb olmuşdur.




USD/JPY məzənnəsinin dinamikası


Son həftə  ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda ABŞ mərkəzi bankının rəsmilərinin çıxışlarında ABŞ iqtisadiyyatındakı qiymət artımı təzyiqlərinin səngiməsini bildirməsi ekspertlər tərəfindən ABŞ mərkəzi bankı tərəfindən cari il ərzində uçot faiz dərəcəsini iki dəfə azaldacağı ehtimallarını gücləndirmişdir. Digər tərəfdən isə Yaponiyada açıqlanmış enerji və qıda malları xərcləri xaric istehlak qiymətləri indeksinin (CPI) proqnozlaşdırılan göstəricidən daha yüksək olması Yaponiya mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini yenidən artıracağı ehtimallarını yüksəltmişdir. Yaxın zamanda iki ölkənin mərkəzi banklarının pul siyasətindəki fərqlərin azalacağı ehtimalları Yaponiya yeninin ötən həftə ABŞ dollarına qarşı dəyər qazanmasına səbəb olmuşdur.


ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası

Ötən həftə ABŞ dollarının nisbətən güclənməsi neftin qiymətinə  mənfi təsir etmişdir. Əlavə olaraq, dünyanın iki ən böyük neft istehlakçısı olan Çinin ÜDM-nin proqnozlaşdırılan göstəricinin altında qalması və neft idxalınındakı azalma neftin qiymətinin azalmasına səbəb olan faktorlardan olmuşdur. Nəticə olaraq,  WTI markalı Amerika xam neftinin avqust fyuçerslərinin qiyməti həftəlik (2,53%), Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə (2,82%) azalmışdır.

 


Qızıl qiymətlərinin dinamikası


ABŞ-da açıqlanmış makroiqtisadi gösrtəricilər inflyasiya təzyiqllərinin səngiməsinə işarə etmişdir, və ABŞ mərkəzi bankının faiz dərəcələrini azaltmağa başlamasına tutarlı zəmin yaratmışdır. Faiz dərəcələrinin enməsi ehtimallarınn artması qızılın qiymətinə müsbət təsir etmişdir. Belə ki, qızılın iyul fyuçerslərinin qiyməti ötən həftənin cümə gününə kimi artmağa davam etmişdir. Lakin, dünyanın ən böyük qızıl istehlakçısı olan Çinin iqtisadi artım tempinin proqnozlaşdırılandan az açıqlanması, qızılın qiymətinə neqativ təsir etmişdir.  Ümumilikdə, ötən həftədə qızılın iyul fyuçerslərinin qiyməti 0,77% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 395,50 ABŞ dolları təşkil etmişdir.