KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
21 may 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 17 investor iştirak etmiş və tələb təklifdən 43% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,98% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 41% hissəsi daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,5888% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,5227 faiz bəndi çox olmuşdur.
Korporativ qiymətli kağızlar
20 və 23 may 2024-cü il tarixlərində Bakı Fond Birjasında “GL” ASC-nin illik faiz dərəcəsi 12%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. 20 may 2024-cü il tarixində baş tutmuş hərracda 2 investor iştirak etmiş, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 250 min manat təşkil etmişdir. 23 may 2024-cü il tarixində baş tutmuş hərracda isə 1 investor iştirak etmiş, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 100 min manat təşkil etmişdir.
21 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” ASC-nin sayı 13 min ədəd, ilkin təklif qiyməti 100 manat olan səhmləri “standart bazar” listinq seqmentinə daxil edilmişdir. Səhmlərin yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 27 may 2024-cü il tarixinə qədər davam edəcəkdir. Həmçinin, 21 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” ASC-nin illik faiz dərəcəsi 15%, nominal dəyəri 1 000 manat, ümumi həcmi nominal dəyər ilə 1 milyon manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazları “standart bazar” listinq seqmentinə daxil edilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi abunə yazılışa üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlamasına ən az bir gün qalmış abunə yazılışının baş tutacağı tarix Bakı Fond Birjasının internet səhifəsində açıqlanacaqdır.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da açıqlanan istehsalat və xidmət sektorundakı aktivliyi bildirən makroiqtisadi göstərici (PMI – Purchasing Managers Index) proqnozları bir bənd üstələyərək 50,9 təşkil etmişdir. Xatırladaq ki, cari ilin mart ayı üçün qeyd olunan indeks 50 səviyyəsində qeydə alınmışdır. Cari ilin aprel ayında xidmət sektorundakı aktivliyin artması indeksin irəliləməsinə təkan verən əsas faktor olmuşdur. Belə ki, sözügedən sektorun aktivlik göstəricisi ötən 2023-cü ilin may ayından bəri ən yüksək həddə olduğu müşahidə edilmişdir. Həmçinin, açıqlanan həftəlik işsizlik müavinətinə müraciət saylarında azalma qeyd edilmişdir. Belə ki, müraciət sayları proqnozlaşdırılandan 5 min, ötən həftənin göstərcisindən isə 8 min az olmuşdur.
Həftə ərzində ABŞ üzrə açıqlanmış digər bir makroiqtisadi gözləntiləri əhəmiyyətli dərəcədə üstələyərək investorlar tərəfindən müsbət qarşılanmışdır. Belə ki, məişət malları və avadanlıq təchizatı üzrə sifarişlərin həcminin cari ilin aprel ayında əvvəlki ay ilə müqayisədə 0,8% azalması gözlənildiyi halda, 0,7% artdığı bildirilmişdir. Qeyd olunan makroiqtisadi göstəricilər ABŞ iqtisadiyyatında aktivliyin heç də səngiməyə meyl göstərmədiyinə işarə etməkdədir. Əlavə olaraq, ayın əvvəlində baş tutmuş ABŞ mərkəzi bankının iclasının açıqlanmış protokoluna istinadən bazar iştirakçılarında ABŞ mərkəzi bankının rəsmilərinin uçot faiz dərəcəsini azaltma barədə hazırda qərarsız olduğu fikri formalaşmışdır. Nəticə etibarı ilə, ekspertlərin ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini endirəcəyi gözləntiləri 66%-dən 50%-ə enmişdir. Bazar iştirakçılarının yüksək faiz dərəcələrinin daha uzun müddət mövcud olacağı fikir konsensusu fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyində ötən həftə cüzi artım olmuşdur.
Son həftə ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində cüzi (0,03%) artım nümayiş etdirmişdir. İndeksi təşkil edən rabitə xidmətləri (0,41%) və elektronika sənayesi və İKT sektorlarının (1,59%) təmsil edən şirkətlərin səhmlərinin dəyərində artım müşahidə edilmişdir. Digər sektorları təmsil edən şirkətlərin səhmləri isə dəyər itirmişdir. Ən çox ucuzlaşma energetika (3,79%) və tikinti və daşınmaz əmlak sahəsini (3,64%) təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.
Səhm bazarında həftənin ən vacib hadisəsi NVIDIA şirkətinin (ticarət simvolu: NVDA) 2024-cü ilin ilk rübünə olan maliyyə hesabatlarının açıqlanması olmuşdur. Şirkətin açıqlanan rüblük gəliri 24,65 milyard ABŞ dolları təşkil etmişdir ki, bu göstərici də proqnozlaşdırılan göstəricidən 1,39 milyard ABŞ dolları çox olmuşdur. Əlavə olaraq, şirkət 07.06.2024-cü il tarixində dövriyyədə olan səhmlərin 1:10 nisbətində xırdalanmasını və xırdalanmış hər səhmə düşən dividendin həcmini 150% artıraraq 1 ABŞ dollarına çatdıracağını elan etmişdir. Bu xəbərlər fonunda şirkətin səhmlərinin dəyərində həftə ərzində 15,13% artım müşahidə edilmişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər ABŞ iqtisadiyyatında biznes aktivliyin artdığına işarə etmişdir. ABŞ mərkəzi bankının mövcud iqtisadi şəraitdə uçot faiz dərəcəsinə dəyişiklik etmək tarixi barədə qərarsızlığı həftə ərzində ABŞ dollarının avroya qarşı dəyər qazanma dinamikasına keçməsinə təsir etmişdir. Lakin, üzümüzə gələn həftə istər Avropada istərsə da ABŞ-da açıqlanılacaq vacib makroiqtisadi xəbərlər gözləntisi fonunda məzənnə həftə sonuna stabilləşmişdir. Nəticə olaraq ABŞ dolları həftənin sonuna avroya qarşı cüzi dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftənin ilk günlərdə Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirməyə başlasa da həftə ərzində Yaponiya rəsmi bankının rəsmilərinin çıxışları fonunda yenin ABŞ dollarına qarşı ucuzlaşma dinamikası nisbətən səngimişdir. Buna baxmayaraq Yaponiya mərkəzi bankının qərarsız davranışı xarici valyuta bazarındakl spekulyativ iştirakçıların aktivliyi ilə bərabər Yaponiya yeninin həftə sonu ABŞ dollarına əvvəlki həftəyə nisbəttə dəyər itiməsinə səbəb olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Son həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər fonunda ABŞ mərkəzi bank rəsmilərinin uçot faiz dərəcəsini azaltmaqda tərəddüdlu açıqlamaları, ekspertlərində ABŞ-da faiz dərəcələrinin gözləniləndən daha uzun müddət qalacağı fikrini gücləndirmişdir. Həmçinin, neft bazarı iştirakçıları iyun ayının 2-sində baş tutacaq OPEC+ görüşünü gözləyərkən təmkinlə davranmağa üstünlük verməkdədirlər. WTI markalı Amerika xam neftinin iyul fyuçerslərinin qiyməti həftəlik (2,30%), Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə (2,21%) azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə (3,43%) azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 334,50 ABŞ dolları etmişdir. ABŞ-da ötən həftə dərc olunan makroiqtisadi göstəricilərə əsasən iqtisadi aktivliyin gözlənilənin əksinə artmağa meyl etməsi, və bu iqtisadi mühit fonunda ABŞ mərkəzi bankının proqnozlaşdırdığı inflyasiya dinamikasına hələ də nail olmadığı düşüncəsilə sərt pul siyasətinə davam etməkdə olmağı faiz gəliri gətirməyən sərmaye olan qızılın qiymətinə mənfi təsir etməkdədir.